Əsas səhifə | Xəbərlər | Ekologiya fənnindən ixtisaslaşdırılmış tədris otağı yaradıldı
Ekologiya fənnindən ixtisaslaşdırılmış tədris otağı yaradıldı
Fevralın 5-də Kimya və biologiya fakültəsinin Ekologiya kafedrasının ixtisaslaşdırılmış tədris otağının açılışı oldu. Açılışda universitetin rektoru professor Elxan Hüseynov, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov və professor-müəllim heyəti iştirak etdilər.
Nümayəndələr ekologiya fənni üzrə yaradılmış ixtisaslaşdırılmış tədris otağı ilə tanış oldular.
Rektor professor Elxan Hüseynov fənn kabinetinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etdi, bildirdi ki, yaradılan fənn kabineti tələbələrin bilik və bacarıqlarının artırılmasında, onların yüksəkixtisaslı kadr kimi formalaşmasında böyük rol oynayacaq, tədris prosesinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcək.
Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov yaradılan şəraitə görə universitetin rektoru professor Elxan Hüseynova minnətdarlığını bildirdi və qeyd etdi ki, Sumqayıt Dövlət Universiteti uzun müddətdir ki, ölkəmizdə müxtəlif ixtisaslar üzrə kadrların hazırlanmasında öz töhfəsini verməkdədir. Universitetimizdə fəaliyyət göstərən fakültələrin tərkibində olan kafedralarda tələbələrin daha böyük uğur əldə etməsində, savadlı kadr kimi formalaşmasında, müəllimlərin və tədris olunan fənlərin rolu böyükdür. Bununla yanaşı, təhsilin daha mükəmməl mənimsənilməsi üçün dərslərin tədris olunduğu auditoriyaların əlverişli şəraitdə olması vacib şərtlərdəndir. Bunlara misal olaraq əyani vəsaitlərin, məlumatlandırıcı stendlərin olması təhsilin daha mükəmməl öyrənilməsi üçün görülən tədbirlərdəndir. Dekan onu da diqqətə çatdırdı ki, Kimya və biologiya fakültəsinin Ekologiya kafedrası tərəfindən 1310-cu auditoriyada ekologiya fənnindən ixtisaslaşdırılmış tədris otağında 10 stend olmaqla, dünya və Azərbaycanın görkəmli ekoloq alimləri, ekologiya elminin inkişaf tarixi, təbiətdə bioloji dövranı, ölkəmizin ekoloji cəhətdən çirklənmiş ərazilərin xəritəsi, ekoloji təqvim, ətraf mühitin mühafizəsi haqqında qanunları öz əksini tapmışdır. Həmçinin Heydər Əliyev Fondunun vitse- prezidenti, İdeya İctimai Birliyinin sədri Leyla Əliyevanın Ətraf mühitin qorunması ilə bağlı çoxsaylı gördüyü işləri əks etdirən fotoları da yer almışdır.
Ekologiya kafedrasının müdiri dosent Rəhilə Əhmədova, Kimya və biologiya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri professor Əkbər Ağayev çıxış edərək qeyd etdi ki, fakültədə tələbələrimizin təhsilin daha mükəmməl mənimsənilməsi istiqamətində müasir texnologiyalar əsasında geniş imkanlar yaradılıb. Əyani vəsaitlərdən ibarət olan otaq dərs prosesində müəllim və tələbələrin birgə fəaliyyətini gücləndirəcək, onların ekologiya fənni haqqında ümumi biliklərini artıraraq, kifayət qədər informasiya almalarını təmin edəcək.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az