Əsas səhifə | Xəbərlər | Magistrantımız YAP könüllülərinin toplantısında mükafatlandırıldı
Magistrantımız YAP könüllülərinin toplantısında mükafatlandırıldı
Fevralın 21-də YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirildi.
Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini-İcra katibi Əli Əhmədovun, partiyanın İdarə Heyətinin və Siyasi Şurasının üzvlərinin iştirak etdiyi toplantıda əvvəlcə Yeni Azərbaycan Partiyasının könüllülərinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildi.
Sonra çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirdi ki, Azərbaycanın sürətli inkişafı, ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Onun sözlərinə görə, Prezident cənab İlham Əliyevin uğurlu siyasətinin ən mühüm istiqamətlərindən biri cəmiyyətin fəal təbəqəsi olan gənclərin yüksək dövlət qayğısı ilə əhatə olunmasıdır. Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir, başqa sözlə, dünyada nümunə kimi çıxış edir. Öz növbəsində, Azərbaycan gəncləri də ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər. Ən əsası, Azərbaycan gəncləri ölkəmizin milli maraqlarının keşiyində durublar, öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Qeyd etdi ki, ölkəmizdə gənclər siyasətinin səmərəliliyini təmin edən mühüm amillərdən biri könüllülük fəaliyyətinə xüsusi diqqət göstərilməsidir: “Könüllülük insanları vahid məqsəd ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatlardan biridir. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətində könüllülər hərəkatına böyük önəm verilir. Dövlət başçısı tərəfindən 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunması bunun bariz ifadəsidir”.YAP Gənclər Birliyinin sədri partiyanın gənclərinin də könüllülər hərəkatında fəal iştirak etdiyini və çoxsaylı layihələrdə fəal iştirak etdiyini diqqətə çatdırdı. S.Orucov bu prosesdə partiyanın rəhbərliyinin gənc könüllülərə lazımi dəstək verdiyini söylədi.
Tədbirdə həmçinin YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Kamran Abbasov, YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin sədri Turanə Məmmədzadə, YAP Ucar rayon təşkilatı Gənclər Birliyinin sədr müavini İnci Əhmədzadə və YAP Oğuz rayon təşkilatı Gənclər Birliyinin sədri Elşən Alcansoy çıxış edərək, Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunmasının əhəmiyyətini bildirərək, YAP könüllülərinin fəaliyyətindən ətraflı bəhs etdilər.
Sonda YAP-ın könüllüləri müxtəlif nominasiyalar üzrə mükafatlandırıldılar. Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin I kurs magistrantı Nicat Hüseynov YAP Gənclər Birliyi tərəfindən həyata keçirilmiş sosial layihələrdə fəal iştirakına görə təltif olundu.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az