Əsas səhifə | Xəbərlər | SDU onlayn tədris üçün Moodle sistemini aktivləşdirdi
SDU onlayn tədris üçün Moodle sistemini aktivləşdirdi
Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Koronavirusla bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığını nəzərə alaraq, Sumqayıt Dövlət Universitetində tədris olunan dərslər onlayn formada təşkil olunur.
Bu məqsədlə martın 22-də SDU-da Moodle sisteminin fəaliyyəti müzakirə edildi. Rektor professor Elxan Hüseynov çıxış edərək bildirdi ki, bu gün ümümbəşəri bəla, fəlakət ünvanına çevrilən koronavirus (COVİD - 19), demək olar ki, dünyanın ritmini pozub. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin göstərişi ilə virusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər davam etdirilir. Təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb. Baş vermiş bəladan xilas yolları axtarılır, vətəndaşların təhlükəsizliyi üçün mühüm addımlar atılır.
Koronavirusla bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar Sumqayıt Dövlət Universitetində tədris olunan dərslər onlayn formada aparılır. Tətbiq etdiyimiz onlayn təhsil əyani təhsilin alternativi kimi düşünülüb. Müəllim və tələbə arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, qarşılıqlı əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Adı çəkilən təhsilin xarakterik xüsusiyyətlərinə çeviklik, modulluq, iqtisadi səmərəlilik, təhsilin keyfiyyətinə xüsusi nəzarət, müasir texnologiyalardan istifadə və s. aiddir. Rektor məsafədən öyrənmənin tələbələrin boş vaxtlarını səmərəli keçirməsinə xidmət etdiyini qeyd etdi, hazırda rayonlarda və Bakı şəhərində yaşayan tələbələrimizlə onlayn ünsiyyətin zəruruliyini vurğuladı, distant təhsilin inkişafına fokuslanan ERASMUS+LPEB layihəsi çərçivəsində 2016-cı ildə yaradılan Resurs mərkəzinin (Studio) aktivləşdirilməsi məsələsinin aktual olduğunu söylədi və bu istiqamətdə görüləcək işlərlə bağlı tapşırıqlarını verdi. Rektor gigiyenik qaydalara riayət edilməsi məsələsinə də toxundu.
Daha sonra dekanlar tədrisin vəziyyəti ilə bağlı qısa hesabat verdilər. Bildirdilər ki, fakültələrdə bütün dərslər onlayn formada təşkil olunub. Qruplara dekan müavinləri, tütorlar cəlb edilərək ciddi nəzarət olunur. Tələbələr universitetin elektron kitabxanasından səmərəli istifadə edirlər. Yaranmış onlayn qruplarda tələbələr seminar müəllimləri ilə birgə xüsusi saatlar təyin edirlər ki, həmin saatlarda bütün tələbələr onlayn olaraq sorğuda iştirak edirlər. Müəllimlər də öz növbəsində tələbələrin verdikləri cavablara uyğun olaraq qeydlər aparırlar. Dərslərin bu şəkildə təşkil olunması valideyn və tələbələr tərəfindən razılıqla qarşılanır.
Sonda Moodle üzrə SDU-dan məsul şəxs Murad Hüseynli çıxış edərək, sistemin məqsədi, işlədilməsi, komandalar haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, Moodle sistemində işləmək üçün ilkin olaraq qeydiyyatdan keçmək lazımdır. İstifadəçi-müəllim və tələbənin şəxsi kabineti yaradılır. Müəllimlər bölmələrinə uyğun olaraq mühazirələri və dərsə aid digər materialları sistemdə yerləşdirirlər. Beləliklə, material tələbələr üçün əlçatan olur. Hazırda 2500 nəfər qeydiyyatdan keçmişdir. Sistemdə nəinki materiallar, həm də müəllimlər tələbələr üçün, tələbələr də müəllimlər üçün əlçatan olur. Moodle sistemi onlayn dərslər, kurslar, təlimlər keçirmək üçün olduqca faydalıdır. Sistemdə fəaliyyəti təmin etmək üçün Moodle-un işlədilməsinə dair izahlı videolar müəllim və tələbələrin WhatsAplarına göndərilib. Dərslərin bu şəkildə təşkil olunması valideyn və tələbələr tərəfindən razılıqla qarşılanıb. Məlumat üçün bildirək ki, dünyada distant təhsilin, onlayn tədrisin inkişafı üçün istifadə edilən Kanvas və Moodle məşhur sistemlərdir.
Qeyd edək ki, 2019-cu ilin dekabrında Sumqayıt Dövlət Universitetində ERASMUS+PETRA layihəsi çərçivəsində Moodle sistemi yaradılmış, iyun ayında Elektron laboratoriyanın açılışı olmuşdur. Moodle sistemi Finlandiyanın Yuvaskülə Universitetinin professorları tərəfindən keçirilən təlimlər nəticəsində öyrənilmişdir. SDU-dan iki nəfər: Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Beynəlxalq əməkdaşlıq və xarici tələbələr şöbəsinin müdiri t.f.d Samirə Məmmədova Yuvaskülə Universitetində Moodle üzrə təlimlərdə iştirak etmişlər. Bakıda Xəzər Universitetində təşkil edilən təlimlərdə isə SDU-nun İnformasiya Texnologiyaları Mərkəzinin proqramçısı Murad Hüseynli iştirak etmişdir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az