Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində Şuşanın işğal olunmasının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirildi
Sumqayıt Dövlət Universitetində Şuşanın işğal olunmasının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

Mayın 8-də Sumqayıt Dövlət Universitetində Şuşanın işğal olunmasının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Universitetin rektoru Elxan Hüseynov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, əsrlərdən bəri böyük Ermənistan xülyası ilə yaşayan ermənilər Azərbaycan torpaqlarına sahib olmaq, öz məkrli niyyətini həyata keçirmək üçün tarixdə görünməmiş cinayət və vəhşiliklərə, kütləvi qırğınlara, vandalizmə əl atmışlar. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Firudin bəy Köçərli, Nəriman bəy Vəzirov, Xurşudbanu Natavan, Qasım bəy Zakir, Toğrul Nərimanbəyov kimi ziyalılarımızı və tarixi şəxsiyyətlərimizi yetirən Şuşa tarix boyu alınmaz qala olmuşdur.
Rektor vurğuladı ki, Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhəri  1992-ci ilin mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmışdır. Şuşanın işğalı nəticəsində 480 günahsız soydaşımız qətlə yetirilmiş, 600 nəfər yaralanmış, 22 min insan öz yurdundan didərgin düşmüşdür. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilmişdir. Bu siyahıya Xan və Qaxal mağaraları, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
Bu gün ermənilər Azərbaycana məxsus olan bir çox abidələrimizi məhv edib və ya erməniləşdiriblər.
Rektor qeyd etdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və ölkə rəhbəri Prezident cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa edəcək və Azərbaycan bayrağı Şuşada, Xankəndində dalğalanacaqdır.
Tədbirdə universitetin prorektoru, dosent Nizami Namazov çıxış edərək  söylədi ki, düşmənin məkrli, arxalı və hiyləgər olduğunu qeyd etmiş, bu düşmənə qalib gəlmək üçün birliyin, dünyanı öz həqiqətlərimizə yaxınlaşdırmağın vacibliyini diqqətə çatdırmışdır. Artıq Qarabağ problemi bir xalqın problemi çərçivəsindən çıxaraq dünyanın qəlbində demokratiya hissi olan insanların probleminə çevrilmişdir. Prorektor qeyd etdi ki, bu cür tədbirlərin keçirilməsi vacibdir və tarixi yaddaşımızı yeniləyir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az