Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisidir” mövzusunda onlayn elmi-praktik konfrans öz işinə başladı
SDU-da “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisidir” mövzusunda onlayn elmi-praktik konfrans öz işinə başladı
Mayın 9-da Sumqayıt Dövlət Universitetində Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisidir” mövzusunda onlayn elmi-praktik konfrans öz işinə başladı.
Konfransı giriş sözü ilə Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov açaraq bildirdi ki, bu gün ölkəmizin hər yerində ümummilli liderimiz Heydər Əliyevin doğum günü böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Ulu öndərin Azərbaycan xalqı, dövləti və doğma vətənimiz üçün etdiyi mühüm tarixi xidmətlərindən, ümumbəşəri fəaliyyətindən geniş söhbət açılır, xatirəsi əziz tutulur. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və inkişaf yoluna çıxarılmasında Ulu öndər Heydər Əliyevin böyük xidmətlərindən danışan rektor qeyd etdi ki, 1990-cı illərin əvvəllərində, SSRİ-nin süqutu ərəfəsində Azərbaycanda vətəndaş qarşıdurmasının vüsət aldığı, torpaqlarımızın işğal olunduğu, ölkənin daxildən və xaricdən ciddi xaos və anarxiyaya sürükləndiyi, sosial-siyasi böhranın gündən-günə dərinləşdiyi bir vaxtda Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq Moskvadan geri qayıtmış, doğma Vətənində milli vətəndaş birliyinin yaradılması, ölkənin müstəqilliyinin bərpası istiqamətində əsl tarixi missiya həyata keçirmişdir. Həmin illər Azərbaycan Respublikası öz çətin günlərini yaşayırdı. 1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayının 15-dək səriştəsiz rəhbərlərin yarıtmaz fəaliyyəti nəticəsində müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Belə bir ağır və mürəkkəb dövrdə dahi şəxsiyyət Heydər Əliyev xalqın çağırışına səs vermiş, onun tələbi və dəstəyi ilə yenidən ölkə rəhbərliyinə qayıtmış və xüsusi qurtuluş missiyası həyata keçirərək, milli dövlətçiliyin xilaskarına çevrilmişdir. Beləliklə, Ulu öndər 1993-cü ildən ömrünün sonuna qədər, yəni 2003-cü ilədək memarı və qurucusu olduğu müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmişdir. Rəhbərliyinin hər iki dövründə dahi rəhbər Azərbaycanın daxili və xarici siyasətinin, dövlət idarəçiliyinin, yeni iqtisadi, siyasi və sosial münasibətlərin, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsaslarını formalaşdırmış, ölkəni güclü elmi-texniki potensiala malik, dinamik inkişaf edən sənaye dövlətinə çevirmiş, onun sosial-iqtisadi və mədəni tərəqqisini təmin etmiş, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması, sağlam və intellektual gənc nəslin yetişdirilməsi istiqamətində misilsiz nailiyyətlər qazanmışdır. Bütün sahələr üzrə ölkənin inkişaf strategiyası hazırlanmış və həyata keçirilmişdir. Heydər Əliyev bu mərhələdə həlledici tarixi xidmət və uğurlu fəaliyyət göstərərək, həm də müstəqil Azərbaycan dövlətinin banisinə çevrilmişdir. Rektor Heydər Əliyevin milli dövlətçiliyimizin formalaşmasında, möhkəmləndirilməsində və inkişafında misilsiz fəaliyyətindən bəhs etdi, dahi şəxsiyyətin irsinin hələ bundan sonra da uzun illər öyrəniləcəyini, gələcək nəsillər üçün örnək olaraq qalacağını bildirdi. Qeyd etdi ki, bu gün dahi liderin müəyyən etdiyi siyasi yolla inkişaf edən müstəqil Azərbaycanımız, inanırıq ki, bundan sonra da Prezident cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük nailiyyətlər əldə edəcəkdir. Bu gün dünya koronavirus pandemiyasının yaratdığı problemlər, böhranlar ilə üz-üzə qalıb. COVID-19 pandemiyası ən inkişaf etmiş ölkələri belə çətin və acınacaqlı vəziyyətə salıb. Bəşəriyyəti lərzəyə salan bu bəla Azərbaycandan da yan keçmədi. Belə bir ağır, fövqəladə vəziyyətdə Prezident cənab İlham Əliyevin verdiyi düzgün qərarlar, qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atıldı. Dövlətimizin bütün imkanları epidemiyanın qarşısının alınmasına və fəsadların aradan qaldırılmasına yönəldildi. Məktəblərdə təhsilin dayandırılması, sərhədlərin vaxtında bağlanması, müasir tipli yeni xəstəxananın istifadəyə verilməsi, lazımi tibbi avadanlıqların ölkəyə gətirilməsi, aztəminatlı ailələrə sosial müavinət və yardımların ayrılması, ən əsası isə, mənəvi dəstək, "Biz birlikdə güclüyük!” kimi müdrik çağırış bu vəziyyətdən ən az itki ilə çıxmağımıza səbəb oldu. Görülən bütün bu işlər sübut etdi ki, Prezident cənab İlham Əliyev hər şeydən çox, xalqın sağlamlığını düşündü. O, öz fəaliyyəti ilə ümummilli liderin başladığı işi davam etdirməyə qadir olduğunu bir daha sübut etdi.
Rektor onu da bildirdi ki, ölkə başçısı İlham Əliyevlə bərabər, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində də Azərbaycan təhsilinin tərəqqisi xüsusi yer tutur. Başda Mehriban xanım olmaqla, Heydər Əliyev Fondunun karantin dövründə yüz minlərlə aztəminatlı ailələrə ərzaq yardımı etməsi Ulu öndərin adını daşıyan fondun hər bir azərbaycan vətəndaşının yanında olduğunu bir daha sübut etdi.
Sonra Tarix və coğrafiya fakültəsinin dekanı, Əməkdar müəllim professor Adil Baxşəliyev “Heydər Əliyevin həyatı və dövlətçilik fəaliyyəti” mövzusunda ətraflı çıxış etdi. Bildirdi ki, Ulu öndərin uzaqgörən müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan dünya xalqları içərisində inkişaf etmiş dövlətlərin sırasında öz layiqli yerini tutmaq, tərəqqi etmiş ölkələr sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə irəliləmişdir. Qısa müddətdə Azərbaycanın beynəlxalq imici dəyişmiş, ölkəmiz dünyanın siyasi və iqtisadi arenasının fəal subyektlərindən birinə çevrilmişdir. Bütün ölkədaxili, regional və coğrafi-siyasi maneələrə baxmayaraq, Azərbaycan dövlət quruculuğu və iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər əldə etmişdir. Məhz Heydər Əliyevin hakimiyyəti dövründə ölkədə siyasi plüralizm yaranmış, cəmiyyət əsl demokratiya yolu ilə inkişaf yoluna çıxmışdır.
Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova “Heydər Əliyevin elm, təhsil və mədəniyyət sahəsində uğurlu dövlət siyasəti” mövzusunda çıxış etdi. Bildirdi ki, təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib sahədir. Ulu öndər təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirirdi. Ulu öndərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir. Ulu öndər elm və təhsilə xüsusi həssaslıqla yanaşmış, bu sahəyə daim qayğı göstərmişdir. İlk gündən sovet rejiminin bütün ideoloji-siyasi baryerlərinə sinə gərən, cəmiyyəti bütün istiqamətlərdə yüksəlişə aparan dahi şəxsiyyət hər bir azərbaycanlının yüksək təhsil almasını, elmi yenilikləri mənimsəməsini də son dərəcədə vacib amil hesab edirdi. Ali və оrta ixtisas təhsili məsələləri də Ulu öndərin daim diqqət mərkəzində оlmuşdur. 1969-cu illə müqayisədə 1982-ci ildə respublikada ali təhsil оcaqlarının sayı 12-dən 17-yə, tələbələrin sayı 70 mindən 100 minə yüksəlmişdir. Müdrik rəhbər respublikanın ehtiyacı оlan ixtisaslar üzrə Azərbaycandan kənarda ali təhsilə də xüsusi önəm vermişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra təhsilimizin milli əsaslar üzərində yenidən qurulması, əsl inkişafa qovuşması da məhz Heydər Əliyev tərəfindən gerçəkləşdi. Müstəqillik illərində də ümummilli lider tərəfindən ali təhsilin inkişafı ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev “Heydər Əliyev Fondunun fəaliyyəti Ulu öndərin xidmətlərinin təqdimatında” mövzusunda çıxış edərək bildirdi ki, fəaliyyətində dahi şəxsiyyət Heydər Əliyev ideyalarına əsaslanan, elm və təhsil, səhiyyə, mədəniyyət, sosial, idman, İKT, ətraf mühitin qorunması və digər sahələrdə həyata keçirilən önəmli layihələrlə mühüm nailiyyətlərə imza atan, Azərbaycanda, regionda, eləcə də bütün dünyada böyük rəğbət qazanan Heydər Əliyev Fondunun fəaliyyətə başlamasından 16 il ötür. Ulu öndərin zəngin mənəvi irsini, onun azərbaycançılıq ideyalarını gənc nəsillərə aşılamaq, ümummilli liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edir. Nemət İbayev onu da qeyd etdi ki, Ulu öndərin tarixi xidmətlərini hər zaman böyük minnətdarlıqla xatırlayan xalqımız Heydər Əliyev ideyalarını ölkəmizin gələcək inkişafının təminatçısı kimi qəbul edir və ümummilli liderin müəyyənləşdirdiyi yolu dəstəkləyir.
Biznesin təşkili və menecment kafedrasının dosenti Təranə Əhmədova “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”, Filologiya fakültəsinin III kurs tələbəsi Aynur Əliyeva “Heydər Əliyev və azərbaycançılıq ideologiyası”, Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Sona Məhərrəmova “Azərbaycan Dövlətçiliyi ənənəsində varislik – İlham Əliyev” mövzularında çıxış etdilər, ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin memarı olduğunu diqqətə çatdıraraq, dahi şəxsiyyətin misilsiz xidmətlərindən danışdılar. Bildirdilər ki, müasir Azərbaycan dövlətinin qurulması və inkişaf etdirilməsi, azərbaycançılıq məfkurəsinin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, ölkəmizin iqtisadi tərəqqisi və digər sahələrdə həyata keçirilən nəhəng işlərin bünövrəsi məhz böyük dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu xidmətləri sayəsində Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə möhtəşəm abidə ucaltmışdır.
Daha sonra Kimya və biologiya fakültəsinin tələbəsi Elnarə Mehdizadənin ifasında Ulu öndərə həsr olunmuş şeir səsləndirildi.
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az