Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “COVID-19 və insan psixologiyası” mövzusunda maarifləndirici onlayn tədbir keçirildi
SDU-da “COVID-19 və insan psixologiyası” mövzusunda maarifləndirici onlayn tədbir keçirildi
Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçlığı və Filologiya fakültəsinin Pedaqogika və psixologiya kafedrasının dəstəyi ilə “Psixologiya günü”nə həsr olunmuş “COVID-19 və insan psixologiyası” mövzusunda maarifləndirici onlayn tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Tələbə Gənclər Təşkilatının sədri Tayfun Hacılı açaraq bildirdi ki, hamıya məlum olduğu kimi, artıq 3 aya yaxındır, insanlarımızın sağlamlığının qorunması, koronavirus bəlasından uzaq olmaq üçün Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarı ilə təhsil müəssisələri aktiv fəaliyyətlərini dayandırıblar. Yeni tipli pnevmoniya – COVİD-19 virusu 2019-cu ilin dekabr ayının ortalarında Çinin Uhan şəhərində aşkar olundu. Koronavirus pandemiyası bütün dünyanı cənginə alıb, insanların yaşayış tərzini, sosial-məişət problemlərini tamamilə yeni bir məcraya yönəltdi, işini, fəaliyyətini gözlənilməz təsirlərə məruz qoydu. Başımızın üstünü alan bəlanın qəfil gəlişi cəmiyyət həyatının bütün sahələrini əhatə etdi. “Evdə qal” devizi dövrün şüarına çevrildi, insanların sosial izolyasiyası vacib şərt kimi qiymətləndirildi. Lakin buna baxmayaraq, müəllimlərimizin səyi nəticəsində onlayn qaydada təhsilimizi davam etdirdik. Bugün “WhatsApp”, “Zoom”, “Moodle”, “Microsoft Teams” sistemləri ilə dərslərimizi məsafədən davam etdiririk.
Tələbə Gənclər Təşkilatı tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün də günün tələbinə uyğun olaraq böyük işlər görür. Elə bu istiqamətdə təşkilat Təhsil Nazirliyinin təşəbbüsü ilə “Evdə qal, təhsildən qalma” layihəsi çərçivəsində Sumqayıt Dövlət Universitetinin tələbələri arasında onlayn formatda intellektual oyun keçirdi. Oyunda 7 fakültənin komandası iştirak etdi. Bundan əlavə, universitetin tələbələri və müxtəlif fakültələrin müəllim heyəti tərəfindən “Evdə qal” kompaniyasına aid videoçarx çəkilmiş və sosial şəbəkələrdə paylaşılmışdır. Bütün bunlarla yanaşı, tələbələrin asudə vaxtlarının daha səmərəli keçməsi üçün Tələbə Gənclər Təşkilatı, Tələbə Gənclər Klubu “Evdə qal” aksiyasına könüllü qoşularaq, fəaliyyətlərini onlayn formada davam etdirir, görüşlər təşkil edir. Təşkilatın üzvləri onlayn psixologiya dərnəyi, intellektual oyun, kitab klubu, ingilis dilində danışanlar klubu, rəsm klubu ilə keçirdikləri görüşlərlə birliklərini, əzmkarlıqlarını nümayiş etdirmiş olurlar.
Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova çıxış edərək bildirdi ki, bəşəriyyətin başı üzərini almış koronavirus kabusu tüğyan etməkdədir. Dünyanın əksər ölkələrini çətin vəziyyətə salmış, ağır itkilərə məruz qoymuş bu təhlükəli virus sanki hamıya meydan oxuyur. Bütün ölkələr iqtisadi tənəzzülə məruz qaldı, çoxlu sayda insan tələfatı ilə üzləşdi, iş yerləri itirildi, əhali ciddi çətinliklərlə qarşı-qarşıya qaldı. Azərbaycan da dünyanın bir parçası olduğundan bu kabusun fəsadlarından yan keçə bilmədi. Ancaq bizim ölkəmiz dünyanın böyük dövlətləri: ABŞ, İtaliya, İran, İspaniya, Çin, Almaniya və digərləri ilə müqayisədə pandemiyadan az itki ilə çıxmağı bacarır. Bunun əsas səbəbi dövlət başçımızın düşünülmüş siyasi kursu və insan amilinə verdiyi yüksək dəyərdir. Dünyada koronavirus (COVİD-19) infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsinin müşahidə olunduğu dövrdə Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ölkə başçısının diqqət mərkəzindədir. Prezident cənab İlham Əliyevin uzaqgörənliyi, baş verənlərə dərhal ciddi reaksiya verməsi, qısa vaxtda gördüyü işlər bir sıra dövlətlər üçün nümunəyə çevrildi. Vətəndaş olaraq biz də həyata keçirilən tədbirlərə qoşulmalı, öhdəmizə düşən vəzifələri yerinə yetirməliyik.
Pedaqogika və psixologiya kafedrasının dosentləri: Ceyhun Məmmədov “COVID-19 dünyada davranış modelləri”, Sevər Mirzəyeva “Pandemiyanın insanın psixoloji sağlamlığına təsiri”, Ayna Hacıyeva “Pandemiyanın şəxsiyyətə sosial-psixoloji təsiri”, Şahnaz Quliyeva “COVID-19-la bağlı informasiyaların insanların davranış və münasibətlərinə təsirinin psixoloji məsələləri” mövzularında çıxış edərək, koronavirusa görə yaranmış psixoloji gərginliklə necə mübarizə aparma yolları və pandemiyanın insan psixologiyasına təsiri barədə məlumat verdilər. Bildirdilər ki, hər zaman pandemiya onu yaşayan cəmiyyətin hər bir üzvü üçün stresdir. Belə gərgin durum istər-istəməz insanların psixologiyasına mənfi təsir edir. İnsanların psixoloji durumu fərqli olduğuna görə onların bu cür situasiyalara reaksiyası da müxtəlif olur. Belə dövrlərdə insanlar əsasən iki psixoloji qrupa bölünür: virusdan qorxanlar və onun varlığını inkar edənlər. İstər birinci, istərsə də ikinci psixoloji hal insanın davranışına təsir edir. Natiqlər çıxışlarında onu da vurğuladılar ki, dünya üzrə statistikanın təhlili göstərir ki, hansı ölkədə vətəndaşlar problemin məsuliyyətini dərk edib, karantin qaydalarına daha çox riayət edirsə, o ölkələrdə xəstə və yoluxma sayı da azalır. Belə bir vəziyyətdə ən yaxşı psixoloji mübarizənin maarifləndirmə olduğunu qeyd edən natiqlər ölkəmizdə bununla bağlı kifayət qədər tədbirlər görüldüyünü bildirdilər.
Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva çıxış edərək bildirdi ki, bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident cənab İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır.
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov çıxış edərək, tədbirin keçirilməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirdi. Qabaqlayıcı tədbirlərin ən mühüm istiqaməti kimi təhlükəli virusun yayılmasının qarşısının alınması məqsədilə aparılan maarifləndirici tədbirlərin əhəmiyyətini vurğuladı. Bildirdi ki, bu prosesdə bütün cəmiyyət üzvləri, təhsil işçiləri, həkimlər, ziyalıların iştirakı, səyləri öz müsbət təsirini göstərməkdədir. Artıq bir müddətdir ki, bütün dünya ölkələri koronavirus pandemiyası təhlükəsinin nəticələri və onun yayılmasının qarşısının alınması məqsədilə genişmiqyaslı, təxirəsalınmaz addımlar atır. Dünyada dərin iqtisadi və maliyyə böhranı yaradan pandemiyanın ağır fəsadlarının qarşısını almaq üçün ölkəmiz də sistemli və vacib tədbirlərlə tam səfərbər olub. Prezident cənab İlham Əliyevin uzaqgörənliyi, proseslərə dərhal ciddi reaksiya verməsi, onun rəhbərliyi ilə atılan bütün vacib addımlar digər ölkələr üçün nümunəyə çevrilmişdir.
Prorektor onu da qeyd etdi ki, ölkəmizin dünyada ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi dünyada Azərbaycana olan etimaddan və onun beynəlxalq nüfuzunun artmasından xəbər verir. Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir. Hələ 2019-cu ilin əvvəllərindən ölkə başçısı tərəfindən ortaya qoyulmuş sosial paketlərin davamı kimi və pandemiya dövründə sosial müdafiəyə ehtiyacı olan insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə sahibkarlara, aztəminatlı ailələrə yardım göstərilməsi, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə sosial paketlər təqdirəlayiqdir. Elə buna görədir ki, vətəndaşlar koronavirusla mübarizədə dövlət başçısının atdığı addımları yüksək qiymətləndirir, sadə insanların, sosial müdafiəyə ehtiyacı olan təbəqənin, eləcə də kiçik və orta sahibkarların dövlət tərəfindən dəstəklənməsini məmnunluqla qarşılayırlar.
Sonda çıxışlar ətrafında geniş onlayn fikir mübadiləsi aparıldı, koronavirusla mübarizənin gücləndirilməsi və maarifləndirmə işlərinin genişləndirilməsinə dair bir sıra təkliflər səsləndirildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az