Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti onlayn iclası keçirildi
Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti onlayn iclası keçirildi
Mayın 21-də Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti onlayn iclası keçirildi.
Rektor professor Elxan Hüseynov iclas iştirakçılarını salamlayaraq, koronavirus pandemiyası ilə mübarizədə Prezident cənab İlham Əliyevin uzaqgörənliyi, baş verənlərə dərhal ciddi reaksiya verməsi sayəsində respublikada vəziyyətin nəzarət altına alındığını, virusa yoluxanların sayının gündən-günə azaldığını bildirdi. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldığını, Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırıldığını və ölkə üzrə bütün kütləvi tədbirlərin təxirə salındığını qeyd etdi. Belə bir ağır, fövqəladə vəziyyətdə Prezident cənab İlham Əliyevin verdiyi düzgün qərarlar, qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atıldı. Dövlətimizin bütün imkanları epidemiyanın qarşısının alınmasına və fəsadların aradan qaldırılmasına yönəldildi. Məktəblərdə təhsilin dayandırılması, sərhədlərin vaxtında bağlanması, müasir tipli yeni xəstəxananın istifadəyə verilməsi, lazımi tibbi avadanlıqların ölkəyə gətirilməsi, aztəminatlı ailələrə sosial müavinət və yardımların ayrılması, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqlarının ödənilməsi, ən əsası isə, mənəvi dəstək, "Biz birlikdə güclüyük!” kimi müdrik çağırış bu vəziyyətdən ən az itki ilə çıxmağımıza səbəb oldu. Görülən bütün bu işlər sübut etdi ki, Prezident cənab İlham Əliyev hər şeydən çox, xalqın sağlamlığını düşünür. O, öz fəaliyyəti ilə ümummilli liderin başladığı işi davam etdirməyə qadir olduğunu bir daha sübut etdi. Ölkə başçısı İlham Əliyevlə bərabər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində də Azərbaycan təhsilinin tərəqqisi xüsusi yer tutur. Başda Mehriban xanım olmaqla Heydər Əliyev Fondunun karantin dövründə yüz minlərlə aztəminatlı ailələrə ərzaq yardımı etməsi Ulu öndərin adını daşıyan fondun hər bir azərbaycan vətəndaşının yanında olduğunu bir daha sübut etdi. Respublikamızda görülən işlərin davamı olaraq karantin dövründə Sumqayıt Dövlət Universitetinin bütün kollektivi də həmişə olduğu kimi, möhtərəm Prezidentimizin daim yanında olduğunu əməli işləri ilə göstərdi. Professor-müəllim heyəti həm “Evdə qal!” çağırışına qoşuldu, həm də tələbələrə müxtəlif proqramlardan istifadə edərək, məsafədən tədrisi davam etdirdi. Rektor professor Elxan Hüseynov tədrisin gedişatına toxunaraq bildirdi ki, koronavirusla mübarizə ilə bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığı nəzərə alınaraq, Təhsil Nazirliyinin göstəriş və tövsiyələrinə uyğun olaraq, Sumqayıt Dövlət Universitetində tədris prosesinin onlayn formada “WhatsApp” mesajlaşma mübadilə sistemindən, “Zoom” onlayn konfransların keçirilməsi proqramından və “Microsoft Teams” platformasından, oflayn formada isə distant təhsilin təşkil edilməsi üçün nəzərdə tutulmuş “Moodle” sistemindən və “WhatsApp”dan istifadə olunmaqla tədris prosesi təşkil olunmuşdur.
Rektor Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərara dəyişikliklər edildiyini bildirdi. Həmin dəyişikliklərdən irəli gələn tələbləri şura üzvlərinin diqqətinə çatdırdı. Bildirdi ki, 2019―2020-ci tədris ilinin yaz semestrinin onlayn rejimdə təşkili nəzərə alınaraq, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılaraq, lazımi tədbirlərin görülməsi məqsədilə sessiya başlamazdan öncə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub.
Gündəlikdə duran məsələlərlə bağlı Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov 2019―2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti və koronavirus pandemiyası ilə əlaqədar dövlət attestasiyasının və imtahan sessiyasının keçirilməsində həyata keçiriləcək dəyişikliklər barədə məlumat verərək bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” 2020-ci il 18 may tarixli 179 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bir sıra qərarlarına dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərdən irəli gələn tələbləri şura üzvlərinin diqqətinə çatdırdı. Bildirdi ki, bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə―ÜOMG) uyğun olaraq, yekun attestasiyadan keçmiş hesab olunurlar. ÜOMG-yə uyğun olaraq çıxarılmış yekun dövlət attestasiyasının nəticələri ilə razılaşmayan tələbələr üçün ixtisas üzrə dövlət imtahanı təşkil edilir. Bakalavriat səviyyəsində müəyyən ixtisaslar üzrə təhsilalanlara yalnız buraxılış işinin yerinə yetirilməsi tələbi qoyulduğu halda tələbələr buraxılış işini (kağız daşıyıcı və ya elektron formada) ali təhsil müəssisəsinə təqdim etməlidir. Buraxılış işinin məzmununa, yazılmasına və müdafiəsinə (onlayn və ya ənənəvi) qoyulan tələblər ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyənləşdirilir. İxtisas üzrə yekun dövlət attestasiyasının hər iki forması (buraxılış işinin müdafiəsi və ya buraxılış yekun dövlət imtahanı) nəzərdə tutulduğu halda yekun dövlət attestasiyanın forması tələbənin istəyi əsasında 1-ci və ya 2-ci bəndlərdə göstərilən şəkildə aparılır. Magistratura səviyyəsində magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılır. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə (kağız daşıyıcıda şəxsən və ya poçt vasitəsilə) və müdafiəsinə (onlayn və ya ənənəvi) qoyulan tələblər ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyənləşdirilir. Magistrlik dissertasiyasının müdafiəsi ilə yekunlaşmayan ixtisaslar (MBA) üzrə tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr ÜOMG-yə uyğun olaraq, yekun dövlət attestasiyadan keçmiş hesab olunur. ÜOMG-yə uyğun olaraq çıxarılmış yekun dövlət attestasiyanın nəticələri ilə razılaşmayan tələbələr üçün ixtisas üzrə dövlət imtahanı təşkil edilir. Bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi qaydaları ali təhsil müəssisəsələri tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir. Bütün hallarda tələbələrin cari (aparılıb-aparılmamasından asılı olmayaraq) və aralıq qiymətləndirilməsinin ümumi nəticələri 100 ballıq sistemlə aparılır. Tələbələrin istəyi və müraciətləri olduğu halda ( müraciətlər iyun ayının 5-nə qədər qəbul olunur) cari ilin avqust ayı ərzində (3-4 həftə müddətində) təhsil müəssisələri tərəfindən icmal mühazirələr (ödənişsiz əsaslarla) təşkil olunmalıdır. 1-6 bəndlərdə göstərilən şəkildə təşkil olunmuş attestasiyalarda (yekun attestasiya və aralıq qiymətləndirmə) iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət almış tələbələr üçün (avqust-sentyabr aylarında) növbəti semestr başlayana qədər imtahan sessiyası təşkil olunmalıdır. Əlavə olaraq tələbə hər bir semestrdə fənni (fənləri) dinləmədən akademik borcu əvvəlki semestrdə (semestrlərdə) yaranmış iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) də imtahanda iştirak edə bilər. Bütün halllarda imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin (aparıldığı halda) nəticələri nəzərə alınır və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid edilir. Təkrar imtahan üçün ödəniş tələb olunmur. Yaz semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısı sentyabr ayında 2020―2021-ci tədris ili başlayanadək növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilir. Bununla yanaşı, onu da diqqətə çatdırdı ki, imtahan sessiyası və ixtisaslar üzrə yekun dövlət attestasiyasının təşkili zamanı “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə (əlavə olunur) riayət olunması mütləqdir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirlər barədə Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov ətraflı məlumat verərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında 6 fevral 2020-ci il tarixli 1801 nömrəli Sərəncam imzalamışdır. Sərəncama uyğun tədbirlər planının təsdiq edilməsi ilə bağlı Azərbaycan RespublikasınınTəhsil naziri 18.05.2020-ci il tarixli F-238 nömrəli əmr vermişdir. Sərəncama uyğun olaraq, Sumqayıt Dövlət Universitetində ADNSU-nun 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər planı əsas götürülərək, Tədbirlər planı hazırlanıb. Hər birimizə məlumdur ki, uzun illər Sumqayıt Dövlət Universiteti indiki ADNSU-nun filialı kimi fəaliyyətə başlamışdır. Dosent Ramiz Hüseynov SDU-nun professor-müəllim heyəti adından Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kollektivini 100 illik yubiley münasibətilə təbrik etdi. Prorektor SDU-nun fakültələrində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi münasibətilə tədbirlərin və elmi-praktik konfransların keçirilməsi, SDU-nun Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev məktəbinin məşğələlərindən birinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinə həsr olunması, SDU-nun tələbələrindən ibarət komandanın yubileylə bağlı universitetlərarası idman yarışlarında iştirakının təmin olunması, yubiley münasibətilə ali təhsil müəssisələrinin tələbələri arasında keçiriləcək futzal üzrə respublika birinciliyində SDU-nun komandasının iştirakının təmin olunması, yubiley münasibətilə keçirilən ADNSU-nun məzunlarının Forumunda Sumqayıt Dövlət Universitetində çalışan məzunlardan ibarət nümayəndə heyətinin iştirakının təmin olunması, ADNSU-nun 100 illiyi ilə bağlı Rusiya–Azərbaycan Universitetləri Assosiasiyasının Rusiya tərəfindən üzv universitetlərinin məlumatlandırılması, yubiley tədbirində SDU nümayəndə heyətinin iştirakı, yubileylə bağlı ünvan və xatirə hədiyyəsinin hazırlanması, yubileylə bağlı tədbirlər planına uyğun görülmüş işlərin KİV-də işıqlandırılması, cari ilin sonunda görülmüş işlərlə bağlı Təhsil Nazirliyinə hesabat verilməsi nəzərdə tutulduğunu bildirdi.
Cari məsələlər barədə Elmi katib professor Muxtar Səmədov məlumat verdi. Qeyd etdi ki, Elmi Şuraya nəşr hüququ (qrif) verilməsi üçün bir manaqrafiya, iyirmi beş fənn proqramı daxil olub və müvafiq kafedralarda, fakültə Elmi Şuralarında, TMŞ-də və Redaksiya Şurasında baxıldıqdan sonra müsbət rəylə universitetin Elmi Şurasına təqdim olunub.
Aparılan müzakirələrdən sonra təqdim olunan tədris vəsaitlərinin nəşr olunmasına qərar verildi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az