Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız beynəlxalq vebinarlarda iştirak etdilər
Əməkdaşlarımız beynəlxalq vebinarlarda iştirak etdilər
Mayın 13-dən 20-dək ölkəmizdə fəaliyyət göstərən Britaniya Şürası British Council təşkilatının təşəbbüsü ilə “Universitetlərin gələcəyi: bizə kampus lazımdırmı və ya universitetlərin gələcək vəzifələri nədən ibarət olacaq?” və “Universitetlər üçün onlayn qiymətləndirmənin gələcəyi nədir?” mövzularında vebinarlar keçirilmişdir.
Vebinarlarda Sumqayıt Dövlət Universitetinin əməkdaşları: Filologiya fakültəsinin Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova, Tarix və coğrafiya fakültəsinin baş müəllimi Sarvan Bədəlov, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin əməkdaşları: Nigar Məmmədova və Natavan Quliyeva iştirak etdilər.
Birinci vebinarı British Council-in Qlobal Qiymətləndirmə Həlləri üzrə meneceri Dr. Victoria Clark idarə edirdi. İki günlük vebinarın məruzəçiləri: Türkiyə İzmir Texnologiya İnstitutunun rektoru prof. Yusuf Baran, Böyük Britaniya London Universitetinin Təhsil, İnnovasiya və İnkişaf Mərkəzinin direktoru Sam Brenton, Anglia Raskin Universitetinin prorektoru prof. Roderik Votkins, Açıq İsrail Universitetinin İdarəetmə və iqtisadiyyat şöbəsinin müdiri prof. Yoram Kalman oldu. Qeyd edildi ki, COVID -19 insanların həyatında bir çox hallarda müəyyən durğunluq və çaşqınlıq yaratdığı kimi, dünya universitetlərinə də öz təsirini göstərdi. Buna baxmayaraq, məhz təhsil ocaqları və xüsusilə də ali təhsil müəssisələri bu situasiyada öz çevikliyini nümayiş etdirdi. Bir sıra universitetlər onlayn təhsilə hazır idi və asanlıqla keçid aldı, çünki illər boyu məsafədən təhsil formasını həyata keçirmişlər. Lakin elə təhsil müəssisələri də var ki, bu platformanı qısa müddət ərzində quraşdırmalı və öz müəllim və tələbə kontingentini dərs prosesinə cəlb etməli idi. Bu gözlənilməz vəziyyətdə yeni yanaşmaların universitetlər tərəfindən qəbul edilməsi və onlayn təlimin qurulması işləri ilə bağlı suallar qaldırıldı. Postpandemiya erasında təhsilin bərpasının kampuslara necə təsir göstərəcəyi, kampuslarda, yoxsa evdə təhsilin daha səmərəli olması müzakirə olundu. Belə yekun qərara gəlindi ki, postpandemiya erasında müəllimlər onlayn təhsil müddətində qazandığı vərdişləri itirməsin deyə, həm onlayn həm də real təhsil sistemini birlikdə aparsınlar.
“Universitetlər üçün onlayn qiymətləndirmənin gələcəyi nədir?” mövzusunda keçirilən ikinci vebinarda onlayn qiymətləndirmə imkanları müzakirə edildi. Bildirildi ki, bu daha çox yeniliyə imkan verir. Eyni zamanda texnologiyaya çıxış problemləri, eləcə də məlumat bütövlüyü və test təhlükəsizliyi ilə bağlı problemlər ətrafında da fikir mübadiləsi aparıldı. Texnologiyanı inkişaf etdirmiş qiymətləndirmənin həm tədrisə, həm də öyrənməyə təsirinin nələrdən ibarət olduğu da nəzərdən keçirildi. Məruzəçilərə xeyli sayda suallar verildi və müxtəlif səpkili rəylər yazıldı. İştirakçılarımız da vebinar haqqında bir sıra fikirlər söylədilər. Onlar vebinarın keçirilməsinin geniş müzakirə formasında faydalı olduğunu bildirdilər.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az