Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Mühəndislik fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 28 May―Respublika Gününə həsr olunmuş onlayn tədbir keçirildi
Mühəndislik fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 28 May―Respublika Gününə həsr olunmuş onlayn tədbir keçirildi
Mayın 26-da Mühəndislik fakültəsində 28 May―Respublika Gününə həsr olunmuş onlayn tədbir keçirildi.
Tədbiri giriş sözü ilə fakültənin dekanı dosent Ulduz Ağayev açaraq, 28 May―Respublika Günü münasibətilə kollektivi və tələbələri təbrik etdi, müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötdüyünü qeyd etdi. Bildirdi ki, xalqımız bu günü böyük təntənə ilə qeyd edir. Çünki həmin gün 1918-ci il mayın 28-də Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxdı. 1918-ci il mayın 28-də “İstiqlal Bəyannaməsi”ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edildi. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən özünün 23 aylıq fəaliyyəti dövründə mühüm qərarlar qəbul etdi, genişmiqyaslı islahatlar apardı. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının həm xalqımız üçün, həm də dünya miqyasında çox böyük tarixi əhəmiyyəti var idi. Xalqımız üçün ona görə əhəmiyyətli idi ki, əsrlər boyu arzuladığı müstəqilliyə qovuşmuşdu. Cümhuriyyət cəmi 23 ay fəaliyyət göstərsə də, məhz 70 illik sovet əsarətindən sonra 1991-ci ildə Azərbaycan yenidən müstəqillik qazandı və özünün dövlətçilik tarixinə yeni bir şanlı səhifə əlavə etmiş oldu. Dekan onu da vurğuladı ki, hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Qazanılmış müstəqilliyi qoruyub-saxlamaq gələcəyimiz olan gənclərin üzərinə düşür. Dekan bu yolda hər bir gəncə uğurlar arzuladı. Onu da vurğuladı ki, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil dövlətimizə beynəlxalq səviyyədə verilən yüksək dəyər onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edən Azərbaycan dövləti hazırda beynəlxalq arenada nəinki özünün, strateji müttəfiqlərinin maraqlarını da müdafiə etmək gücündə və iqtidarındadır. Prezident cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirildiyini nəzərə alaraq, 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi. Bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin açdığı yolla qətiyyətlə addımlayır və mövcud iqtidarın vahid birliyi nəticəsində ümummilli liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir.
Tədbirdə dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operasının uvertürası səsləndirildi. Fakültənin 620-ci qrup tələbələri: Günay Əhmədova, Nuranə Əhmədova, 623 saylı qrup tələbəsi Pakizə Mütəllimova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, dövrün uzaqgörən siyasi xadimləri haqqında məlumat verdilər. Azərbaycanın Milli Ordusunun yaradılmasından, Azərbaycan dilinin dövlət dili elan edilməsindən, üçrəngli – göy, qırmızı, yaşıl bayrağımızın yaradılmasından, Türk-müsəlman Şərqində ilk dəfə bizim ölkəmizdə qadınlara seçib-seçilmək hüququ verilməsindən bəhs etdilər. Bildirdilər ki, Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub-saxlaya bildi. 1991-ci ildə Azərbaycan xalqı müstəqilliyini əldə etdi. Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olaraq onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Azərbaycan 71 ildən sonra yenidən öz azadlığına qovuşdu və ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz əbədi və dönməz xarakter aldı.
615-ci qrup tələbəsi Günay İsgəndərovanın ifasında “Müstəqillik bayramı” şeiri tədbir iştirakçılarına qürur, fərəh, heyrət dolu unudulmaz anlar yaşatdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az