Əsas səhifə | Xəbərlər | SDU-da “Ekologiya və həyat fəaliyyətinin mühafizəsi: nailiyyətlər və problemlər” mövzusunda onlayn formatında Respublika elmi konfrans keçirildi
SDU-da “Ekologiya və həyat fəaliyyətinin mühafizəsi: nailiyyətlər və problemlər” mövzusunda onlayn formatında Respublika elmi konfrans keçirildi
İyunun 5-də Sumqayıt Dövlət Universitetində “Ekologiya və həyat fəaliyyətinin mühafizəsi: nailiyyətlər və problemlər” mövzusunda onlayn formatında Respublika elmi konfransı keçirildi.
Konfransı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq, tədbir iştirakçılarını salamladı və xüsusilə kənar təşkilatlardan konfransa qoşulan qonaqları, o cümlədən SOCAR Ekologiya idarəsinin Elm və texnika üzrə rəis müavini professor Əflatun Həsənovu, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyevi, Sumqayıt şəhər 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Mübariz Vəliyevi, Mikrobiologiya İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor Pənah Muradovu, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı professor Nazim Şamilovu iştirakçılara təqdim etdi.
Rektor konfransın əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi və təbii sərvətlərdən səmərəli istifadəsi ölkədə aparılan sosial islahatların mühüm tərkib hissələrindən biridir. Azərbaycanda ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər ötən əsrin 70-ci illərindən etibarən daha intensiv xarakter aldı. Ümummilli liderimizin rəhbərliyi ilə bu dövrdə ekoloji problemlərin həlli sahəsində mühüm qərarlar qəbul edildi, ictimaiyyətin diqqəti ətraf mühitin mühafizəsinə yönəldildi, geniş yaşıllaşdırma tədbirləri aparıldı. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, ətraf mühitin mühafizəsi sahəsinə göstərdiyi diqqət nəticəsində ölkəmizdə yeni ekoloji siyasət formalaşdı. Ümummilli liderin tövsiyələri rəhbər tutularaq, müstəqil Azərbaycanın zəngin təbiətini, təbii sərvətlərini qorumaq və bərpa etmək istiqamətində işlər bu gün də uğurla davam etdirilir, yeni-yeni layihələr həyata keçirilir, ekoloji problemlərin həllinə cəmiyyətin, yerli və beynəlxalq təşkilatların diqqətinin daha da artırılması istiqamətində maarifləndirici tədbirlər reallaşdırılır. Bu silsilə tədbirlərin davamı olaraq 2010-cu il Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə “Ekologiya İli” elan edildi. Prezident cənab İlham Əliyevin qayğısı nəticəsində ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində mühüm işlər görülür, ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar yerinə yetirilir.
Rektor onu da qeyd etdi ki, müasir dövrdə sənayenin durmadan inkişafının elmi-texniki tərəqqinin nailiyyətləri ilə uzlaşması nəticəsində yeni infrastrukturlar yaradılmış, iş yerləri açılmış, bir sözlə, ölkə sənayesi növbəti inkişaf mərhələsinə qədəm qoymuşdur. Elmi-texniki inqilabın, sənayenin, nəqliyyatın sürətlə inkişafı ekoloji tarazlığın pozulmasına səbəb olur.Cəmiyyət və təbiətin qarşılıqlı münasibətinin harmoniyasının nəzəri təhlili bu prinsipi bir daha təsdiq edir ki, insanlarla təbiətin qarşılıqlı əlaqəsi ictimai
münasibətdir. Bu, o deməkdir ki, ekoloji problemin həllinə hər cür yanaşma qanunauyğun olaraq siyasi və ideoloji məna kəsb edir. Müasir ekoloji şəraitin ictimai proseslərin təhlili aspektində ümumbəşəri perspektivləri baxımından tədqiqi olduqca zəruri və əhəmiyyətlidir. Bu istiqamətdə Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr verdi. Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırıldı. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə İDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlər Azərbaycanda ekoloji problemlərə verilən önəmin göstəricisidir. Təbii ki, ölkədə ətraf mühitin mühafizəsi tədbirlərinin səmərəliliyinin artırılması üçün gənclər arasında əlaqələndirilmiş kütləvi maarifləndirmə sisteminin yaradılmasına, onlara təbiətdən səmərəli istifadə olunması vərdişlərinin aşılanmasına böyük ehtiyac var. Ekoloji təbliğat və maarifləndirmə tədbirlərində universitetimiz hər il müvafiq plana əsasən bir sıra tədbirlər yerinə yetirir.
Müasir dövrdə ekologiya elmi sahəsində qazanılmış nəticələrin təbliğ edilməsi və əyani vəsaitlərin çapı çox vacibdir. Bu vacib məsələ üçün dərs vəsaitlərinin, elmi-tədqiqat işlərinin nəticələrinin və elmi-kütləvi kitabların nəşr edilərək geniş miqyasda yayılmasının böyük əhəmiyyəti vardır. Bu sahə üzrə alimlərin yeni ekoloji ideyalarını bir-biri ilə paylaşması üçün konfransların keçirilməsi günün aktual tələblərindən biridir. Elə bu zərurətdən də 1998-ci ildən başlayaraq Sumqayıt Dövlət Universitetində “Ekologiya və həyat fəaliyyətinin mühafizəsi” mövzusuna həsr edilmiş beynəlxalq və respublika səviyyəli elmi konfranslar keçirilir. Son illərdə təbiəti mühafizə və ətraf mühitdən səmərəli istifadə edilməsi sahəsində Azərbaycanda xeyli işlər görülmüş və görülməkdədir. Respublikamızın böyük şəhərlərində, xüsusən Bakı və Sumqayıt şəhərlərində ekoloji məsələlərə çox ciddi diqqət yetirilir və bir sıra tədbirlər həyata keçirilir.
Rektor onu da diqqətə çatdırdı ki, ölkə Prezidentinin sərəncamı və regionların sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq, müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyən müəssisələr üçün ixtisaslı kadr ehtiyacını təmin etmək məqsədini hədəf tutan Sumqayıt Dövlət Universiteti öz nailiyyətləri ilə nəinki regionun, həmçinin ölkənin nüfuzlu elm-tədris mərkəzinə çevrilmişdir. Bu ali təhsil müəssisəsi bir çox layihələrə imza ataraq, beynəlxalq əməkdaşlıq əlaqələrini yüksək səviyyəyə çatdırmaqla, mükəmməl bir ali təhsil müəssisəsi modelini yaratmışdır. Bir sözlə, beynəlxalq əlaqələrini ildən-ilə genişləndirən universitet bu gün ölkəmizin dünyaya inteqrasiyasında önəmli bir körpü rolunu oynayaraq, Xəzəryanı Dövlət Universitetləri və Rusiya–Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyalarının həmsədridir. Ölkəmizin gələcək inkişaf modelini formalaşdıran əsas amil kimi təhsilin inkişafı daha da sürətlənmiş, insan kapitalının formalaşmasına xidmət edən ən mühüm sahə olmuşdur. Bu gün Neft kapitalını intellektual mülkiyyətə yönəltməyi başlıca məqsəd hesab edən ölkə başçısının milli təhsilin inkişafına istiqamətlənən strategiyası fəal vətəndaş mövqeyi və ziyalı məsuliyyəti ilə icra olunur. Həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənmiş, təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazası yaradılmışdır. Sumqayıt şəhərinin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universiteti yarandığı dövrdən günümüzə qədər bir çox beynəlxalq layihələrə imza atmış, xarici universitetlərlə əlaqələrinin gücləndirilməsinə xüsusi diqqət yetirmiş, müəllim-tələbə mübadiləsi, birgə elmi-tədqiqatlar aparılması, beynəlxalq konfrans və konqreslərdə, təhsil proqramlarında iştirak etməklə, tarixi uğurlara imza atmışdır. O cümlədən “Ekologiya və həyat fəaliyyətinin mühafizəsi: nailiyyətlər, problemlər” mövzusunda bu gün keçirdiyimiz konfrans yuxarıda qeyd olunanları bir daha təsdiqləyir.
SOCAR Ekologiya idarəsinin Elm və texnika üzrə rəis müavini professor Əflatun Həsənov “Sağlamlıq, sağlam həyat tərzi”, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev “Abşeronun Çuxurdərə və keçmiş yod brom zavodu ərazisində ekoloji problemlərin həlli yolları”, Sumqayıt şəhər 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Mübariz Vəliyev “Sumqayıt şəhərində tullantıların idarə olunmasının vəziyyəti”, SDU-nun Ekologiya kafedrasının müdiri dosent Rəhilə Əhmədova “Plastik tullantılar və onların innovativ idarə olunması” mövzularında məruzələrlə çıxış etdilər. Məruzəçilər son illərdə Azərbaycanda ekoloji problemlərin həlli istiqamətində görülən işlər, həyata keçirilən irimiqyaslı layihələr və bu sahədə dövlətimizin başçısı tərəfindən qəbul edilmiş qərarlardan geniş söhbət açdılar.
Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov konfransın əhəmiyyəti və gedişatı barədə məlumat verdi. Bildirdi ki, bugünkü konfransa 18 təşkilatdan 134 məqalə və tezis daxil olmuş, antiplagiat proqramından keçirilərək, 94 tezis və məqalə konfransın proqramına daxil edilmişdir.
Ekologiya kafedrasının müdiri dosent Rəhilə Əhmədova çıxış edərək, konfransın iki gün ərzində dörd bölmə üzrə (5 iyun saat 15:00–6 iyun saat 11:00), konfransın bağlanışının isə 6 iyun saat 16:00 da keçiriləcəyini bildirdi. İki gün davam edəcək konfransa bölmə rəhbərlərinin hesabatı, ümumi müzakirələr, təkliflər və müvafiq qərarların qəbul edilməsi ilə yekun vurulacaqdır.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az