Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Heydər Əliyevin hakimiyyətə qayıdışı – Qurtuluş Günü” mövzusunda növbəti onlayn məşğələ keçirildi
SDU-da “Heydər Əliyevin hakimiyyətə qayıdışı – Qurtuluş Günü” mövzusunda növbəti onlayn məşğələ keçirildi
İyunun 12-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev məktəbində “ Heydər Əliyevin hakimiyyətə qayıdışı–Qurtuluş Günü” mövzusunda onlayn məşğələ keçirildi. Tədbiri universitetin rektoru professor Elxan Hüseynov açaraq, 15 iyun – Milli Qurtuluş Gününün əhəmiyyətindən danışdı. Qeyd etdi ki, xalqımız tarixi bir bayram – Milli Qurtuluş Günü ərəfəsindədir. Rektor bayram münasibətilə kollektivi təbrik etdi, Ulu öndərimizin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs etdi. Bildirdi ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri o qədər böyükdür ki, Onun xatirəsi hər gün, hər zaman anılır. Azərbaycanın hər bir guşəsində Heydər Əliyevin izi görünür, hər bir sahənin inkişafında Ulu öndərin müəyyənləşdirdiyi siyasət özünü göstərir. 1993-cü il 15 iyunda xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan xalqının mücadilə tarixinə böyük Qayıdış və Qurtuluş nidası ilə həkk olundu. 15 iyun – Milli Qurtuluş Günü ümummilli lider Heydər Əliyevin ölkəmizin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, dövlətimizin bütün sahələrdə uğurlar qazanmasında, beynəlxalq aləmə sürətli inteqrasiyasında və tanıdılmasında müstəsna xidmətləri kimi qiymətləndirilərək, hər il geniş qeyd olunur. Bu gün hər bir vətənpərvər azərbaycanlı üçün çox əzizdir. 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Müstəqil Azərbaycan dövləti möhkəm əsaslar üzərində ağıllı, mükəmməl bir dövlət xadiminin siyasəti nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoydu və nəhəng dövlət quruculuğu işlərinə başladı, qarşıya çıxan bütün sərhədləri yardı, Azərbaycanı dünyaya tanıtdı, ölkəmiz tam mənada müstəqil oldu. Rektor onu da vurğuladı ki, bu gün Heydər Əliyev siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan güclü, qüdrətli, beynəlxalq aləmdə nüfuzlu bir dövlətə çevrilib. Məhz Azərbaycan dövlətinin möhkəm təməllər üzərində qurulmasının nəticəsidir ki, müxtəlif vaxtlarda dünyada baş verən böhranlardan Azərbaycan uğurla çıxa bilib. 2008-2009-cu illərdə baş vermiş iqtisadi böhran, demək olar ki, Azərbaycana təsir etmədi. Eyni zamanda bu gün – koronavirus pandemiyasının bütün dünyada geniş vüsət aldığı bir dövrdə də Azərbaycan ən az itkilərə məruz qalan ölkələrdən biridir. Bütün bunlar Prezident cənab İlham Əliyevin insanların təhlükəsizliyinin, sağlamlığının qorunmasına verdiyi önəmin ifadəsidir.
Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev “Heydər Əliyevin hakimiyyətə – Qurtuluş Günü”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti, Karyera Mərkəzinin müdiri Əmirxan İsayev “Ulu öndərin hakimiyyətə qayıdışı ərəfəsində hakimiyyətdə daxili siyasi böhran”, həmin kafedranın baş müəllimi Pərviz Cəfərov “Azərbaycanda ictimai-siyasi sabitliyin yaranmasında Heydər Əliyevin tarixi xidmətləri”, Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Aytən Əsədova “Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri”, İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs tələbəsi Mehin Məmmədova “15 İyun – ictimai, siyasi və tarixi əhəmiyyətli gün” mövzusularında çıxış edərək, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi misilsiz xidmətlərindən və Ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu layiqincə davam etdirən Prezident cənab İlham Əliyevin siyasətinin uğurlarından bəhs etdilər. Vurğuladılar ki, dövlət quruculuğu sayəsində əldə olunmuş nailiyyətlər, qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin qurulması və sair bu kimi uğurlar Heydər Əliyev dühasının bəhrələridir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az