Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində rektorluğun növbəti iclası videokonfrans formatında keçirildi
Sumqayıt Dövlət Universitetində rektorluğun növbəti iclası videokonfrans formatında keçirildi
İyunun 19-da Sumqayıt Dövlət Universitetində rektorluğun koronavirus pandemiyası ilə əlaqədar 2019/2020-ci tədris ilinin yaz semestrinin onlayn imtahan sessiyasının gedişatı, Yekun Dövlət Attestasiyasının keçirilməsi və Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrdən olan tələbələrin təhsil haqlarının dövlət tərəfindən ödənilməsi ilə əlaqədar universitetdə görülən işlərin vəziyyətinə həsr olunmuş növbəti iclası videokonfrans formatında keçirildi.
SDU-nun rektoru professor Elxan Hüseynov iclas iştirakçılarını salamlayaraq iclasın gündəliyinə 3 əsas məsələ çıxarıldığını bildirdi. Rektor Azərbaycan Respublikasında koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlərdən söz açdı, vaxtında və doğru atılmış addımların sayəsində ölkəmizdə infeksiyaya yoluxma hallarının təhlükəli həddə çatmadığını, vəziyyətin daim nəzarət altında olduğunu diqqətə çatdırdı. Bildirdi ki, SDU-da tədris Nazirlər Kabinetinin qərarına uyğun olaraq onlayn şəkildə təşkil olunub, semestr imtahanları və digər tədbirlər də onlayn formatda həyatda keçirilir və universitetdə təhlükəsizlik tədbirlərinə ciddi şəkildə əməl olunur.
Rektor universitetdə 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının uğurla davam etdiyini, tələbələrin biliyinin qiymətləndirilməsi prosesinin şəffaf şəkildə aparıldığını və onlayn formatda keçirilən imtahanların bir çoxunu müşahidə etdiyini bildirdi. Vəziyyətlə bağlı tələbələrə güzəştlərin olunduğunu, qiymətləndirmənin hər bir tələbənin elmi biliyi, dərsə münasibəti, çalışqanlığı əsasında aparılmasının vacibliyini söylədi. Eyni zamanda imtahandan keçməyən, kredit borcu qalan tələbələr avqust ayında təşkil olunacaq icmal mühazirələrdə iştirak edəcək və sentyabrda ödənişsiz təkrar imtahan verəcəklər. İmtahanların mövcud qaydalara uyğun həyata keçirilməsi və hər bir fənn üzrə tərtib olunmuş imtahan suallarının məzmun və əhatəlilik meyarı əsas götürülərək müvafiq qaydada azaldıldığını və sadələşdirildiyini bildirdi. Onu da qeyd etdi ki, SDU-da imtahanların giriş balı hamı üçün 49 bal hesablanıb, biletə daxil edilən imtahan suallarının sayı 5-dən 3-ə endirilib, imtahanların keçid balı minimum 17 bal qəbul edilib. İyunun 8-dən başlayaraq 5 həftə davam edəcək sessiyada imtahanlar təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq şifahi formada, onlayn şəkildə Microsoft Teams platforması və ya Zoom proqramı vasitəsilə həyata keçirilir.
Rektor professor-müəllim heyətinə, karantin rejiminin qaydalarına riayət edilməsinə dair hökumətin tövsiyələrini əməkdaşların və tələbələrin diqqətinə bir daha çatdırılmasını vurğulayaraq Azərbaycan dövləti və xalqının koronavirus pandemiyası ilə sınaqdan uğurla çıxacağına əminliyini ifadə etdi.
2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının gedişi və Yekun Dövlət Attestasiyasının keçirilməsi barədə fakültə dekanları məruzə etdilər.
Məruzələrdə qeyd edildi ki, gün ərzində imtahanların gedişi rektor, prorektorlar, dekanlar və kafedra müdirləri tərəfindən izlənilir. İyunun 8-dən başlayan onlayn imtahan sessiyası uğurla davam edir, imtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə verirlər. Həm əyani, həm də qiyabi formada təhsil alan tələbələr, eləcə də magistrantlar yaradılan şəraitdən və imtahanların təşkilindən razı qaldıqlarını bildirirlər.
Apelyasiya komissiyasının sədri, Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Sona Məhərrəmova çıxış edərək bildirdi ki, Sumqayıt Dövlət Universitetinin 02.06.2020-ci il tarixində keçirilmiş Elmi Şurasının qərarlarına (protokol №10) əsasən Yekun Dövlət Attestasiyasının və imtahan sessiyasının keçirilməsi ilə bağlı rektor prof.E.B. Hüseynovun imzaladığı R-34/1 saylı, 03.06.2020-ci il tarixli əmrinə müvafiq olaraq universitetdə keçirilən imtahan sessiyasının gedişinə nəzarət, yarana biləcək şikayətlərin yerində və operativ şəkildə həll edilməsini təmin etmək məqsədilə Apelyasiya komissiyası yaradılmışdır. Dosent Sona Məhərrəmova çıxış edərək 2019/2020-ci tədris ilinin yaz semestrinin onlayn rejimdə təşkili nəzərə alınaraq, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədi ilə universitetdə imtahan qərargahının yaradıldığını, qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılaraq lazımi tədbir görüldüyünü bildirdi.
Tədris-Metodiki Mərkəzin tədris bölməsinin müdiri Sabir Behbudov məruzə ilə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə 13 aprel tarixli, 138 nömrəli qərar qəbul edib. Sabir Behbudov qərara əsasən SDU-da ödənişli əsaslarla təhsil alan bu qəbildən olan tələbələrin siyahısının hazırlanması barədə universitetdə görülən işlərin vəziyyəti haqqında ətraflı məlumat verdi.
Rektor komisiyanın tərkibinin genişləndirilməsi və işlərin sürətləndirilməsi barədə tapşırıq verdi.
Müzakirələrdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev, Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov, Elmi katib professor Muxtar Səmədov və fakültə dekanları koronavirusla bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar SDU-da imtahan prosesinin gedişi, xarici layihələrin, konfransların onlayn şəkildə görüşlərin həyata keçirilməsi barədə ətraflı məlumat verdilər və bir sıra təkliflər irəli sürdülər.
İclasda gündəlikdə duran məsələlər müzakirə olundu, təkliflər dinlənildi, cari məsələlər və görüləcək işlərlə bağlı konkret tapşırıqlar verildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az