Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Filologiya fakültəsində magistrantların onlayn növbəti müdafiəsi keçirildi
SDU-nun Filologiya fakültəsində magistrantların onlayn növbəti müdafiəsi keçirildi
İyunun 23-də Filologiya fakültəsində elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş II kurs magistrantlarının magistr dissertasiyasının növbəti müdafiəsi keçirildi. Mövcud vəziyyətin tələblərinə uyğun olaraq, müdafiə onlayn formada “Zoom” proqramı vasitəsilə aparıldı.
Müdafiədə Filologiya fakültəsinin dekanı, dosent, Sevinc Həmzəyeva, Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov, kafedra müdirləri və elmi rəhbərlər iştirak etdilər. Müdafiəyə qonaq qismində xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı və prezident təqaüdçüsü, şair Əşrəf Veysəlli də dəvət olunmuşdu. Müəyyən səbəblərdən müdafiəyə qoşula bilməyən Sabir Rüstəmxanlı öncədən zəng edib dəvət üçün təşəkkürünü bildirmiş, magistrantlara uğurlar diləmiş, universitet rəhbərliyinə təşəbbüs və diqqət üçün minnətdarlıq etmişdi. Müdafiənin digər qonağı şair Əşrəf Veysəlli isə sonadək onlayn izləmədə iştirak etdi.
İlk olaraq fakültənin dekanı dosent Sevinc Həmzəyeva koronavirus (COVID-19) pandemiyasının yaratdığı mövcud vəziyyətə uyğun olaraq, universitetdə, eləcə də Filologiya fakültəsində tədrisin məsafədən, onlayn formada təşkil edildiyini söylədi və bunun üçün universitet rəhbərliyi tərəfindən bütün texniki imkanların yaradıldığını bildirdi. Hal-hazırda bakalavr və magistratura səviyyəsində davam edən imtahan sessiyası ilə bağlı tələbələrin xeyrinə bir sıra mühüm qərarlar verildiyini söyləyən Sevinc xanım buna görə universitetin rektoru professor Elxan Hüseynova xüsusi minnətdarlığını bildirdi, onun hər zaman tələbə və müəllimlərə qarşı qayğı və diqqətini vurğuladı. Müdafiə edən gənclərə uğurlar arzulayandan sonra söz müzakirəni aparmaq üçün müdafiənin sədri Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru Rafiq Əliyevə verildi.
Müdafiədə Azərbaycan ədəbiyyatı ixtisasından M-914 saylı qrupun magistrantları: Nağızadə Səkinə Elmar qızı, Abdullayev Müğdət Cabbar oğlu və Şəbizadə Vüsal Əli oğlunun işləri müzakirəyə çıxarıldı.
Magistrant Vüsal Şəbizadə “Sabir Rüstəmxanlının publisistikası” adlı elmi işini təqdim etdi, Azərbaycan ədəbiyyatı və publisistikasının görkəmli nümayəndəsi Sabir Rüstəmxanlının ümumi yaradıcılığı fonunda publisistik yaradıcılığı, problemlər fonunda isə araşdırmaları barədə məlumat verdi.
Digər magistrant Səkinə Nağzadə “Əşrəf Veysəllinin poeziyası” mövzusunda elmi işi barədə çıxış edərək, şair Əşrəf Veysəllinin yaradıcılıq yolunun ilk dəfə olaraq sistemli şəkildə təhlil olunduğunu vurğuladı. Tədqiqat işində həmçinin müəllifin poeziyası mövzu-mündəricə və ideya-problem baxımından araşdırılması, ədəbi mövqeyi də diqqət çəkdi.
Sonda Müğdət Abdullayev “Nizami Gəncəvi yaradıcılığında atəşpərəstliyin izləri” adlı dissertasiya işi barədə məlumat verdi.
Hər üç magistrant elmi işlərini müdafiəyə tələblərə uyğun şəkildə təqdim etdi.
Müdafiə ilə bağlı komissiya üzvləri öz fikirlərini bildirdilər və dissertasiya işlərinin aktuallığından söz açdılar.
Qonaq qismində iştirak edən şair Əşrəf Veysəlli də sonda söz alaraq, müdafiədən razı qaldığını bildirdi, magistratura səviyyəsini bitirən gəncləri təbrik etdi, belə yüksək biliyə sahib olan gənclərin gələcəkdə ixtisaslı kadr kimi çalışmalarını arzuladı.
Gənclər çıxışlarında rektor professor Elxan Hüseynova, fakültə dekanı Sevinc Həmzəyevaya və müəllimlərinə təhsil aldıqları müddətdə göstərdikləri diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər və burada əldə etdikləri bilik və təcrübənin onların gələcək fəaliyyətlərində mühüm rol oynayacağına əminliklərini ifadə etdilər.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az