Əsas səhifə | Xəbərlər | SDU-da “Riyaziyyatın fundamental problemləri və intellektual texnologiyaların təhsildə tətbiqi” mövzusunda videokonfrans formatında Respublika elmi konfransı öz işinə başladı
SDU-da “Riyaziyyatın fundamental problemləri və intellektual texnologiyaların təhsildə tətbiqi” mövzusunda videokonfrans formatında Respublika elmi konfransı öz işinə başladı
İyulun 3-də Sumqayıt Dövlət Universitetində “Riyaziyyatın fundamental problemləri və intellektual texnologiyaların təhsildə tətbiqi” mövzusunda videokonfrans formatında Respublika elmi konfransı keçirildi. Konfransda Azərbaycan universitetləri ilə yanaşı, Rusiya Federasiyasının aparıcı universitetlərinin alimləri iştirak etdilər.
Konfransı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq qonaqları və tədbir iştirakçılarını salamladı, onları görməkdən məmnunluğunu bildirdi. Qeyd etdi ki, aylardır dünyanı bürüyən koronavirus (COVID-19) infeksiyası hələ də sovuşmayıb və bəşəriyyəti təhdid etməkdə davam edir. Virusa qalib gəlməyin isə məhz dövlət və vətəndaş həmrəyliyindən asılı olduğunu dünyanın bir çox ölkələrində rast gəlinən acı həqiqətlər də təsdiqlədi. Son nəticə olaraq bəşəriyyət yalnız bir olaraq, həmrəylik nümayiş etdirməklə pandemiyaya qarşı qalib gələ bilər və Azərbaycanda aparılan işlər də buna bir nümunədir. Məhz bu baxımdan qırxdan çox üzv ölkənin dövlət və hökumət başçılarının, həmçinin aparıcı beynəlxalq təşkilatların rəhbərlərinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə dəstək verməsi və onların Zirvə görüşündə iştirakları eyni zamanda ölkəmizin və onun liderinin nüfuzunun nə qədər yüksək olduğunu bir daha göstərdi. Artıq bütün dünya görür və etiraf edir ki, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə fəal rol oynayır. Ölkəmizdə aparılan işlərin hər birinə bilavasitə Prezident İlham Əliyev şəxsən nəzarət edir. O cümlədən, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu işlərdə göstərdiyi dəstək əvəzsizdir. Rektor onu da diqqətə çatdırdı ki, pandemiya ilə əlaqədar olaraq SDU-da tədris Nazirlər Kabinetinin qərarına uyğun olaraq onlayn şəkildə təşkil olunub, semestr imtahanları və digər tədbir, konfranslar da onlayn formatda həyata keçirilir və universitetdə təhlükəsizlik tədbirlərinə ciddi şəkildə əməl olunur. Ölkəmizdə təhsilə böyük önəm verildiyini bildirən rektor rəhbərlik etdiyi universitetin fəaliyyətindən, beynəlxalq əlaqələrindən və ali məktəbin dünyanın bir çox universitetləri ilə sıx əlaqələri olduğundan bəhs etdi. Qeyd etdi ki, universitetimiz Xəzəryanı Dövlət Universitetləri və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyalarının üzvüdür. Beynəlxalq əlaqələrini ildən-ilə genişləndirən universitet, bu gün ölkəmizin dünyaya inteqrasiyasında önəmli bir körpü rolunu oynayır. Rektor qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslanan, ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən olan Azərbaycan-Rusiya əlaqələrinin strateji səviyyədə olduğunu, təhsil sahəsində də əlaqələrin gələcək inkişafında maraqlı olduğunu xüsusi vurğuladı. Konfransın əhəmiyyətindən bəhs edərək universitetdə dəqiq elmlərin tədrisində informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən, bir sıra fənn laboratoriyalarının yaradılmasından, mövcud vəziyyətdən danışdı. Bildirdi ki, dövrümüz elm və texnikanın tərəqqisi əsasında bəşəriyyətin maddi və mənəvi həyatında baş verən mühüm dəyişikliklərlə əlamətdardır. Elm və texnika cəmiyyətin həyatında getdikcə daha böyük rol oynayır, onun inkişafı üçün hədsiz imkanlar açılır. Elm sahələri arasında riyaziyyatın özünəməxsus yeri vardır. Ən fundamental səviyyədə, riyaziyyat kainatı idarə edən qanunları dərk etməyimizin əsasını qoyur. Bu, həm də cəmiyyətimizdəki texnoloji tərəqqini müəyyən edən amildir. Riyaziyyatın kompüter elmlərində, internet şəbəkəsində və kompüterlərin istifadə etdiyi güclü alqoritmlərə əsaslanan texnologiyalarda tətbiqi cəmiyyətdə əsl inqilab yaratmışdır. Beləliklə, riyaziyyatın elm, texnologiya və innovasiya sahəsindəki rolunu və tətbiqini nəzərə alaraq, riyaziyyat haqqında maarifləndirmənin artırılması və bu sahədə təhsilin qlobal səviyyədə dərinləşdirilməsi, süni intellekt, iqlim dəyişikliyi kimi fəaliyyət sahələrində qarşıda duran məsələlərin həllində və hədəflərə çatmasında əsas rol oynadığını qeyd etmək lazımdır.
Rektor onu da diqqətə çatdırdı ki, müasir dünyada elmi və texnoloji inkişaflar bir tərəfdən yeni təhsil ehtiyacları yaratmaqda, digər tərəfdən də təhsil tətbiqlərinə yeni imkanlar təqdim etməkdədir. Mövcud vəziyyətlə əlaqədar olaraq Sumqayıt Dövlət Universitetində tədrisin təşkili günün tələblərinə uyğun olaraq ən yüksək səviyyədə aparılmış, məhz müasir informasiya texnologiyalarının tətbiqinin bariz nümunəsidir ki, koronovirus pandemiyası dövründə universitetdə tədrisin təşkilində heç bir problem yaranmamış, bütün fənlər üzrə dərslər onlayn və videodərslər vasitəsilə tələbələrə ən yüksək səviyyədə çatdırılmış, 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası onlayn formatda uğurla həyata keçirilməkdədir. Rektor konfransın işinə və iştirakçılara uğurlar arzuladı.
Rusiya Elmlər Akademiyasının A.A.Dorodnisin adına Hesablama Mərkəzinin professoru Viktor Medennikov " Elm-təhsil resurslarının vahid informasiya internet məkanının modelləşdirilməsinin nəticələri", Azərbaycan Dövlət Dəniz Akademiyasının professoru Rövşən Hümbətəliyev "Ümumiləşdirilmiş azalan elementar həllər sisteminin dolğunluğu və minimallığı", Bakı Dövlət Universitetinin professoru Rəşid Əliyev “Diskret alfors-börling çevirməsinin xassələri haqqında”, SDU-nun Diferensial tənliklər və optimallaşdırma kafedrasının professoru Fikrət Feyziyev “Bir sinif ikilik modulyar dinamik sistemlər üçün bəzi optimal idarəetmə məsələləri” mövzusunda çıxış etdilər.
Bildirdilər ki, müasir dövrdə İKT-nin inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir. Məhz bu səbəbdən son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olub.
Konfransın sonrakı işi haqqında məsul katib Vüsalə Babacanova məlumat verdi.
Qeyd edək ki, konfrans öz işini bölmə iclasları ilə davam etdirdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az