Əsas səhifə | Xəbərlər | SDU-da “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda videokonfrans formatında II Beynəlxalq elmi konfrans öz işinə başladı
SDU-da “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda videokonfrans formatında II Beynəlxalq elmi konfrans öz işinə başladı
İyulun 9-da Sumqayıt Dövlət Universiteti və AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə ənənəvi “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda videokonfrans formatında II Beynəlxalq elmi konfrans keçirildi. Konfransda Azərbaycan universitetləri ilə yanaşı, Türkiyə, Rusiya, Bolqarıstan və digər ölkələrin aparıcı universitetlərinin alimləri də iştirak etdilər.
Konfransı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq qonaqları və tədbir iştirakçılarını salamladı, onları görməkdən məmnunluğunu bildirdi. Qeyd etdi ki, bu gün dünya qlobal təhlükə olan COVID-19 pandemiyası ilə mübarizə aparır və əhalini yaranmış ağır vəziyyətdən minimum itkilərlə çıxarmaq üçün mümkün variantlardan istifadə etməyə çalışır. Bəşəriyyətin bu vəziyyətdən çıxmasının ən əsas şərtlərindən biri isə birlik və həmrəylikdir. Dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Pandemiyanın təsirlərini minimuma endirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vaxtında və çevik qərarların qəbul edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi pandemiyanın geniş yayılmasının qarşısını almışdır. İlk növbədə səhiyyə sistemi gücləndirilmiş, sosial cəhətdən həssas əhaliyə davamlı dəstək mexanizmləri tətbiq edilmiş, iqtisadi dayanıqlığın təmin edilməsi ilə bağlı əhəmiyyətli addımlar atılmışdır. Bütün ölkə ictimaiyyəti vaxtında atılmış bu addımları böyük rəğbətlə qarşılamışdır. Ölkəmizdə yaşanan çətin vəziyyətə baxmayaraq may-iyun ayları dövlətimiz üçün əlamətdar hadisələrlə yadda qaldı. Bu mənada Azərbaycanın öncüllüyü diqqəti çəkir. İlk addım olaraq Türk Dilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans formatında keçirilən Zirvə görüşü COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq və regional əməkdaşlığa ilk və ciddi çağırış oldu. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təklifinin 130-dan çox dövlət tərəfindən dəstəklənməsi dünyanın əksər ölkələrində ciddi fəsadlar törədən pandemiyaya qarşı mübarizədə Azərbaycanın humanist siyasət yürütdüyünün və dünyada yaşayan bütün insanların sağlamlığının qorunmasına öz töhfəsini verdiyinin əyani göstəricisidir.
Konfransın əhəmiyyətindən bəhs edən rektor onu da bildirdi ki, biz bu gün Sumqayıt Dövlət Universiteti və AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə ənənəvi hazırlanmış “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq elmi konfransın işində iştirak edirik. Bu konfrans mövzuya həsr olunmuş sayca ikinci konfransdır. Birinci konfrans 2018-ci ildə keçirilmişdi. Mövzunun aktuallığı nəzərə alınaraq konfransın iki ildən bir keçirilməsi qərara alınmışdır. Çünki informasiya sistemləri və texnologiyalar istər nəzəri baxımdan, istərsə də praktiki baxımdan çox sürətlə inkişaf edən bir sahədir və şübhəsiz ki, ötən konfransdan sonrakı dövr ərzində bu sahədə əldə olunmuş nailiyyətlər və qarşıdakı vəzifələr barədə alimlərin fikir mübadiləsinə ehtiyac vardır.
Rektor onu da qeyd etdi ki, XX əsrin sonlarından başlayaraq müasirləşən, qloballaşan dünyada informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi hər bir ölkədə prioritet istiqamətlərdən birinə çevrildi desək yanılmarıq. Qısa zamanda bu istiqamətdə baş verən inqilabi dəyişikliklər dünyamızın tezliklə İKT baxımından inkişaf etməsinə gətirib çıxardı və bugün hər hansı bir ölkəni İKT, internet, yüksək texnologiyalar olmadan təsəvvür etmək mümkün deyil. Müasirləşən dünyanın bir hissəsi sayılan Azərbaycanda da bugün informasiya- kommunikasiya texnologiyalarından geniş istifadə edilir, həyatımızın bütün sahələrində onun imkanlarından yararlanırıq. İKT-nin ayrılmaz tərkib hissəsi sayılan rabitənin, elektron avadanlıqlar və informasiya texnologiyaları sektorunun ölkəmizdə inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sektorunun inkişafının təməlini hələ ötən əsrin 70-ci illərində qoyan Heydər Əliyev öz uzaqgörənliyi ilə dəqiq bilirdi ki, yeni əsr, yeni era İKT əsri, İKT erası olacaq. 1970-80-ci illərdə Elmlər Akademiyasında, universitetlərdə və sahə institutlarında elektronika, avtomatika və hesablama texnikası üzrə istedadlı alimlər və təcrübəli mütəxəssislərin yetişdirilməsi, elektron avadanlıq istehsal edən zavodların tikilməsi, Kibernetika İnstitutu, Kosmik Tədqiqatlar Mərkəzi, İnformasiya-Kommunikasiya Elmi Mərkəzi, "Neftqazavtomat" və digər elmi-tədqiqat müəssisələrinin yaradılması və s. məhz Heydər Əliyev tərəfindən gələcəyə hesablanmış addımlar idi. "AZON", "NORD" elm-istehsalat birlikləri, Radiozavod, Elektron hesablama maşınları zavodu, "Peyk", "Ulduz" kimi nəhəng istehsalat komplekslərinin tikilib istifadəyə verilməsi də ümummili liderin hələ sovetlərin zamanında İKT-nin inkişafına verdiyi dəyərli töhfələrdən idi. Burada diqqət çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, Heydər Əliyev İKT-nin inkişaf etdirilməsi istiqamətində atdığı addımlar, gördüyü işləri yalnız paytaxtla kifayətləndirmir, bölgələrdə də anoloji addımlar atılırdı. Belə ki, Naxçıvan, Tərtər, Mingəçevir, Şirvan, Gəncə və Sumqayıtda 30-dan artıq elektron və cihazqayırma zavodları işə salındı, Elmi-tədqiqat institutlarının nəzdində "Kristal", "Registr", "Tellur", "Kibernetika", "Biotex", "Mikroelektronika", "Kaskad" xüsusi konstruktor büroları fəaliyyət göstərməyə başladı. Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti kimi ali təhsil müəssisələrində İKT ixtisasları üzrə mütəxəssislər hazırlanması üçün maddi-texniki baza yaradıldı.
Rektor onu da diqqətə çatdırdı ki, ölkəmizdə İKT sektoru öz inkişaf mərhələsini yaşayır. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin də bu sahəyə göstərdiyi diqqət və qayğı, bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan İKT-nin inkişafı baxımından dünyanın qabaqcıl ölkələri ilə eyni sırada qərarlaşıb. Təsadüfi deyil ki, İlham Əliyevin prezidentlik dövrünün ilk 5 ilində İKT ölkənin ən dinamik və stabil inkişaf edən sektoru kimi yadda qaldı və bu sektor 4,5 dəfə genişləndi. İKT sahəsində görülən ən ciddi işlərdən biri də regionlarda və ucqar yaşayış məntəqələrində rabitə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi oldu. Cənab İlham Əliyevin respublikaya rəhbərlik etdiyi illər ərzində ölkədə internet istifadəçilərinin sayında da əsaslı dərəcədə artım qeydə alındı. Ölkəmiz region dövlətlərinə internet ixrac etməyə başladı ki, bu da nəticə etibarilə internetdən istifadə qiymətlərinin ucuzlaşmasına imkan yaratdı.
Müstəqillik illərində, xüsusilə Cənab İlham Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə ölkəmizin İKT sahəsində əldə etdiyi ən böyük nailiyyətlərdən biri də Azərbaycanda kosmik sənayenin yaradılmasıdır. Məlum olduğu kimi, dövlət başçısının "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" 4 noyabr 2008-ci il tarixli sərəncamı ilə əlaqədar olaraq tanınmış alim və mütəxəssislərin iştirakı ilə müvafiq dövlət proqramı hazırlandı. Dövlət proqramında kosmik sənayenin yaradılması və inkişafı, telekommunikasiya peyklərinin orbitə çıxarılması, kosmik informasiyanın qəbulu və emal edilməsi üçün yerüstü mərkəzin yaradılması, orbital mövqelərin əldə olunması üçün BTİ ilə işlərin davam etdirilməsi, eləcə də digər mühüm vəzifələrin icrası öz əksini tapırdı. Beləliklə, BMT Baş Assambleyasının 64-cü sessiyasında Trans Avrasiya Super İnformasiya Magistralı layihəsinə dair qətnamə qəbul edildi ki, bununla da Azərbaycanda kosmik sənayenin yaradılmasına start verildi. Bir il sonra, 2010-cu ildə isə "Azərkosmos" ASC yaradıldı. 2013-cü il, fevral ayının 7-də Azərbaycanın ilk peyki olan "Azerspace-1" telekommunikasiya peykinin Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılması Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş "İnformasiya-kommunikasiya texnologiyaları ili"nə ən böyük töhfə idi. Azərbaycan Respublikasının sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peyki "Azerspace-2" isə 25 sentyabr 2018-ci il tarixində orbitə buraxıldı. Göründüyü kimi, Azərbaycan hər bir sahədə olduğu kimi İKT sahəsində də özünün inkişaf, tərəqqi dövrünü yaşayır. Məhz ölkəmizin bu sahədə qazandığı nailiyyətlərin nəticəsidir ki, bu gün Azərbaycan yerləşdiyi regionda transmilli nəhəng informasiya şəbəkəsinin yaradılması prosesində aktiv rol oynayır. Bundan başqa Qazaxıstan və Türkmənistan ilə Xəzəraltı optik kabel əlaqəsinin yaradılması ideyası ölkəmizin tranzit məkana çevrilməsinə xidmət edir. Ölkəmizin İKT-nin inkişaf etdirilməsi istiqamətində atdığı addımlar, həyata keçirdiyi islahatlar zaman-zaman müvafiq beynəlxalq təşkilatlar tərəfindən də təqdir edilib, yüksək balla qiymətləndirilib.
Konfransın həmsədri, AMEA-nın İnformasiya Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev çıxış edərək müasir dövr üçün aktual mövzuya həsr olunan Beynəlxalq konransın əhəmiyyətindən bəhs etdi. O, informasiya-kommunikasiya texnologiyaları əsrində yaşadığımız bir zamanda belə bir konfransın keçirilməsinin vacibliyini qeyd etdi. Bildirdi ki, hazırda istənilən ölkənin inkişafı informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviyyəsindən çox asılıdır. Xüsusilə də sosial-iqtisadi siyasətin həyata keçirilməsində İKT-nın rolu sürətlə artır. Azərbaycanda da İKT-nin inkişafı ilə bağlı ciddi addımlar atılır. Bundan başqa, İKT-nin inkişafını strateji vəzifə elan edən Azərbaycan hökuməti xüsusilə də pandemiya şəraitində yüksək texnologiyaların tədris prosesində, habelə iqtisadiyyatın digər mühüm sahələrində tətbiqinə böyük önəm verir və bu istiqamətdə bir sıra vacib qərarlar qəbul etmişdir. Elə bunların nəticəsidir ki, Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişafı reytinqində davamlı olaraq irəliləyir.
Türkiyə respublikasının Bülent Ecevit universitetinin professoru Ahmet Altun “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda onlayn formatda keçirilən konfransın əhəmiyyətindən və vacibliyindən bəhs etdi. Bildirdi ki, hal-hazırda Azərbaycanla Türkiyə arasında siyasi-iqtisadi əlaqələr elm, təhsil, mədəniyyət və digər sahələrdə də əməkdaşlığı yüksək səviyyədə inkişaf etdirir. Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi olduğunu təcəssüm etdirən "Biz bir millət, iki dövlətik" müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnək olduğunu söyləyən professor Ahmet Altun “Ətraf mühitin problemlərinin həll edilməsində informasiya texnologiyalarından istifadə edilməsi” mövzusunda məruzə etdi və konfransın işinə uğurlar arzuladı.
Sumqayıt Dövlət Universiteti və AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən II Beynəlxalq elmi konfransın plenar iclası SDU-nun rektoru professor Elxan Hüseynov və AMEA-nın İnformasiya Sistemləri İnstitutunun direktoru akademik Telman Əliyevin birgə sədrliyi ilə davam etdi.
Konfransda Sumqayıt Dövlət Universitetinin professoru Əli Nağıyevin “İdarəetmə mühəndisliyində qeyri-xətti dinamika və bu sahə üçün xarakterik olan kritik təzahürlər”, Türkiyənin Ege Universitetinin Riyaziyyat kafedrasının professoru Urfat Nuriyevin “Blokçeynin miqyaslanmasi və paylanmış reyestr texnologiyası”, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun professoru Asif Rzayevin “Yüksək sululuqlu az debitli quyularin neftə görə məhsuldarlığının trap AQÖQ-də ölçülmə texnologiyası”, Rusiyanın Voronej Dövlət Texniki Universitetinin dosenti Popova Olqa İvanovnanın “Üçölçülü emal kəsici alətinin trayektoriyasının formalaşması alqoritmləri”, Ufa Dövlət Neft Texniki Universitetinin professoru Zaxorniçnaya Marina Mixaylovnanın “Solartron 7830 markalı rezonator sıxlıqölçənin istismardan sonra daxili səthinin zədələnmə dərəcəsinin qiymətləndirilməsi”mövzularında məruzələri dinlənildi.
Məruzəçilər qeyd etdilər ki, bu cür konfransların təşkili müxtəlif informasiya-texnologiya strukturlarının gördüyü işlərin işıqlandırılması və maarifləndirmə baxımından böyük əhəmiyyətə malikdir. Hesab edirik ki, belə konfranslar informasiya texnologiyaları üzrə gələcək innovasiyalara stimul verəcəkdir.
Konfransın sonrakı işi haqqında məsul katib, Mühəndislik fakültəsinin İnformasiya və kompüter texnikası kafedrasının müdiri dosent Qadir Mansurov məlumat verdi. Bildirdi ki, konfrans Plenar iclasından sonra öz işini 6 bölmə üzrə iki gün davam etdirəcəkdir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az