Əsas səhifə | Xəbərlər | SDU-da Elmi Şuranın genişləndirilmiş iclası videokonfrans formatında keçirildi
SDU-da Elmi Şuranın genişləndirilmiş iclası videokonfrans formatında keçirildi
İyulun 13-də Sumqayıt Dövlət Universitetində Elmi Şuranın 2019-2020-ci tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə genişləndirilmiş onlayn iclası keçirildi.
İclası universitetin rektoru professor Elxan Hüseynov açaraq qeyd etdi ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərdilər. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid oldular.
Ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Rektor düşmənin bu təxribatına Milli Ordumuzun böyük rəşadət nümayiş etdirərək sarsıdıcı cavab verdiyini, ağır itkilər verən Ermənistan silahlı birləşmələrinin həmləsinin qətiyyətlə dəf edildiyini vurğuladı. Rektor onu da əlavə etdi ki, Tovuz istiqamətində gedən döyüşlər bir daha sübut etdi ki, Azərbaycan nəinki müharibəyə tam hazırdır, hətta onu qısa vaxtda qalibiyyətlə başa çatdırmaq imkanındadır!
Rektor onu da vurğuladı ki, SDU-nun tələbələri ilə yanaşı, universitetdə təhsil alan Türkiyəli tələbələr məktub ünvanlayıblar. Məktubda xüsusilə qeyd ediblər ki, “Can Azərbaycanımızın yanındayız. Azərbaycanımızın iyi günü bizim sevincimiz, kötü günü bizim də kötü günümüzdür”. Həmçinin tələbələrimiz müraciət edirlər ki, könüllü olaraq hərbi xidmətə getmək istəyir, bu istiqamətdə həmişə dövlət başçısının yanındadırlar. Gənclərimiz səngərdə mətanətlə torpaqlarımızı müdafiə edən, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizəyə daim hazır olan ordumuza dəstək verir və onunla həmrəylik ifadə edirlər.
Daha sonra rektor professor Elxan Hüseynov koronavirus pandemiyası ilə mübarizədə Prezident cənab İlham Əliyevin uzaqgörənliyi, baş verənlərə dərhal ciddi reaksiya verməsi sayəsində respublikada vəziyyətin nəzarət altına alındığını, virusa yoluxanların sayının gündən-günə azaldığını bildirdi. Qeyd etdi ki, ölkəmizdə insan amili hər şeydən üstün tutularaq vətəndaşlarımızın sağlamlığının qorunması üçün bir sıra mühüm qərarlar qəbul olundu. Dövlətimiz tərəfindən sosial layihələr həyata keçirildi ki, onlardan biri də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqlarının dövlət tərəfindən ödənilməsini dövlətin öz üzərinə götürməsidir. Ölkə başçısı öz fəaliyyəti ilə Ümummilli Liderin başladığı işi davam etdirməyə qadir olduğunu bir daha sübut etdi. Cənab İlham Əliyevlə bərabər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində də Azərbaycan təhsilinin tərəqqisi xüsusi yer tutur. Başda Mehriban xanım olmaqla Heydər Əliyev Fondunun karantin dövründə yüz minlərlə aztəminatlı ailələrə ərzaq yardımı etməsi Ulu öndərin adını daşıyan fondun hər bir Azərbaycan vətəndaşının yanında olduğunu bir daha sübut etdi. Respublikamızda görülən işlərin davamı olaraq karantin dövründə Sumqayıt Dövlət Universitetinin bütün kollektivi də həmişə olduğu kimi, möhtərəm Prezidentimizin daim yanında olduğunu əməli işləri ilə göstərdi. Rektor onu da diqqətə çatdırdı ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus epidemiyasının ölkədə yayılmasının qarşısının alınması ilə bağlı digər istiqamətlərdə gördüyü qabaqlayıcı tədbirlər kimi, təhsil sahəsində də mühüm addımlar atıldı. Koronavirus (COVID 19) infeksiyası ilə bağlı mövcud vəziyyətlə əlaqədar, karantin dövründə tədrisin müasir texnologiyalar və innovativ metodlardan istifadə edilməklə onlayn davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, hələ mart ayından universitetdə bu istiqamətdə bütün işlərin görüldüyünü, texniki məsələlərin həll olunduğunu nəzərə çatdırdı. Bildirdi ki, mart ayından başlayaraq onlayn dərslərə başlanıldı və bütün elektron materiallara əlçatanlıq təmin edildi. O da qeyd olundu ki, dərslər tam həcmdə tədris cədvəlinə uyğun vaxtda və müddətdə keçirildi. Təhsil Nazirliyinin göstəriş və tövsiyələrinə uyğun olaraq, Sumqayıt Dövlət Universitetində tədris prosesinin onlayn formada “WhatsApp” mesajlaşma-mübadilə sistemindən, “Zoom” onlayn konfransların keçirilməsi proqramından və “Microsoft Teams” platformasından, oflayn formada isə distant təhsilin təşkil edilməsi üçün nəzərdə tutulmuş “Moodle” sistemindən və “WhatsApp”dan istifadə olunmaqla tədris prosesi təşkil olunmuşdur. Ümumiyyətlə, Sumqayıt Dövlət Universitetində onlayn təhsilin yüksək səviyyədə təşkil olunduğunu vurğulayan rektor onu da qeyd etdi ki, 2019-2020-ci tədris ilinin yaz semestrinin onlayn rejimdə təşkili nəzərə alınaraq, imtahan sessiyası mövcud qaydalara uyğun təşkil edildi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin edildi, imtahan sessiyası mövcud normativ sənədlər əsasında keçirildi, universitetdə imtahan qərargahı yaradıldı, bu qərargaha daxil olan hər bir şikayət qısa müddətdə çevik şəkildə araşdırılaraq, lazımi tədbirlər görüldü. SDU-da imtahanların giriş balı hamı üçün 49 bal hesablandı; biletə daxil edilən imtahan suallarının sayı 5-dən 3-ə endirildi; imtahanların keçid balı minimum 17 bal qəbul edildi.
Rektor 2019-2020-ci tədris ilinin ümumi yekunları haqqında çıxış etdi, əldə olunmuş uğurlardan və universitetdə aparılan elmi-tədqiqat işlərinin yekun nəticələri, gənc tədqiqatçıların, doktorant və dissertantların elmi fəaliyyəti, eləcə də kafedralarda elmi istiqamətlərdə aparılan işlər və s. barədə məlumat verdi, nəticələrin qənətbəxş olduğunu bildirdi.
2019-2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının yekunları barədə bakalavriat üzrə Tədris Metodiki Mərkəzin direktoru b/m Faiq Şirinov, Magistratura səviyyəsi üzrə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov Elmi Şura üzvlərinə geniş məlumat verdilər, ayrı-ayrı fakültələrin müvəffəqiyyət göstəriciləri və digər statistik məlumatlarını diqqətə çatdırdılar. SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin direktoru dosent Mətanət Pirquliyeva imtahanların təşkili barədə məlumat verərək bildirdi ki, kollecdə yaz semestrinin imtahanları onlayn formatda müvafiq təlimatlara uyğun həyata keçirildi.
2020-ci ilin birinci yarımilinə planlaşdırılmış Elmi Konfransların keçirilməsi barədə Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov çıxış etdi. Bildirdi ki, koronavirus pandemiyasına görə universitetdə onlayn formatda konfranslar, elmi seminarlar, məşğələlər, müxtəlif tədbilərin keçirilməsi artıq ənənəvi hal alıb. Sumqayıt Dövlət Universitetində Magistrantların videokonfrans formatında XX Respublika elmi konfransı, “Ekologiya və həyat fəaliyyətinin mühafizəsi: nailiyyətlər, problemlər” mövzusunda Respublika elmi konfransı, “Riyaziyyatın fundamental problemləri və intellektual texnologiyaların təhsildə tətbiqi” mövzusunda Respublika elmi konfransı, “İqtisadi təhlükəsizlik: mövcud vəziyyət və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfransı, “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda II Beynəlxalq elmi konfransı ZOOM proqramı ilə videokonfrans formatında keçirilmişdir.
Hesabatlar ətrafında müzakirələr aparıldı və təqdim olunan hesabatlar Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab olundu. Müzakirəyə çıxarılan məsələlər barədə struktur bölmə rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlar verildi.
Rektor çıxışının sonunda COVID-19 infeksiyası ilə mübarizə sahəsində riayət edilməsi vacib olan tələb və tövsiyələri bir daha xatırladıb, universitet əməkdaşlarını bu istiqamətdə aparılan maarifləndirmə işində fəal iştiraka çağırdı.
Cari məsələlər (Elmi Şuranın qərarlarının yerinə yetirilməsi, Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi, Elmi Şuranın 2020/2021-ci tədris ili üçün iş planının təsdiqi) barədə Elmi katib professor Muxtar Səmədov məlumat verdi. Qeyd etdi ki, tədris ili ərzində Elmi Şuranın iclaslarında 326 qərar qəbul edilmıdir, qərarlar bütün struktur rəhbərləri tərəfindən diqqət mərkəzində saxlanmış və yerinə yetirilmişdir, sonra qeyd olundu ki, Elmi Şuraya 14 adda tədris və tədris-metodik iş daxil olub, onlar Redaksiya və Nəşriyyat Şurasının və Tədris Metodiki Şuranın iclaslarında müzakirə olunduqdan sonra müsbət Ekspert rəyi ilə Elmi Şuraya təqdim olunublar. Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına icazə verildi. Sonra Elmi Şuranın 2020/2021-ci tədris ili üçün iş planı təsdiq edildi.
Bununla Elmi Şuranın genişləndirilmiş onlayn içlası başa çatdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az