Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Əsrin Müqaviləsi - Heydər Əliyevin sabitlik və inkişaf strategiyası” mövzusunda onlayn məşğələ keçirildi
SDU-da “Əsrin Müqaviləsi - Heydər Əliyevin sabitlik və inkişaf strategiyası” mövzusunda onlayn məşğələ keçirildi
Sentyabrın 22-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev məktəbində “Əsrin Müqaviləsi - Heydər Əliyevin sabitlik və inkişaf strategiyası” mövzusunda onlayn məşğələ keçirildi.
Universitetin rektoru professor Elxan Hüseynov tədbir iştirakçılarını salamladı, Azərbaycanın taleyində neftin yeri və təsiri, Ulu Öndər Heydər Əliyevin neft sənayesinin inkişafında əvəzsiz rolu haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, Azərbaycan dünyada zəngin təbii sərvətlərə malik ölkələrdən biridir. Ancaq etiraf etməliyik ki, xalqımız bu sərvətlərdən yalnız XX əsrin sonlarında – dövlət müstəqilliyini bərpa etdikdən sonra tam bəhrələnmək imkanı əldə etdi. Bu imkanı reallığa çevirən isə Ulu öndər Heydər Əliyev dühasının məhsulu olan yeni neft strategiyası və həmin strategiyanın reallaşdırılması üçün hazırlanmış neft diplomatiyasıdır. Həmin strategiya ölkəmizin uzunmüddətli inkişafını təmin etməklə yanaşı, dövlət müstəqilliyimizin əbədiləşdirilməsinin də qarantına çevrildi. 1990-cı illərin əvvəllərində gənc, müstəqil Azərbaycan dövləti çox böyük çətinliklərlə, çağırışlarla üz-üzə qalmışdı. Ovaxtkı hakimiyyətin səriştəsizliyi ölkəmizi uçurumun kənarına gətirmişdi. Ölkəmizi böhran bürümüşdü: siyasi, iqtisadi böhran, sənaye iflic vəziyyətdə idi. İqtisadi sahədə yaşanan tənəzzül gənc, müstəqil ölkənin inkişafı üçün çox böyük maneələr törədirdi. Azərbaycan xalqı özünəxas müdriklik nümayiş etdirərək, 1993-cü ildə Ulu öndər Heydər Əliyevə üz tutdu, onu hakimiyyətə dəvət etdi. O gündən indiyədək Azərbaycan sabitlik dövrü yaşayır, böyük inkişaf yolu ilə keçir. Aparılan islahatlar, görülmüş işlər Azərbaycanı dünya miqyasında uğurla inkişaf edən ölkə kimi tanıdır. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində vətəndaş müharibəsi dayandırıldı, Milli ordumuzun qüdrətinin artırılması istiqamətində mühüm addımlar atıldı.
Rektor qeyd etdi ki, dahi şəxsiyyətin işləyib-hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında onun ən böyük silahdaşı məhz o zaman Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti olan cənab İlham Əliyev idi.
Rektor onu da diqqətə çatdırdı ki, BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi dövlətimizə beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür.
Tədbirdə Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev “Əsrin Müqaviləsi - Heydər Əliyevin sabitlik və inkişaf strategiyası” mövzusunda məruzə ilə çıxış edərək bildirdi ki, 1994-cü il sentyabrın 20-də Bakı şəhərinin “Gülüstan” sarayında XX əsrin ən böyük iqtisadi layihələrindən olan, tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adı ilə bütün dünyada məşhurlaşan saziş imzalandı. Bakıda dünyanın 8 ölkəsini təmsil edən, yüksək nüfuza malik, neft hasilatı üzrə ixtisaslaşmış 13 iri neft şirkəti arasında “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənilməsini nəzərdə tutan bu irimiqyaslı beynəlxalq müqavilə müasir Azərbaycanın tarixində və taleyində mühüm rol oynadı. “Əsrin müqaviləsi” ilə Azərbaycan özünün təbii sərvətlərinə sahib çıxmaq haqqını bütün dünyaya bəyan etdi, milli mənafelərimizi, iqtisadi və strateji maraqlarımızı qorumaq əzmini göstərdi.
Azərbaycan və Şərqi Avropa xalqları tarix kafedrasının müdiri, professor Şirxan Səlimov “Əsrin Müqaviləsinin beynəlxalq siyasi aspektləri” mövzusunda çıxış etdi. Bildirdi ki, keçmiş sovet respublikaları arasında Azərbaycan ilk dəfə Qərbin iri neft şirkətləri ilə belə böyük miqyaslı saziş imzaladı və beynəlxalq əməkdaşlığın əsasını qoydu. Beləliklə, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycan neft strategiyasının reallaşdırılması nəticəsində dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinin Azərbaycan milli sektorunda olan karbohidrogen ehtiyatlarının hasilatı və nəqlinə cəlb olundu, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yeni, etibarlı mənbə rolunu oynamağa başladı.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Aynurə Yəhyayeva “Əsrin Müqaviləsinin Azərbaycanın sosial-iqtisadi inkişafında rolu” mövzusunda çıxış edərək, Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycanın öz milli sərvətinin sahibi olmasında, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasında, siyasi, iqtisadi və sosial inkişafında müstəsna rol oynadığını bildirdi. Qeyd etdi ki, Ulu öndərin layiqli varisi Prezident cənab İlham Əliyev bütün sahələrdə həyata keçirdiyi uğurlu islahat proqramları ilə Heydər Əliyevin siyasi kursunu daha da zənginləşdirir. Azərbaycan bütün sahələrdə böyük və əhəmiyyətli layihələrə imza atır. “Azəri-Çıraq-Günəşli” Sazişi birmənalı şəkildə Yeni əsrin müqaviləsi kimi xarakterizə edilir. Belə ki, “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Beləliklə, Prezident İlham Əliyevin sözügedən sazişin imzalanması mərasimindəki çıxışında bəyan etdiyi kimi, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayır. Ulu öndərin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrildi. Dekan onu da diqqətə çatdırdı ki, bu günlərdə Cənab Prezidentin iştirakı ilə ölkəmizin neft-qaz sektorunun inkişafında növbəti mühüm hadisənin – “Abşeron” yatağının təməlqoyma mərasimi oldu. Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə, önəmli addıma imza atdı.
Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva “Heydər Əliyevin neft strategiyasının Azərbaycanın mədəni inkişafında rolu”, Kimya və biologiya fakültəsinin V kurs tələbəsi Gülüzə Xudayarova “Yeni Əsrin Müqaviləsinin imzalanması İlham Əliyevin xarici siyasətinin uğurudur” mövzularında çıxış edərək, dahi şəxsiyyətin keçdiyi şərəfli ömür yolundan və doğma xalqına misilsiz xidmətlərindən danışdılar. Qeyd etdilər ki, Azərbaycan bu gün Heydər Əliyev yolu ilə inamla irəliləyir, cənab İlham Əliyevin rəhbərliyi ilə biri-birindən əhəmiyyətli uğurlara imza atır. Azərbaycanın uğurları, reallıqları, bütövlükdə qarşımızda açılan geniş perspektivlər bilavasitə ümummilli lider Heydər Əliyevin xidmətlərinin, müdrikliyinin və müəyyənləşdirdiyi siyasətin nəticəsidir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az