Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbə Elmi Cəmiyyəti tələbələri mükafatlandırdı
Tələbə Elmi Cəmiyyəti tələbələri mükafatlandırdı

Mayın 16-da Universitetimizdə Tələbə Elmi Cəmiyyətinin  fakültələr arasında keçirdiyi yekun seminarında tələbələr mükafatlandırıldı.
Seminarda rektor Elxan Hüseynov, universitetin rəhbərliyi, çoxsaylı professor-müəllim heyəti iştirak edirdilər.
Seminarda rektor Elxan Hüseynov bildirdi ki, belə tədbirlər tələbələrin elmi potensialını, yaradıcılığını üzə çıxarır və onlarda elmə həvəs və maraq oyadır. Qeyd etdi ki, ölkə başçısı cənab Prezident İlham Əliyevin son 10 ildə elmin, təhsilin inkişafı, mövcud problemlərin həlli istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər SDU-nun da fəaliyyətinin müasir səviyyədə qurulmasına və inkişafına təkan vermişdir. 
Dövlət başçısının Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin artırılmasına dair imzaladığı 22 May 2009-cu il tarixli 295 nömrəli sərancamı ilə təsdiq edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” tədbirlər planına cavab olaraq təhsil naziri cənab Mikayıl Cabbarovun 27 iyun 2014-cü il tarixli 752 saylı əmri ilə Tələbələrin Elmi Cəmiyyəti  haqqında Nümunəvi Əsasnamə təsdiq olunmuşdur. Bu əsanaməyə dair universitetimizin Tələbə Elmi Cəmiyyəti tələbələrin bilik səviyyəsini, tədrisin stimulunu artırmaq məqsədilə onlarla qarşılıqlı iş qurur.  Mən hesab edirəm ki, fakültələr arasında keçirilən belə seminarlarda iştirak edən tələbələr içərisindən ölkəmiz üçün layiqli mütəxəssislər yetişəcəkdir.
Seminarda çıxış edən TEC-in elmi rəhbəri, dosent İslam Paşayev bildirdi ki, bu seminarları keçirməkdə əsas məqsədimiz elmə, biliyə marağı olan tələbələri üzə çıxarmaq, onlara elmi tədqiqat işlərinin aparılmasında köməklik etmək və istiqamətləndirməkdir.  Son illər universitetin təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməsi tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsinə müsbət təsir göstərmişdir. Bu günkü uğurumuz keçirdiyimiz silsilə seminarların nəticəsidir.  Onu da xüsusi qeyd etmək istəyirəm ki, Sumqayıt Dövlət Universiteti ölkəmizin təhsil ocaqları arasında yeganə ali təhsil müəssisəsidir ki, Tələbə Elmi Cəmiyyəti fakültələr arasında silsilə seminarlar keçirir. Mən inanıram ki, universitetimizin tələbələri Avropa təhsil məkanında öz yerlərini tutacaqlar və universitetimizi layiqli təmsil edəcəklər.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov seminarda çıxış edərək vurğuladı ki, müvəffəqiyyətli inkişafın əsasını bilik təşkil edir, onun yaradıcısı, daşıyıcısı və tətbiq edəni isə insandır. Bu səbəbdən biliklərin əldə edilməsi və fəaliyyətdə tətbiqi üçün ən vacib amil yalnız təhsildir. Məhz təhsil intellektual potensialın formalaşdırılmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində müstəsna əhəmiyyət daşıyır.
Müasir dövrdə hər hansı bir dövlətin inkişafını şərtləndirən əsas amil onun təbii sərvətləri deyil, bu sərvətlərin yüksək səviyyədə insan kapitalına çevrilməsidir. Bu da bir həqiqətdir ki, öz maddi resurslarını ən səmərəli üsulla və qısa müddətdə insan kapitalına çevirməyə nail olan ölkələr daha çox uğurlar qazanmışlar. Müstəqil ölkəmizin sürətli qlobal inkişafı və bu inkişafın mühüm sahələrindən olan təhsilin inkişafı istiqamətində də  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsilin inkişafı istiqamətində çoxsaylı uğurlara imza atılmışdır.Fəlsəfə və hüquq kafedrasının müdiri, professor Həsən Sadıqov Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan təhsilin keyfiyyətinin ən qabaqcıl ölkələrin səviyyəsinə yüksəlməsi ilə bağlı uğurlarımızdan danışdı.Rektor tələbələrin slayd vasitəsilə hazırladıqları mühazirə və çıxışlarını dinlədi və onlara tövsiyyələrini verdi. Rektor Elxan Hüseynov tələbələrin elmi məruzələrinin toplu şəklində çap olunmasına göstəriş verdi. Sonda  yeddi fakültənin qalib tələbələri diplomla mükafatlandırıldı. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az