Əsas səhifə | Xəbərlər | SDU-da Elmi Şuranın videokonfrans formatında növbəti iclası keçirildi
SDU-da Elmi Şuranın videokonfrans formatında növbəti iclası keçirildi
Noyabrın 13-də Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının videokonfrans formatında növbəti onlayn iclası keçirildi.
Vətən müharibəsində həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Rektor professor Elxan Hüseynov iclas iştirakçılarını salamlayaraq, şanlı qələbə münasibətilə təbrik etdi. Bildirdi ki, bu gün Azərbaycan xalqı böyük qələbəni hamılıqla bayram edir. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlayan Vətən müharibəsi şanlı qələbə ilə başa çatdı. Qısa zaman çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.
Rektor gündəlikdə duran məsələlər barədə məlumat verdikdən sonra universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Natiq Talıbov ölkədə karantin rejiminin tətbiqi ilə əlaqədar SDU-da 2020-2021-ci tədris ilinin I semestrində təşkil olunmuş məsafədən tədrisin vəziyyəti barədə məruzə ilə çıxış etdi. Qeyd etdi ki, Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət ilə bağlı onlayn dərslər dayandırılmışdı. Noyabrın 2-də onlayn dərslərə start verildi. Dərslərə nəzarət olunur. Demək olar ki, dərsə davamiyyət xeyli düzəlib. Bütün qruplar üzrə tələbələrin e-maillərinə və universitetin moodle.sdu.edu.az portalına mühazirə, məşğələ, laboratoriya işləri yüklənib. Dərslər Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq “Microsoft Teams” platforması üzərindən onlayn formada keçirilir, I kurs tələbələrinin də artıq bu platformadan qeydiyyatdan keçmələri sürətlənib. Dosent Natiq Talıbov onu da diqqətə çatdırdı ki, rektor professor Elxan Hüseynovun rəhbərliyi ilə Tədris Metodik Mərkəzinin nəzdində Distant təhsillə bağlı şöbə və universitetin II tədris binasında Distant təhsillə bağlı studiya yaradılıb. Artıq orada bəzi fənlər üzrə dərslərin çəkilişi həyata keçirilib. Bu da müəyyən səbəblərdən (İnternet imkanlarının məhdudluğundan) onlayn dərslərə qatıla bilməyən tələbələrin sonradan həmin dərs materiallarını izləmək imkanı əldə etməsinə xidmət edir.
Tədris Metodik Mərkəzin direktoru b.m. Faiq Şirinov 2020-2021-ci tədris ilində Sumqayıt Dövlət Universitetinə tələbə qəbulunun nəticələri barədə məlumat verdi. Bildirdi ki, Sumqayıt Dövlət Universitetində proqnoz-plan üzrə tələbə qəbulunun nəticələri qənaətbəxşdir.
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov SDU-da tələbələrin vətənpərvərlik tərbiyəsi işlərinin daha da gücləndirilməsi barədə çıxış etdi. Bildirdi ki, İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Beləliklə, 30 il davam edən işğala son qoyuldu. Dosent Ramiz Hüseynov bu münasibətlə Sumqayıt Dövlət Universitetinin kollektivini təbrik etdi və onu da qeyd etdi ki,Vətən müharibəsi başlanandan ölkəmizdə könüllülərin sayı durmadan artmış, onların sırasında Sumqayıt Dövlət Universitetinin əməkdaşları ilə yanaşı, gənclərimiz də könüllü olaraq ordu sıralarına qatılmaq üçün müraciətlər etmişdilər. Bu istiqamətdə Tələbə Gənclər Təşkilatının üzvləri arxa cəbhədə təbliğat-təşviqat kompaniyasında fəallıqları ilə seçildilər. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin öz “Tvitter” səhifəsində işğaldan azad olunmuş torpaqlarımızla bağlı paylaşdığı sevindirici xəbərləri TGT-nin üzvləri “Facebook”, “Tvitter”, “Teleqram” və “WhatsApp” qruplarında paylaşaraq dəstək olurdular. Prorektor Ramiz Hüseynov onu da bildirdi ki, ölkəmizdə koronavirus (COVID - 19) infeksiyası ilə bağlı universitetin Tələbə Gənclər Təşkilatı fəaliyyətini onlayn formada davam etdirərək, universitetin Heydər Əliyev məktəbində məşğələlər, onlayn psixologiya dərnəyi, intellektual oyun, debat, conversation və s. görüşlər təşkil etmişdilər. Tələbələr tərəfindən Məzun günü, Bilik Günü ilə əlaqədar videoçarxlar hazırlanmışdır. “Qarabağ Azərbaycandır!” şüarı altında hazırlanan videoçarx universitetin foyesində yerləşən manitorlarda göstərilir.
Prorektor onu da diqqətə çatdırdı ki, bu günlərdə universitetin həyətində məzun şəhidlərimizin xatirəsinə ucaldılmış abidədə dəyişikliklər ediləcək, ölkəmizin azadlığı və müstəqilliyi uğrunda həlak olmuş məzun şəhidlərimizin şəkilləri ilə yanaşı, 2016- cı ilin fəxr və qəhrəmanlıqlarla dolu aprel döyüşlərində və Vətən müharibəsində həlak olmuş məzun şəhidlərimizin şəkilləri də əlavə olaraq vurulacaq.
Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov xalqımızı bu möhtəşəm qələbə münasibətilə təbrik etdi. Qeyd etdi ki, bu qələbə onlara əbədi dərs olacaq. Qarabağ Azərbaycanındır və Azərbaycanın olaraq qalacaq. Professor Ramazan Məmmədov 2021-ci ildə universitetdə keçiriləcək elmi konfransların mövzularının təsdiqi barədə ətraflı məlumat verdi.
Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verdi. Qeyd etdi ki, Elmi Şuraya 2 monoqrafiya, 2 dərs vəsaiti, 1metodik vəsait və 5 fənn proqramı daxil olub. Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına icazə verildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az