Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU- da Ulu öndər Heydər Əliyevin Anım gününə həsr olunmuş videokonfrans formatında elmi-praktik konfrans keçirildi
SDU- da Ulu öndər Heydər Əliyevin Anım gününə həsr olunmuş videokonfrans formatında elmi-praktik konfrans keçirildi
Dekabrın 11-də Sumqayıt Dövlət Universitetində Ulu öndər Heydər Əliyevin Anım gününə həsr olunmuş “Heydər Əliyev – Müstəqil Azərbaycan Respublikasının yaradıcısı” mövzusunda videokonfrans formatında elmi-praktik konfrans keçirildi.
Əvvəlcə Dahi şəxsiyyətin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransı giriş sözü ilə Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov açaraq konfrans iştirakçılarını salamladı, şanlı qələbə münasibətilə təbrik etdi. Bildirdi ki, torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. 44 günlük bu müharibədə Azərbaycan döyüş meydanında düşməni darmadağın etməklə, 30 ilə yaxın davam edən işğala son qoydu. Bu qalibiyyətin fonunda bütün dünya güclü Azərbaycan dövlətini gördü. Beynəlxalq ictimaiyyət xalqımızın öz haqqı uğrunda mərdliklə mübarizə aparmaq əzminə şahidlik etdi. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev bu Qələbə ilə qalib Azərbaycan dövlətini dünyaya təqdim etdi. 44 günlük tarixi savaş ilə məğlubedilməz Xalqın Lideri olduğunu bəşəriyyətə sübut etdi!
Bizim işimiz haqq işidir! Biz zəfər çaldıq! Qarabağı aldıq! “Qarabağ Azərbaycandır!” – dedik. Azərbaycanın Ali Baş Komandanının iradəsi, Müzəffər Ordusunun cəsarəti Şəhidlərimizin al qanı ilə tarixi ədaləti bərpa etdi! Biz qüdrətli, əyilməz, cəsarətli xalqıq. Ən çətin məqamlarda yumruq kimi bir olub birləşə bilirik. Biz bunu 1988-ci ilin Meydan Hərəkatında, Milli İstiqlala imza atanda, 20 Yanvar dəhşətləri ilə sınağa çəkiləndə, Xocalı faciəsini yaşayanda, Ulu öndər Heydər Əliyevlə birlikdə Qayıdış, Qurtuluş dastanı yazanda yaşadıq! Ümummilli lider Heydər Əliyev xalqa müraciətində demişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Prezident cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin dövlətçilik irsini inkişaf etdirərək yeni, modern Azərbaycan dövləti qurmuşdur. Ulu öndər Azərbaycanı parçalanmaq, dağılmaq, siyasi xəritədən silinmək təhlükəsindən xilas edib davamlı inkişaf yoluna çıxarmışdısa, İlham Əliyev Azərbaycanı qüdrətli bir dövlətə çevirməyi, dövlətin bütün resurslarını ərazi bütövlüyümüzün bərpası üçün səfərbər edib böyük uğurlar əldə etməyi bacardı. Prezidentin noyabrın 8-də Şəhidlər xiyabanında etdiyi çıxışda dediyi kimi, bu vəsiyyət yerinə yetirildi, Şuşa azad olundu, noyabrın 10-da isə Vətən müharibəsi Qələbə ilə başa çatdı. Müzəffər Ali Baş Komandanın vurğuladığı kimi, Ordumuzun parlaq Qələbəsi təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, bu, şərlə xeyir qüvvələrinin mübarizəsində xeyirin, dağıdıcılıq stixiyası üzərində qurucu ruhun qazandığı qələbədir. Azərbaycan işğalçı vandalların dağıtdığı bütün infrastrukturu yenidən bərpa edəcək, Qarabağın dağıdılmış bütün dini-tarixi-mədəni abidələri dövlətin himayəsi altında olacaq, Qarabağ yenidən Vətənimizin gur inkişaf edən dilbər guşəsinə çevriləcək. Azərbaycan xalqı döyüş meydanlarında olduğu kimi, quruculuq sahəsində də bir daha öz böyüklüyünü göstərəcək.
Konfransda Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində”, Dünya iqtisadiyyatı və marketinq kafedrasının baş müəllimi iqtisadiyyat üzrə fəlsəfə doktoru Gülbəz Rüstəmova “Müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında Heydər Əliyevin rolu”, Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova “Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda təhsil sahəsinin inkişafı”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti, Karyera mərkəzinin müdiri Əmirxan İsayev “Heydər Əliyevin ordu quruculuğu fəaliyyətinin nəticəsi bu gün”, Mühəndislik fakültəsinin I kurs tələbəsi Məhbubə Məmmədova “Heydər Əliyevin siyası ideyalarını gerçəkləşdirən İlham Əliyev” mövzularında məruzə ilə çıxış etdilər. Azərbaycan dövlətinin qurucusu, memarı olan Heydər Əliyevin şərəfli həyat yolundan, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə əldə olunan uğurlardan, müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsində Ulu Öndərin müstəsna xidmətlərindən danışdılar. Qeyd etdilər ki, hazırda ölkəmizdə Ulu öndər Heydər Əliyevin böyük ideyaları ardıcıllıqla və dönmədən, uğurla həyata keçirilir. Prezident cənab İlham Əliyev müstəqil Azərbaycanı yaradıcılıqla, yeni epoxanın reallıqlarına uyğun şəkildə böyük sürətlə inkişaf etdirərək yeni sabahlara doğru aparır. Vətən müharibəsindəki Qələbə isə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində böyük rol oynadı.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az