Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Etnik deportasiyalar: tarixi və müasir dövrü” mövzusunda videokonfrans formatında Beynəlxalq Elmi Konfrans öz işinə başladı
SDU-da “Etnik deportasiyalar: tarixi və müasir dövrü” mövzusunda videokonfrans formatında Beynəlxalq Elmi Konfrans öz işinə başladı
Dekabrın 17-də Sumqayıt Dövlət Universitetində “Etnik deportasiyalar: tarixi və müasir dövrü” mövzusunda Beynəlxalq Elmi Konfrans onlayn formatında keçirildi. Universitetin rektoru Elxan Hüseynovun moderatorluğu ilə keçirilən elmi konfransda AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Millət vəkili Musa Qasımlı və Türkiyənin, Ukraynanın, Almaniyanın, Rusiyanın, Polşanın və respublikamızda fəaliyyət göstərən ali təhsil müəssisələrinin tarixçi alimləri iştirak etdilər.
Konfransı universitetin rektoru professor Elxan Hüseynov açaraq qonaqları salamladı, onları görməkdən məmnunluğunu ifadə etdi. Bildirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev memarı olduğu Böyük Qələbə ilə hər bir azərbaycanlının qəlbində abidə ucaltdı. Dahi Heydər Əliyev məktəbinin yetirməsi, möhtərəm Prezident cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə əldə olunan möhtəşəm siyasi, iqtisadi, diplomatik uğurlar, Azərbaycanın ildən-ilə yüksələn müsbət beynəlxalq nüfuzu, hərbi qüdrəti 44 günlük şanlı zəfər hərəkatı nəticəsində ən ağrılı və yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həll olunması və cəmiyyətimizdə uzun müddətdir mövcud olan sarsılmaz Xalq-İqtidar-Ordu birliyinin, həmrəyliyinin inamlı, parlaq zəfəri, əzəli düşmənlərimiz üzərində tarixi qələbəmiz və işğal altındakı torpaqlarımızın mənfur düşmən tapdağından azad olunması ilə nəticələndi. Qarabağın tacı olan Şuşamız öz tarixi sahibinə qayıtdı. Bir daha sübut etdik ki, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu, İlham Əliyevin müdrik siyasəti nəticəsində hər cəhətdən inkişaf etmiş müstəqil Azərbaycan dövlətinin qələbəsidir. Rektor konfransın əhəmiyyətindən bəhs edərək bildirdi ki, tarix boyu dəfələrlə ermənilər azərbaycanlılara qarşı qırğınlar törədiblər. Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişdir. Xalqımıza qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasətinə müqavimət ümummmili lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra təşkil edilib. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən 18 dekabr 1997-ci ildə “1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman imzalanmışdır. Bu tarixi sənəd azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsini, Azərbaycan xalqına qarşı Ermənistan dövləti səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsini və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası yaradılmasını nəzərdə tutur. Bu baxımdan bu gün Sumqayıt Dövlət Universiteti tərəfindən keçirilən beynəlxalq elmi konfrans həm dünya tarixi, həm də Azərbaycan tarixi üçün son dərəcə aktual olan “Etnik deprotasiyalar: tarixi və müasir dövrü” probleminə həsr olunmuşdur.
Rektor bildirdi ki, mövcud vəziyyətlə əlaqədar olaraq, universitetdə onlayn formatda bütün elmi istiqamətlər üzrə respublika və beynəlxalq səviyyəli tədbirlər, konfranslar uğurla təşkil edilir, birgə müzakirələr aparılır, beynəlxalq əməkdaşlığımız ildən-ilə daha da genişlənir. Rektor konfransın işinə uğurlar arzu etdi.
Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Millət vəkili Musa Qasımlı “Azərbaycanlıların Ermənistandan deportasiyası: tarixdən bu günümüzədək”,Türkiyənin Qazi Universitetinin professoru Salih Şahin Hasan “Dünyadaki zorunlu göçlere ilişkin kısa bir değerlendirme”, Polşanın Reszskov Universitetinin professoru Darius Gozef Popek “Dünya Müharibəsi dövründə Polşa ərazisindəki etnik deportasiyalar, köçürülmələr və soyqırımı – seçilmiş nümunələr”, Sumqayıt Dövlət Universitetinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Ermənistanda Azərbaycan türklərinə qarşı deportasiya siyasətləri (1948–1953)”, mövzularında məruzələrlə çıxış etdilər. Məruzəçilər işğalçılıq və soyqırımı siyasətini pisləyərək, Azərbaycan xalqını qazanılmış tarixi qələbə münasibətilə təbrik etdilər. Bildirdilər ki, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətlərin, vəhşiliklərin Yer üzündə misli-bərabəri yoxdur. Elə təkcə Xocalı müsibəti erməni şovinizminin soyqırımı siyasətinin ən dəhşətlisi, insanlığa sığmayan, tarixdə görünməyən terror aktıdır. Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindən olmaqla bərabər, bəşər tarixinin də ən genişmiqyaslı və xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir... Əslində, Azərbaycan xalqı tək XX əsrin sonlarından deyil, bir neçə yüz il öncədən erməni millətçi–şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Xalqımız tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. 2020-ci il Azərbaycan–Türkiyə tarixində çox əlamətdar, ölçüyəgəlməz, müqayisəolunmaz və əbədi yaddaşlara həkk olunan, yaddaqalan bir il oldu. Vətən müharibəsinin ilk günlərindən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz siyasi dəstəyini verdi. Bu baxımdan Azərbaycan–Türkiyə dostluğu və qardaşlığı Vətən müharibəsinin gedişində daha da möhkəmləndi, daha sarsılmaz oldu. Əslində, bu həmrəyliyin bir təcəssümü idi.
Konfransın sonrakı işi haqqında məsul katib Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov məlumat verdi. Bildirdi ki, konfransa 6 ölkədən 105 tezis qəbul olunmuşdur. Onlardan 91 tezis respublikamızdan, 4 tezis Türkiyədən, 7 tezis Rusiyadan, 1 tezis Ukraynadan, 1 tezis Polşadan, 1 tezis Almaniyadan daxil edilmiş və konfrans materialları toplusu şəklində çap olunmuşdur.
Konfrans öz işini 4 bölmə üzrə iki gün davam etdirəcəkdir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az