Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Fizika və elektroenergetika fakültəsinin tələbələri Vətən müharibəsi qazisi ilə onlayn görüşdülər
SDU-nun Fizika və elektroenergetika fakültəsinin tələbələri Vətən müharibəsi qazisi ilə onlayn görüşdülər
Dekabrın 14-də Fizika və elektroenergetika fakültəsinin 505-ci qrup tələbələri: Günel Şahhüseynova və Gültac Məmmədovanın təşkilatçılığı ilə Vətən müharibəsi qazisi Fərid Nəsibovla onlayn görüş keçirildi.
Əvvəlcə birinci və İkinci Qarabağ müharibəsində həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Fizika və elektroenergetika fakültəsinin dekan müavini Könül Hacıyeva açaraq, Vətən müharibəsi qazisi Fərid Nəsibovu və qonaqları salamladı, ölkəmizin əldə etdiyi qələbə münasibəti ilə iştirakçıları təbrik etdi. Diqqətə çatdırdı ki, xalqımız bu gün sevincli, şanlı Qələbə gününü qeyd edir. Torpaqlarımızın azadlığı uğrunda başlanan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. 44 günlük bu müharibədə Azərbaycan döyüş meydanında Ermənistan ordusunu darmadağın etməklə, 30 ilə yaxın davam edən işğala son qoydu. Bu qalibiyyətin fonunda bütün dünya güclü Azərbaycan dövlətini gördü. Azərbaycan üçün bu müharibə, sözün əsl mənasında, Vətən, Qurtuluş Müharibəsi idi. Bu gün Kəlbəcərdə, Laçında, Şuşada – səngərlərdə Qazilərimizin, igidlərimizin sırasında Fizika və elektroenergetika fakültəsinin məzunlarını, yetirmələrimizi görmək, onların səsini, xoş sözünü, qələbə müjdəsini eşitmək insanda bir başqa ovqat yaradır. Sumqayıt Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim və tələbə heyəti qəhrəman məzunlarımızla qürur duyur!
Vətən müharibəsi qazisi Fərid Nəsibov görüş iştirakçılarını salamladı və görüşdən məmnunluğunu ifadə etdi. Bildirdi ki, 44 günlük Vətən müharibəsinin ilk günündən Azərbaycan əsgərləri böyük şücaət nümayiş etdirdilər. O, Azərbaycan igidlərinin necə qəhrəmancasına vuruşduğunu və ordumuzun bu şücaətinin heç bir zaman Azərbaycan xalqının xatirəsindən silinməyəcəyini söylədi. Qeyd etdi ki, tarixi vərəqləyəndə şahidi olursan ki, heç bir müharibə qansız, şəhidsiz və itkisiz keçməyib. Bütün dövlətlərin hərb tarixi müharibələr, dağıntılar, insan ölümü, faciələrlə müşayiət olunur. Xüsusilə də, müharibə Vətən uğrunda olanda. Vətən uğrunda canını fəda edib şəhidlik zirvəsinə yüksəlmək, öz adını xalqın tarixi yaddaşına həkk etmək, Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəmək, qəhrəmanlıq nümunəsi yaratmaq, milyonlarla insanın sevgisini, rəğbətini qazanmaq hər bir insanın arzusu olub və bu, bu gün də belədir. Hər bir Azərbaycan vətəndaşının qəlbində Vətən sevgisi aşıb daşır.
Fizika və elektroenergetika fakültəsinin tələbəsi fakültə üzrə Tələbə Həmkarlar Təşkilatının sədri Məqsəd Möhsumzadə bildirdi ki, 44 günlük Vətən Müharibəsi Müzəffər Ordumuzun qələbəsi ilə başa çatdı. Bu savaşda igid oğullarımız gözünü qırpmadan ölümə meydan oxudu. Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız öz canları-qanları ilə şanlı tariximizi yazdılar. Vətən müharibəsi qazisi Fərid Nəsibov kimi qəhraman oğullarımızla görüşmək tələbələr üçün böyük şərəf və örnəkdir. “Biz fəxr etdirik ki, bu tarixi qələbədə təhsil aldığımız Fizika və elektroenergetika fakültəsinin tələbələri və məzunları Şuşada, Laçında, Kəlbəcərdə adlarını tarixə yazdılar.
Görüşün təşkilatçıları Günel Şahhüseynova, Gültac Məmmədova Vətən müharibəsi qazisi Fərid Nəsibovla görüşməkdən qürur hissi keçirdiklərini bildirdilər.
Qeyd etdilər ki, böyük zəfərimizlə bitən 44 günlük Vətən müharibəsi, Ali Baş Komandan cənab İlham Əliyevin qeyd etdiyi kimi, qəhrəman əsgər və zabitlərimizin hesabına reallaşdı. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillərə örnəkdir.
Fizika və elektroenergetika fakültəsinin tələbəsi Səmra Babayeva Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı azad etməsi münasibətilə iştirakçıları təbrik etdi. Zəfəri Azərbaycan xalqına yaşatdığına görə Azərbaycanın rəşadətli Ordusu və müzəffər Prezidentinə təşəkkür etdi.
Sonda qazi Fərid Nəsibov Azərbaycan Ordusunu qələbəyə çatdıran döyüş təəssüratlarını bölüşdü, xatirələrini danışdı, görüşün təşkilatçılarına və məruzəçilərə öz təşəkkürünü bildirdi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az