Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun tələbələri Creative Spark layihəsi çərçivəsində vebinarda iştirak etdilər
SDU-nun tələbələri Creative Spark layihəsi çərçivəsində vebinarda iştirak etdilər
Yanvar 7-də İngiltərənin Middlesex Universiteti və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə Creative Spark layihəsinin “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda növbəti vebinarı keçirildi. Vebinarın moderatoru Xəzər Universitetindən Raziyyə İsayeva, spikeri Wowoman, sosial layihəsinin rəhbəri, gənc sahibkar Zara Hüseynova idi. Zara xanım çıxışı zamanı yaratdığı platformanın məqsədi, qadınlar üçün olan faydaları barədə geniş məlumat verərək, tələbəlik illərindən bəri qurduğu ilk biznesi zamanı qaşılaşdığı çətinliklərdən və uğurlarından bəhs etdi. O, hər bir fəaliyyətin arxa planında müəyyən dəyər və sosial fayda durduğunu və bu baxımdan öz platformasını qurarkən əsas motivlərdən birinin də xanımlara seçim azadlığı imkanı yaradılması olduğunu bildirdi.
Vebinarda məqsədlərinə çatmaq üçün qadınlara lazımi bilik və bacarıqların öyrədilməsi, motivasiya, fərdi inkişaf kimi önəmli mövzularda dəstək verilməli olduğu vurğulandı. Sosial sahibkarlıq haqqında müxtəlif yanaşmaların olduğunu qeyd edən Zara xanım hesab edir ki, sosial təşəbbüsün təməlində elə bir biznes modeli olmalıdır ki, bu təşəbbüsün davamlılığını təmin edə bilsin. Bu zaman biznesin inkişafı üçün vacib olan mənfəət və kommersiya tərəfinin fonunda sosial təsir prioritet olaraq qalır.
Vebinarın keçirilməsinin əsas məqsədi gələcəkdə tələbələrin lider kimi yetişib, ölkəmizdə sahibkarlığı inkişaf etdirmələri üçün onları motivasiya etmək, professional inkişafına köməklik və dəstək göstərməkdən ibarət idi.
Vebinarda Sumqayıt Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin əməkdaşı Natavan Quliyeva, Mühəndislik fakültəsindən TGT-nin sədri Tayfun Hacılı, Tarix və coğrafiya fakültəsinin tələbələri: Ayşən Hüseynova, Şəhanə Hətəmova, Janna Əliyeva və Aydın Sadıqov iştirak etdilər.
Vebinar sualların cavablandırılması ilə yekunlaşdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az