Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Rektor universitetin 1 saylı tələbə yataqxanasında gedən gücləndirmə və bərkidilmə işləri ilə tanış oldu
Rektor universitetin 1 saylı tələbə yataqxanasında gedən gücləndirmə və bərkidilmə işləri ilə tanış oldu
Son illər ölkə iqtisadiyyatının dinamik yüksəlişi bütün başqa sahələr kimi, təhsilin inkişafı üçün də əlverişli şərait yaratmış, onun yeni mərhələsi başlamışdır. Ölkənin gələcək inkişafını təmin edəcək təhsil insan kapitalının formalaşmasına xidmət edən ən mühüm sahə olmuşdur. Bu gün Azərbaycan elmində və təhsilində ciddi islahatlar həyata keçirilir. Ölkə başçısının təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin ən önəmli prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Ölkə Prezidentinin sərəncamı və regionların sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq, müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyən müəssisələr üçün ixtisaslı kadr ehtiyacını təmin etmək məqsədini hədəf tutan Sumqayıt Dövlət Universiteti öz nailiyyətləri ilə nəinki regionun, həmçinin ölkənin nüfuzlu elm-tədris mərkəzinə çevrilmişdir. Bu ali təhsil müəssisəsi bir çox layihələrə imza ataraq, əlaqələrini yüksək səviyyəyə çatdırmışdır. Sumqayıt Dövlət Universitetinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində bütün laboratoriya və tədris auditoriyalarında görülən işlər buna bir daha sübutdur. Universitetdə həm tədris, həm elmitədqiqat, həm də idarəçilik sahələrində həyata keçirilən yeniliklər, struktur islahatları əsaslı keyfiyyət dəyişikliyinə zəmin yaratmışdır. Tədrisin keyfiyyəti baxımından, həm də auditoriya və laboratoriyaların müasir standartlara uyğunlaşdırılmısı ilə bağlı müvafiq işlər görülmüş, ali məktəbin bütün tədris binalarında təmir işləri uğurla başa çatdırılmışdır. Universitetimiz dünyanın bir çox nüfuzlu universitetləri ilə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq müqavilələri imzalamışdır. Bu gün Sumqayıt Dövlət Universiteti şəhərin sənaye müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirir, nəticə etibarilə də təhsil alan tələbələr həmin müəssisələrdə təcrübə keçir, gələcəyin ixtisaslı kadrları kimi formalaşırlar. Ümumiyyətlə, təhsil siyasətimiz təhsilin hər kəs üçün əlçatan olmasına yönəlib. Ancaq təhsilin əlçatan olması yalnız bilik verməklə kifayətlənmir, həmçinin tələbəyə mühit də yaradılmalıdır. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində (SDU) 2020-2021-ci tədris ilində həyata keçiriləcək ən böyük layihələrdən biri universitetin 1 saylı tələbə yataqxanasının əsaslı təmiridir. Universitetin hər iki yataqxanasında 1992-ci ildən etibarən məcburi köçkün ailələri məskunlaşıblar. Qaçqın və məcburi köçkünlərin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin gördüyü işlər çərçivəsində Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni qəsəbə salındı və universitetin 1 saylı tələbə yataqxanasında məskunlaşmış ailələrin yeni evlərə köçürülməsi təmin edildi.Tam yararsız vəziyyətə düşmüş həmin yataqxana müasir standartlara uyğun layihələndirilib və tələbələrin rahatlığını təmin etmək üçün burada hər cür şəraitin yaradılması planlaşdırılıb. Həmçinin gələcəkdə universitetin 2 saylı tələbə yataqxanasının da təmiri nəzərdə tutulub. Artıq universitetin 1 saylı yataqxanasında təmir işləri davam edir. FHNnin institutları tərəfindən verilmiş layihə əsasında layihə -smeta sənədləri hazırlanmış, ekspertiza rəyi alınmış, tender keçirilmiş, qalib təşkilat elan edilmiş və təmirə start verilmişdir. İlkin mərhələ olaraq söküntü işləri aparılmış, zirzəmi qurudulmuş, hal-hazırda gücləndirmə və bərkidilmə işləri davam edir. Yataqxanada 100-ə yaxın otaqdan əlavə, kitabxana, camaşırxana, yeməkxana və tələbələrin asudə vaxtının keçirilməsi üçün istirahət guşəsi də nəzərdə tutulub. Yanvarın 28-də universitetin rektoru professor Elxan Hüseynov, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev yataqxanada gedən təmirtikinti işləri ilə yaxından tanış oldular. Rektor bildirdi ki, bizim qarşımızda duran əsas vəzifə yataqxananı əsaslı təmir edərək tələbələrimizin ixtiyarına verməkdir. Bu vaxta qədər tələbələrimizin dərsdən sonrakı asudə vaxtlarını səmərəli təşkil edə bilmirdik. Həmçinin universitetin tələbə yataqxanasının olmaması dünyanın bir sıra qabaqcıl universitetləri ilə bağlanmış müqavilələrimizi bütün bəndlər üzrə həyata keçirməyə mane olur, tələbə mübadiləsi proqramlarını səmərəsiz edirdi. Burada tələbələrin rahatlığı üçün hər cür şərait yaradılacaq, istilik və su sistemləri, eləcə də yanğın təhlükəsizliyi sistemi qurulacaq, yaşayış və məişət otaqları zəruri avadanlıqlarla təchiz olunacaq. Qeyd edək ki, yataqxanada gedən işlərə mütəmadi olaraq İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev nəzarət edir. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az