Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Dəmir Yumruq - Qələbəyə aparan yol” adlı sərgi təşkil olundu
SDU-da “Dəmir Yumruq - Qələbəyə aparan yol” adlı sərgi təşkil olundu
Sumqayıt Dövlət Universitetində Gənclər Günü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub. Bunlardan biri də universitetin foyesində işğalçı erməni terroruna qarşı Azərbaycanın şanlı mübarizəsinə həsr olunmuş “Dəmir Yumruq - Qələbəyə aparan yol” adlı tələbələrin əl işlərindən və rəsm əsərlərindən ibarət onlayn sərgi idi. Sərginin keçirilməsində məqsəd istedadlı gəncləri üzə çıxarmaq və onlara yeni yaradıcılıq stimulu verməkdi. Sərgidə qalib olmuş əl işləri və rəsm əsərlərini əməkdaşlarımız universitetin foyesində yerləşən monitorlarda və SDU-nun rəsmi “Youtube” kanalında izlədilər. Sərgidə ölkəmizin hərbi qüdrətini, əsgərlərimizin yüksək döyüş ruhunu, qələbə əzmini nümayiş etdirən bir-birindən maraqlı “Qız qalası”, ”Şuşa qalası”, “Ağdam məscidi”, “Topçu Vüsalın məğrur duruşu”, “Dəmir Yumruq”, “Ordumuz Qürurumuzdur”, şəhidlərimizin ruhuna ithaf olunan rəsm əsərləri, əl işləri iştirakçılar tərəfindən rəğbətlə qarşılandı. Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad edildi. Qeyd olundu ki, məhz “Dəmir yumruq” siyasətinin nəticəsidir ki, bu gün biz rahatlıqla deyə bilirik ki, “Qarabağ Azərbaycandır”. Bu amal, bu istək xalqımızı birləşdirdi. On minlərlə Azərbaycan gənci Ali Baş Komandanın bir cağrışı ilə səngərlərə sipər oldu.Yağı düşmənin üstünə yeridi. Qisası qiyamətə qoymadı. Qürurverici haldır ki, al qanı ilə tarix yazan Vətən mücahidlərinin, gənclərin sırasında tələbə və məzunlarımız da vardı. Onlar şərəfli döyüş yolları, sücaətləri ilə sübut etdilər ki, Sumqayıt Dövlət Universiteti təkcə müəllim, mühəndis, tarixçi deyil, həm də Tarix Yaradan Qəhrəmanlar yetişdirib! Sumqayıt Dövlət Universiteti Vətən müharibəsində iştirak edən hər bir tələbə və məzunu ilə qürur duyur! Bu istiqamətdə SDU-nun Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “ZOOM” platforması üzərindən qazilərlə mütəmadi olaraq görüşlər keçirildi, gənclərimiz ad və profil şəkillərini 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın şərəfinə onların ad və şəkilləri ilə əvəzləyərək xatirələrini yad etdilər. Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə gəncləri maarifləndirmək, onlarda vətənpərvərlik ruhunu daha da artırmaq məqsədilə “ZOOM” platforması üzərindən 700-dən çox müəllim və tələbənin iştirakı ilə “Tükənən nəfəsdən başlayan Vətən” adlı tədbir keçirildi. Ümumiyyətlə, SDU-nun tələbələri ölkəmizdə həyata keçirilən uğurlu siyasətin təbliğatında fəal iştirak edirlər.
Bizim işimiz haqq işidir! “Qarabağ Azərbaycandır!” nidası ilə başlayan, hər günü bir zəfər, bir dastan olan 44 günlük savaşla tarixi ədalət bərpa olundu. Bayrağımız Murovun zirvəsində, Ruh yüksəkliyində, Ağoğlan qəsrində, Şuşa qalasında, Xudafərin körpüsündə göründü! Müzəffər Ali Baş Komandanın, qüdrətli Azərbaycan Ordusunun iradəsi ilə Azərbaycan əsgəri ruh bədənə qovuşan kimi Şuşaya girdi! Odlar Yurdu Azərbaycanın qalada div əlində əsir qalan gözəllər kimi düşmən əsirliyində qalmış dilbər guşəsi, gözəlliklər diyarı Qarabağ əsarətdən qurtuldu. Dirçəliş dastanını 20 Yanvar şəhidlərinin al qanı ilə yazan millət Qurtuluş tarixini, Əbədi İstiqlal Manifestini Vətən müharibəsi şəhidlərinin, qazilərinin al qanı ilə yazdı. “Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə Azərbaycan yoxdur!” nidası ilə meydanlara axışan xalq “Qarabağ Azərbaycandır!” həqiqəti ilə böyük Zəfərə nail oldu. Bu onun üzləşdiyi Vətən müharibələrində ilk QALİBİYYƏTİ idi! “Mən xoşbəxtəm ki, Ata vəsiyyətinə əməl etdim!” “Əziz Şuşa, sən azadsan! Biz qayıtmışıq! Biz səni dirçəldəcəyik!” nidaları ilə 44 günlük haqq davasında tarixi Zəfərə imza atan Müzəffər Ali Baş Komandan Bakıdan Şuşaya bir yol saldı: Qələbə Yolu! Vətən mücahidlərinin, istiqlal fədailərinin ruhunun dolandığı bu Yolun o başından Milli Dirçəlişin, bu başından Böyük Qayıdışın dastanını yazan, Dəmir Yumruğa dönən millətin Vətən Sevgisi boy verir!
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az