Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası keçirildi
Elmi Şuranın növbəti iclası keçirildi

Mayın 8-də SDU-nun Elmi Şurası səs çoxluğu ilə öz işinə başladı. İclası giriş sözü ilə açan sədr Elxan Hüseynov elmi şura üzvlərini salamladı. 
Əvvəlcə rektor bildirdi ki, bu gün Şuşanın işğalından 23 il keçir. Ölkəmizin ən ağrılı, yaralı yurd yerlərimiz, qədim, zəngin tarixə və mədəniyyətə malik Şuşa şəhərimiz 1992-ci ilin mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmışdır. Şuşanın işğalı nəticəsində 480 günahsız soydaşımız qətlə yetirilmiş, 600 nəfər yaralanmış, 22 min insan öz yurdundan didərgin düşmüşdür. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilmişdir. Bizim hər birimizin mənəvi borcudur ki, vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Rektor Elxan Hüseynov bildirdi ki, ötən illərlə müqayisədə tələbə kontingenti 2 dəfədən çox artaraq 5 minə, tələbə qəbulu 645-dən 1242-yə, magistrların sayı isə 90-dan 350-yə çatdırılmışdır. Son bir ilin uğurlarından danışaraq qeyd etdi ki, tələbələrin bilik səviyyəsini, tədrisin stimulunu artırmaq üçün əmək bazarı öyrənilməklə pedaqoji və mühəndis kadrları hazırlayan yeni ixtisaslar yaradılmışdır. Xarici dil, riyaziyyat və informatika, tarix və coğrafiya, ibtidai sinif, məktəbəqədər təlim və tərbiyə, kompüter elmi üzrə tələbə qəbulundan əlavə dörd fakültədə rus dili ixtisasları açılmışdır.  Hal-hazırda 5 yeni ixtisasın açılması- Enerji maşınqayırma, təhsildə psixoloji xidmət, kimya-biologiya müəllimliyi, musiqi müəllimliyi, fiziki tərbiyə və çağrışaqədərki hazırlıq; 1695 tələbə qəbuluna hazırlaşırıq. 
İclasda Tədris hissəsinin müdiri, dosent İsabal Qurbanov Yay imtahan sessiyasına hazırlığının vəziyyəti barədə, Doktorantura və magistratura şöbəsinin müdiri, dosent Natiq Talıbov II kurs əyani təhsil alan magistrantların attestasiyasının nəticələri, Tədris Metodiki Şurasının sədri, professor  Məhəmməd Əhmədov  İmtahanların nəticələrinin qiymətləndirilməsi prosesində dəyişikliklərin aparılması haqqında, dosent İslam Paşayev Tələbə Elmi Cəmiyyətinin “Ali təhsil müəssisələrində təhsil alanların elmi tədqiqat işlərinin təşkili haqqında” əsasnaməyə müvafiq fəaliyyəti barədə, fakültə dekanları  kollokviumların, laboratoriya işlərinin və sərbəst işlərin yerinə yetirilməsinin vəziyyəti barədə məlumat verdilər.
Sonra  elmi şurada müsabiqələrin keçirilməsi və elmi adların müzakirəsinə başlanıldı. Rektor Elxan Hüseynov Rusiya Federasiyasının  Sankt-Peterburuq şəhərində keçirilmiş “Saint-Petersburq OPEN-2015”optoelektronika, fotonika və nanostrukturlar üzrə beynəlxalq konfransda universitetimizin TEC-in elmi rəhbəri, dosent İslam Paşayevi konfransın proqram rəhbəri Nobel mükafatı laureatı, Sankt Peterburq Akademik Universitetinin rektoru, NANO strukturlar mərkəzinin yaradıcısı, akademik Jores Alfyorovun imzası olan diplomu alması münasibətilə təbrik etdi və TEC-in fəaliyyətində  əldə olunmuş uğurlara  görə universitetimiz adından şəxsi işinə yazılmaq şərti ilə təşəkkür elan etdi. Riyaziyyat fakültəsinin  Riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasının müdiri Polad Qəhrəmanovun professor diplomu, Kimya-biologiya fakültəsinin  Botanika kafedrasının müəllimi Südabə Həsənovanı dosent diplomu və Ümumi və qeyri -üzvi kimya kafedrasının müəllimi Aynur Məmmədovanı fəlsəfə doktoru adı almağı münasibəti ilə təbrik etdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az