Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Heydər Əliyev məktəbinin “Ulu Öndər Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda onlayn formatda növbəti məşğələsi keçirildi
SDU-nun Heydər Əliyev məktəbinin “Ulu Öndər Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda onlayn formatda növbəti məşğələsi keçirildi
Martın 3-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev məktəbinin “Ulu Öndər Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda onlayn formatda növbəti məşğələsi keçirildi.
Tədbirdə Millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, universitetin və SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin pofessor-müəllim və tələbə heyətinin bir qrupu iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan rektor professor Elxan Hüseynov qonaqları və iştirakçıları salamladı, Hicran xanım Hüseynovanı görməkdən məmnunluğunu ifadə etdi və qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik etdi, qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs etdi. Bildirdi ki, dövlətimizin diqqət və qayğısı sayəsində cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak edən qadınlarımızın Azərbaycan cəmiyyətində rolu böyükdür. Respublikamızda ailə, qadın və uşaq problemlərinin dövlət siyasətinin prioritet istiqaməti olduğunu bildirən rektor qeyd etdi ki, bu gün təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların əksəriyyətini xanımlarımız təşkil edir. Artıq cəmiyyətdə elə bir aparıcı sahə yoxdur ki, qadınlarımız orada təmsil olunmasınlar. Bu, Ulu öndər Heydər Əliyev siyasətinin tərkib hissəsidir. İndi Azərbaycan qadınlarının səsi dünyanın hər yerindən eşidilir. Biz bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında daha aydın görürük. Bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər. Onun Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi təhsilimizin, mədəniyyətimizin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasında misilsiz xidmətləri var. Mehriban Əliyeva istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir.
Rektor ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan qadınına həmişə yüksək qiymət verdiyini, hazırda bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, onların fədakar əməyinin yüksək qiymətləndirildiyini, müxtəlif sahələrdə çalışan qadınlara fəxri adların, fərdi təqaüdlərin verildiyini, onların orden və medallarla təltif olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.
Rektor Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da Azərbaycanın tanıdılması, xüsusilə də Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərdiyini qeyd etdi. Bildirdi ki, onun təşəbbüsü ilə keçirilən tədbirlər həm də Azərbaycan gənclərinin potensialından xəbər verir.
Millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova rektor professor Elxan Hüseynovu və kollektivi salamladı, tədbirə dəvət olunduğuna görə dərin təşəkkürünü bildirdi və “Ulu Öndər Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda məruzə ilə çıxış etdi. Komitə sədri son illər sürətli inkişafı ilə beynəlxalq aləmdə seçilən Azərbaycanda hər sahədə olduğu kimi, qadın siyasətində də qazanılan uğurlar barəsində danışdı və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi dövlət qadın siyasətinin əsas istiqamətlər, qazanılan uğurlar, ölkəmizdə qadınların siyasi, iqtisadi, humanitar, elmi və digər sahələrdə əldə etdikləri böyük nailiyyətlər haqqında məlumat verdi. Hicran xanım Hüseynova həmçinin dövlət və yerli özünüidarəetmə orqanlarında qadınlarımızın iştirakçılığının artdığını diqqətə çatdırdı.
Qeyd etdi ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti nəticəsində Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştirakına marağı artmışdır. Hicran xanım Hüseynova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi.
İqtisadiyyat və idarəetmə fakültəsinin dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru Səadət Hümbətəliyeva “Heydər Əliyev hakimiyyəti dövründə Azərbaycanın iqtisadi inkişafında Azərbaycan qadınının rolu”, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri dosent Böyükxanım Eminli “Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan qadın siyasətçilərinin rolu”, Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Aytən Əsədova “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət idarəçiliyində fəaliyyəti”, Filologiya fakültəsinin IV kurs tələbəsi Nəzrin Adıgözəlzadə “Leyla Əliyevanın timsalında Azərbaycan gəncliyinin Qarabağ həqiqətlərinin Dünya ictimaiyyətinə çatdırılması işində uğurları”, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin I kurs tələbəsi Elnarə Məcidova “Azərbaycan qadını dövlətçilik tarixində!” mövzularında çıxış edərək, Azərbaycan qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik etdilər. Bildirdilər ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında daha fəal iştirakına geniş yer verildi. Bunun nəticəsində də qadınların dövlət quruculuğu işlərinə cəlbolunma sayı artdı. Ümummilli liderin bu siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov, Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev çıxış edərək 8 Mart –Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir iştirakçılarını və onların simasında bütün qadınları təbrik etdilər, müstəqil Azərbaycan dövlətinin həyatın bütün sahələrində uğurlu fəaliyyət göstərən, cəmiyyət quruculuğuna öz dəyərli töhfələrini verən qadınlarımızın əməyini yüksək qiymətləndirdilər.
Sonda rektor professor Elxan Hüseynov bildirdi ki, universitetin bir qrup qadın əməkdaşları səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə fəxri fərmanla təltif edilmişlər
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az