Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru, professor Elxan Hüseynovun 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbriki
SDU-nun rektoru, professor Elxan Hüseynovun 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbriki
Rektor professor Elxan Hüseynov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə universitetdə çalışan bütün xanım əməkdaşları təbrik etdi.
Əziz xanımlar!
Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir və ən xoş arzularımı bildirirəm!
Azərbaycan qadını öz ağlı, zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə bizim xalqımızı, millətimizi daim ucaldıbdır. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında daim fəal iştirak etmişdir. Qeyd etmək yerinə düşər ki, Sumqayıt Dövlət Universitetində də qadınlar həm universitetin idarə olunmasında, həm də pedaqoji heyətin tərkibində olduqca əhəmiyyətli yer tuturlar. Belə ki, universitetin 7 fakültəsindən üçünün dekanı, 29 kafedrasından 9-nun müdiri qadınlardır. Son illər fəlsəfə və elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul olunmuş əməkdaşların əksəriyyətini qadınlar təşkil edir. Bizim analarımız, bacılarımız, tarix boyu öz oğulları, qardaşları, həyat yoldaşları ilə istər döyüşdə, istər ictimai-siyasi, sosial və mədəni həyatda, istərsə də ailədə daim birlikdə addımlamış, həyatın onların qarşısına çıxardığı bütün çətinliklərə rəğmən çiyin-çiyinə rəşadətlə mübarizə aparmışlar. Bizim cəmiyyətdə qadınlara hər zaman tolerant münasibət bəslənib. 80-ci illərin sonu, 90-cı illərin əvvələrində respublikada cərəyan edən mürəkkəb proseslərdə qadınlar da kişilərlə bərabər iştirak etmişlər.Tank sürücüsü Sarışın ləqəbli Sevil Abbasova, Sərçə ləqəbli snayper atıcısı Nahidə Qarayeva, İlk şəhid jurnalist qadın Salatın Əsgərova, Qəhrəmanov Kamal adı ilə qeydiyyata düşən Kəmalə Qəhrəmanova və daha neçə-neçə qadınlarımız zərifliyin arxasında böyük güc və əzmləri ilə düşmənə qan uddurmuş, həm I, həm də II Qarabağ müharibəsində adlarını tarixin yaddaşına qızıl hərflərlə yazmışlar. Tarix ötən ilin sonlarına doğru cəmiyyətimizi ağır bir sınağa çəkdi. Heç bir müharibə itkisiz ötüşmür. Biz bu müharibəni də şəhidlərimizin qanı bahasına qələbə ilə başa vurduq. Bu qəhrəmanların hər birini dünyaya bəxş edən, onları vətənpərvərlik ruhunda yetişdirən, gözünü qırpmadan Vətən, torpaq uğrunda şəhid verən analarımız dərin hörmətə layiqdir. Biz qazandığımız qələbəni şəhidlərimiz qədər onlara da borclu və minnətdarıq.
Tarixi nöqteyi-nəzərdən qısa bir zamanda Azərbaycanda qadınlar cəmiyyətdə, həyatın bütün sahələrində özlərinə məxsus olan yeri tutdu. Biz fəxr edirik ki, Azərbaycan qadını həm elmdə, mədəniyyətdə, təhsildə, səhiyyədə, həm də iqtisadiyyatın bütün sahələrində: – sənayedə, kənd təsərrüfatında, ticarətdə – hər sahədə özlünü göstərdi və ölkəmizin, millətimizin inkişafına öz töhfəsini verdi. Məhz qadınların bu cür geniş fəaliyyəti nəticəsində Azərbaycanda qısa müddətdə təhsil inkişaf etdi, insanlar savadlandı və Azərbaycan təhsili belə yüksək səviyyəyə qalxdı. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar.
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Qadınlar doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və onların xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərlərinə düşən ağır yükü şərəflə daşıyırlar.
Bu gün, bu bayram günü mən sizə, Azərbaycanın bütün qadınlarına cansağlığı, bütün işlərində uğurlar arzulayıram! Gözləriniz qəm görməsin, əziz xanımlar! Sevgi qəlbinizə fərəh, yolunuza işıq salsın!
Bayramınız mübarək olsun, əziz qadınlar!
 
 
Mətbuat xidməti


ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az