Əsas səhifə | Xəbərlər | SDU-da “Nizami Gəncəvi yaradıcılığında intibah ideyaları və qadın obrazları” mövzusunda onlayn formatda bədii tədbir keçirildi
SDU-da “Nizami Gəncəvi yaradıcılığında intibah ideyaları və qadın obrazları” mövzusunda onlayn formatda bədii tədbir keçirildi
Martın 10-da Sumqayıt Dövlət Universitetində dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvi yaradıcılığında intibah ideyaları və qadın obrazları” mövzusunda onlayn formatda bədii tədbir keçirildi.
Tədbirdə Fəlsəfə və Sosiologiya Akademiyasının rəhbəri, Fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub, universitetin bir qrup professor - müəllim və tələbə heyəti iştirak etdilər.
Tədbiri giriş sözü ilə SDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq universitetin rektoru professor Elxan Hüseynovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Nizami Gəncəvi yaradıcılığından, Nizami irsinə göstərilən dövlət qayğısından danışdı. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, xalqımızın Ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin təbliğinə və inkişafına həmişə xüsusi önəm verərək bu istiqamətdə nəinki respublikamızda, eləcə də beynəlxalq səviyyədə möhtəşəm layihələrin reallaşması üçün böyük səylər göstərmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin irsinin tədqiqi və təbliğinə xüsusi diqqət yetirdiyini vurğulayan prorektor bu istiqamətdə hazırda ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışdı. Diqqətə çatdırdı ki, Heydər Əliyevlə başlanan ənənələr Prezident cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. 2021-ci ilin “Nizami Gəncəvi İli”, işğaldan azad olunmuş Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və dövlətimizin başçısının çıxışlarında milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirməsi Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisidir.
Prorektor “Nizami Gəncəvi İli” çərçivəsində Sumqayıt Dövlət Universitetində müxtəlif formatlarda və mövzularda çoxsaylı tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirdi. Vurğuladı ki, SDU-da Azərbaycanın görkəmli şəxsiyyətləri və mütəfəkkirlərinə həsr olunmuş tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verilir, onların zəngin irsinin öyrənilməsi, nümunəvi həyat və yaradıcılıq fəaliyyətlərinin gənc nəsil arasında təbliği diqqət mərkəzində saxlanılır.
Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Avtandil Məmmədov “Nizami Gəncəvinin qadın obrazlarının timsalında milli-əxlaqi dəyərlərin təcəssümü” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, böyük şairin yaradıcılığı ibrətamiz və düşündürücü olduğu üçün hər zaman böyük oxucu kütləsi qazanıb. Nizaminin yaradıcılığı təkcə Azərbaycan üçün deyil, dünya bədii ədəbiyyatı üçün tükənməz xəzinədir. Şərq dünyasının mütəfəkkir filosofu, dahi Azərbaycan şairi Nizami öz əsərlərində əxlaq və etikanı təbliğ edib. Həmin əsərlər bu gün də aktuallığını saxlamaqdadır. Böyük şairin yaradıcılığında qadın obrazı xüsusi yer tutur.
Məruzə ətrafında Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Əli Rzazadə “Nizami Gəncəvi yaradıcılığında gender bərabərliyi”, Fəlsəfə və Sosiologiya Akademiyasının rəhbəri, Fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub “Nizami Gəncəvinin fəlsəfi baxışında qadın fenomeni”, SDU THİK-nin sədri Nemət İbayev “Nizami Gəncəvi yaradıcılığında qəhrəman qadın obrazları və Azərbaycanın müasir qadın qəhrəmanları” mövzularında çıxış etdilər. Natiqlər dünya ədəbiyyatının görkəmli nümayəndəsi və dühası Nizami Gəncəvinin həyatı, yaradıcılığı, poetik-fəlsəfi fikirləri, dünyanın tanınmış şərqşünas alimlərinin Nizami haqqında düşüncələri, dahi şairin əsərlərinin dünyanın bir çox dillərinə tərcümə edilməsi barədə ətraflı məlumat verdilər. Qeyd etdilər ki, dahi Azərbaycan şairi və mütəfəkkiri, böyük filosof Nizami Gəncəvinin yaradıcılıq meyarlarının əsasını qadın obrazları təşkil edir. Şairin yaradıcılığının ilk qəzəlindən tutmuş “Xəmsə”sinin bütün poemalarında bu məsələ öz əksini tapmışdır. Şair "Xosrov və Şirin"də bu mövzuya geniş yer vermiş, Məhin Banu və Şirin kimi maraqlı surətlər yaratmışdır. Nizami Şirin obrazını elə məharətlə yaratmışdır ki, bu obraz dünya ədəbiyyatının qadın obrazları içərisində ən şərəfli yerlərindən birini tutur. Nizami Gəncəvinin qadın surətlərində bir analıq əzəməti, qadınlıq mərhəməti, insanlıq sevgisi təzahür edir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az