Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti onlayn formatda iclası keçirildi
Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti onlayn formatda iclası keçirildi
Martın 12-də Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti onlayn formatda iclası keçirildi.
Rektor professor Elxan Hüseynov iclas iştirakçılarını salamlayaraq, gündəlikdə olan məsələləri iştirakçıların nəzərinə çatdırdı və universitetin tədris və elmi fəaliyyətinin bütün istiqamətlər üzrə inkişafından danışdı.
İclasda transfer.edu.az portalı vasitəsilə Sumqayıt Dövlət Universitetinə tələbə köçürmələrinin nəticələri barədə Tədris Metodik Mərkəzin direktoru Faiq Şirinov ətraflı məlumat verdi. Qeyd etdi ki, tələbə köçürmələri universitetimizin nüfuzunun daha da artması ilə əlaqədardır.
Bakalavriat və magistratura səviyyələrində istehsalat və pedaqoji təcrübələrin gedişatı və Yekun Dövlət Attestasiyasına hazırlığın vəziyyəti haqqında Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov və fakültə dekanları məlumat verdilər. Qeyd olundu ki, pandemiya şəraiti ilə əlaqədar ənənəvi təcrübə keçmək mümkün olmadığı üçün tələbələrə ixtisaslarına uyğun mövzular və 25-30 səhifəlik hesabat hazırlaması tapşırığı verilmişdir. Həftədə minumum 1gün təcrübə rəhbərlərinin və kafedranın aparıcı müəllimlərinin təşkilatçılığı ilə onlayn formatda qrupların ixtisasına uyğun təcrübəyə aid slaydlarla dərslər keçirilir, tələbələr təcrübədə onlayn formatda fəal iştirak edirlər. İstehsalat təcrübəsi keçən tələbələrə texnoloji avadanlıqlar slayd şəklində təqdim olunur. Onlara bu avadanlıqların iş mexanizmi, onlarla necə davranma qaydaları haqqında məlumat verilir. O da qeyd olundu ki, magistrantların elmi-tədqiqat təcrübələri qrafik üzrə universitetdə həyata keçirilir, onlar təcrübə rəhbərlərindən və elmi rəhbərlərindən daim məsləhət alırlar.
Pedaqoji təcrübələrin qrafiki üzrə cədvəl tutulub. Cədvələ uyğun olaraq onlayn dərslər keçirilir.
Prorektor dosent Natiq Talıbov Yekun Dövlət Attestasiyasına hazırlığın vəziyyəti barədə məlumat verərək bildirdi ki, artıq zəruri tədris-metodiki işlər, imtahan suallarının təqdim olunması və digər məsələlər həyata keçirilmişdir.
2020-ci ildə SDU-nun doktorantura səviyyəsinə qəbulun nəticələri barədə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov məlumat verdi.
SDU-nun “Elmi xəbərlər” jurnalının və Elmi konfrans materiallarının “Rusiya Elmi İstinad İndeksi” (РИНЦ) beynəlxalq məlumat bazasında yerləşdirilməsindən irəli gələn vəzifələr barədə Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov çıxış etdi. SDU-nun “Elmi xəbərlər” jurnalının Təbiət və texniki elmlər, Sosial və humanitar elmlər bölmələri, həmçinin universitetdə keçirilən elmi konfrans materiallarının “Rusiya Elmi İstinad İndeksi” (РИНЦ) bazasında yerləşdirilməsini müsbət qiymətləndirdi. “Elmi xəbərlər” jurnalına və elmi konfrans materiallarına gələcəkdə impakt faktorun alınmasını təmin etmək üçün onların beynəlxalq məlumat bazasında fəal izlənilməsi SDU-nun professor-müəllim heyətinə, fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə elmi-tədqiqat işlərini aparan doktorant və dissertantlara tapşırıldı.
Aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi. Bununla da, rektorluğun onlayn iclası başa çatdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az