Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi Şuranın onlayn formatda növbəti iclası keçirildi
Elmi Şuranın onlayn formatda növbəti iclası keçirildi
Martın 18-də Sumqayıt Dövlət Universitetində Elmi Şuranın onlayn formatda növbəti iclası keçirildi. Universitetin rektoru, Elmi Şuranın sədri professor Elxan Hüseynov əvvəlcə universitetin professor-müəllim və tələbə heyətini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi, onlara ən xoş arzularını çatdırdı və gündəlikdə duran məsələlər barədə məlumat verdi.
SDU-da yaz semestrində məsafədən dərslərin gedişatının vəziyyəti barədə Tədris Metodik Mərkəzin direktoru Faiq Şirinov çıxış edərək diqqətə çatdırdı ki, 2020–2021-ci tədris ilinin yaz sessiyası COVID-19 pandemiyası ilə əlaqədar olaraq, onlayn formatda davam edir. Tədris prosesinin uğurlu təşkil edilməsi üçün universitet rəhbərliyi və müvafiq struktur və şöbələr tərəfindən lazimi tədbirlər görülüb. Onlayn dərslər ənənəvi dərs cədvəlinə uyğun aparılır. Tələbələrin dərslərdə iştirakı yüksək səviyyədədir. Dərslərə Tədris Metodik Mərkəz tərəfindən təyin olunmuş dispetçerlər nəzarət edirlər.
Mövzu ilə bağlı fakültə dekanları da çıxış edərək, yaz semestrində dərslərin gedişi barədə ətraflı məlumat verdilər. Bildirdilər ki, koronavirus pandemiyası dövründə məsafədən tədrisin sistemli və uğurlu təşkili üçün bütün imkanlarını səfərbər edən universitet kollektivi təhsildə davamlılığın təmin edilməsini müvəffəqiyyətlə həyata keçirir.
SDU-nun Strateji inkişaf planının həyata keçirilməsi ilə bağlı Fəaliyyət planı haqqında Elmi katib professor Muxtar Səmədov çıxış edərək qeyd etdi ki, rektorun 05.02.2021-ci il tarixli R-06/1 saylı əmri ilə Sumqayıt Dövlət Universitetinin Strateji İnkişaf Planında nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək və universitetin perspektiv inkişafına dair Fəaliyyət planının işlənməsi məqsədilə işçi qrupu yaradılmışdır. Bütün struktur rəhbərləri tərəfindən verilən təkliflər işçi qrupu tərəfindən təhlil edilmiş və Strateji inkişaf planına uyğun olaraq, 2021-ci il üçün Fəaliyyət planı müəyyənləşdirilmişdir.
Sonra Fəaliyyət planının müddəaları Elmi Şura üzvlərinin nəzərinə çatdırıldı. Müzakirələr zamanı verilən təkliflər nəzərə alınmaqla, Fəaliyyət planı açıq səsvermə ilə yekdilliklə qəbul olundu.
Universitetdə keçiriləcək elmi konfranslara hazırlığın vəziyyəti barədə Elmi hissənin müdiri dosent Samir Orucov çıxış edərək bildirdi ki, 2021-ci ilin aprel ayında “Azərbaycan Respublikası 1991-2021: dövlət müstəqilliyinin bərpası, iqtisadi və sosial-mədəni inkişafı” (dövlət müstəqilliyinin bərpasının 30-illiyinə həsr olunur) mövzusunda Respublika elmi konfransı, “İnformasiya cəmiyyətində iqtisadiyyatin davamlı inkişaf problemleri” mövzusunda Beynəlxalq elmi konfrans, aprel ayında “Kimyanın müasir problemleri” mövzusunda Respublika elmi konfransı, oktyabr ayında “Dil, Şəxsiyyət və Cəmiyyət” Respublika elmi konfransı, noyabr ayında “Energetika ixtisasları üzrə kadr hazırlığının aktual məsələləri” mövzusunda II Respublika elmi konfransı, “Kimya texnologiyası və mühəndisliyinin innovativ inkişaf perspektivləri” mövzusunda II Beynəlxalq elmi konfrans, dekabr ayında “Regional İqtisadiyyat: müasir aspektlər və aktual məsələlər” mövzusunda Respublika elmi konfransının keçirilməsi planlaşdırılmışdır. Dosent Samir Orucov onu da qeyd etdi ki, bütün elmi konfranslara hazırlıq mütəşəkkil formada və vaxtında həyata keçirilir.
SDU-da 3 Dissertasiya Şurasının və onların nəzdində fəaliyyət göstərən Elmi seminarların üzvlərinin aylıq əməkhaqlarına əlavənin tətbiq edilməsi barədə Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov məlumat verdi. Bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələrin verilməsi qaydası haqqında Əsasnamə”nin 4.3 bəndini və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət heyətinin 29 oktyabr 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə Təlimat”ın 2.27-ci bəndini əsas tutaraq, SDU-da fəaliyyət göstərən 3 Dissertasiya Şurasının və onların nəzdində fəaliyyət göstərən elmi seminarın üzvlərinin aylıq əməkhaqlarına əlavə ödənilməsi məqsədəuyğundur. Sonra Dissertasiya Şuralarının və Elmi seminar üzvlərinin aylıqəmək haqlarına əlavə ödənilməsi qərara alındı.
Elmi katib professor Muxtar Səmədov qeyd etdi ki, Pedaqogika və psixologiya kafedrasının əməkdaşları psixologiya üzrə fəlsəfə doktoru Sevər Mirzəyevaya elmi-pedaqoji fəaliyyətinə görə dosent elmi adının verilməsinə dair, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc Kərimovaya elmi-pedaqoji fəaliyyətinə görə dosent elmi adının verilməsinə dair, Maliyyə və mühasibat uçotu kafedrasının əməkdaşı iqtisad üzrə fəlsəfə doktoru Aygün Əliyevaya elmi-pedaqoji fəaliyyətinə görə dosent elmi adının verilməsinə dair AAK qarşısında vəsatət qaldırılması ilə əlaqədar rektorun adına ərizə ilə müraciət etmişlər və rektorun dərkənarı ilə sənədlər Elmi Şuraya təqdim olunmuşdur. Aparılan müzakirələrdən sonra gizli səsvermənin nəticəsinə əsasən hər üç əməkdaşın dosent elmi adı alması üçün AAK qarşısında vəsatət qaldırılması qərara alındı.
Bununla da, Elmi Şuranın iclası yekunlaşdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az