Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru, professor Elxan Hüseynovun “Novruz bayramı” münasibəti ilə təbriki
SDU-nun rektoru, professor Elxan Hüseynovun “Novruz bayramı” münasibəti ilə təbriki
Hörmətli professor-müəllim heyəti,
Əziz tələbələr və əməkdaşlar,
Sizi yer üzünə yenilik, torpağa oyanış, insanlara xoş əhval-ruhiyyə gətirən Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Bir xalqın tarixi onun adət-ənənələri, mədəniyyəti, qədimliyi ilə ölçülür. Azərbaycan xalqının çoxəsrlik mədəni sərvətlər xəzinəsində Novruz bayramının xüsusi yeri var. Tariximizin və mədəniyyətimizin daşıyıcısı olan Novruz bayramı həm də ictimai həyatda canlanma, təmizlik, mehribanlıq və xeyirxahlığı tərənnüm edir. Belə yüksək dəyərləri olan bayramı gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.
Novruz bayramı 2009-cu ildə YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
Novruz bayramı Azərbaycan xalqının humanist, mütərəqqi dəyərlərinin, minillik adət-ənənələrinin məcmusudur. Novruz insan və təbiətin möhkəm bağlılığına əsaslanır. Fəsil dəyişikliyi insanların düşüncəsində böyük fəlsəfi mahiyyət kəsb edərək müxtəlif rituallarda özünü göstərmişdir. 4 çərşənbə axşamı: Su, Od, Yel, Torpaq çərşənbələrinin qeyd edilməsi kainatın qanunauyğun nizamından xəbər verir və bu mənada yeni gün, yeni başlanğıc Novruzu təyin edən əsas göstəricidir. İnsanları birliyə, bərabərliyə, paylaşmaya, saflığa və fəaliyyətə səsləyən Novruzun aşıladığı humanist dəyərlər çağdaş insanlığın da ehtiyac duyduğu əhəmiyyətli çağırışlardır. İstər astroloji, istər fəlsəfi, istər bioloji cəhətdən Novruz yeni ilin başlanğıcı, təbiətin oyanışı zamanıdır. Simvolik baxımdan bu il Novruz bizim xalqımız, Azərbaycan dövləti üçün də böyük dəyişikliklə müşayiət olunur. Ali Baş Komandanımızın riyazi dəqiqiliklə sərrast yönəldilən hərbi idarəetməsi sayəsində böyük və inanılmaz möcüzə yaşadıq. Gözmuncuğu, baş tacımız olan gözəl Şuşamıza qovuşduq. Bu tarixi hadisə bütün Türk dünyası üçün yeni gün, yeni başlanğıcdır. Xalqımız öz Vətənini, torpağını düşməndən azad etmək üçün döyüşlər apardı. Neçə-neçə qəhrəman döyüşçülərimiz, qeyrətli oğullarımız bu döyüşlərdə torpağımızı, Vətənimizi müdafiə edərək şəhid oldu. Bu bayram günlərində mən şəhid olmuş övladlarımızı yad edir və onların ruhu qarşısında baş əyirəm. İnanıram ki, şəhidlərin xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Vətən bu fədakarlığı heç vaxt unutmayacaqdır!
Qədimdən bəri qeyd etdiyimiz Novruz bayramı Azərbaycan Respublikasının dövlət bayramıdır. Lakin biz bu il Novruz bayramını ənənəvi şəraitdə keçirmirik. Ancaq heç bir şərait və vəziyyət xalqımızın milli adətinə bağlılığı və ənənsinə sədaqətini əngəlləyə bilməz. Evimizdə cücərtdiyimiz səmənidən tutmuş, rəmzi kosmik fəza cismlərinin: şəkərbura, paxlava, qoğalın hazırlanmasına qədər hər birimiz sevimli bayramımızı hər zamankı kimi böyük sevgi və həvəslə qarşılamağa hazırıq. Nəfəsində həyat, rişəsində canlılıq, duyğusunda doğmalıq yaşadan Bahar bayramınız mübarək! Sizin hər birinizə, ailə üzvlərinizə və yaxınlarınıza bu Müqəddəs bayram ərəfəsində möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik, bahar əhval-ruhiyyəsi, ruzi-bərəkət, şəxsi həyatınızda xoş yeniliklər arzulayıram! Qoy Novruz bayramı hər bir ailəyə səadət, hər bir Azərbaycan vətəndaşına xoşbəxtlik, doğma vətənimizə tərəqqi və inkişaf gətirsin!
Hər birinizə qüdrətli Azərbaycanın inkişafı naminə təhsildə və tədrisdə böyük uğurlar arzulayıram!
Novruz bayramınız mübarək!
 
Mətbuat xidməti


 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az