Əsas səhifə | Xəbərlər | SDU-da "31 mart 1918-ci il - Azərbaycanlıların Soyqırımı Günüdür" mövzusunda onlayn formatda elmi-praktik konfrans keçirildi
SDU-da "31 mart 1918-ci il - Azərbaycanlıların Soyqırımı Günüdür" mövzusunda onlayn formatda elmi-praktik konfrans keçirildi
Martın 31-də Sumqayıt Dövlət Universitetində “31 mart 1918-ci il –azərbaycanlıların soyqırımı günüdür" mövzusunda onlayn formatda elmi-praktik konfrans keçirildi.
Konfransın əvvəlində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov konfransı açaraq, universitetin rektoru professor Elxan Hüseynovun salamlarını tədbir iştirakçılarına çatdırdı və ermənilərin tarix boyu azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətinin dəhşətli nəticələrindən danışdı, ermənilərin soyqırımı siyasətini müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirdiklərini, bunun kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunduğunu qeyd etdi. Bildirdi ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasəti 1918–1920-ci illərdə daha geniş yayılıb. Onlar Bakıda, Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və digər ərazilərdə azərbaycanlıları amansızlıqla, vəhşicəsinə qətlə yetiriblər. Bu qanlı hadisələrin daha dəhşətlisi 1918-ci il 30 mart – 3 aprel tarixlərində törədilib. Həmin dövrdə Azərbaycan ərazisində 12 minədək azərbaycanlı amansızlıqla qətlə yetirilib, yaşayış binaları, məscidlər və məktəblər yandırılıb, on minlərlə insan itkin düşmüşdür. Yalnız ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında həmin hadisələrə hüquqi-siyasi qiymət verildi və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldığı ilk dəfə rəsmi olaraq bildirildi. Ulu öndər Heydər Əliyevin tarixi fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplandı, Quba şəhərində kütləvi məzarlıq aşkarlandı. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart–aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı soyqırımının coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğu sübuta yetirildi.
Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov "31 mart 1918-ci il - Azərbaycanlıların Soyqırımı Günüdür" adlı məruzəsində azərbaycanlılara qarşı aparılmış soyqırımı siyasətinin tarixinə toxunaraq, bu barədə əsl həqiqətin Ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırıldığını bildirdi. Professor onu da qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olundu. Xalqımızın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə ermənilərin törətdiyi soyqırımlarına verilən ən layiqli cavab oldu. Professor çıxışının sonunda gənc nəsli soyqırımı qurbanlarının, hər iki Qarabağ müharibəsi şəhidlərinin xatirəsini daim əziz tutmağa və tarix boyu bədnam qonşularımızın başımıza gətirdikləri faciələrdən ibrət almağa çağırdı.
Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Avtandil Məmmədov “Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası” mövzusunda məruzə ilə çıxış etdi. Qeyd etdi ki, tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən və “Böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırımına məruz qoymuş, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər.
Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Əmirxan İsayev “1918-ci ildə ermənilər tərəfindən Azərbaycanın bölgələrində törədilən qırğınlar” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, 31 mart soyqırımı ermənilərin tarixən yürütdüyü soyqırımı siyasətinin ən qanlı səhifələrindəndir.
Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Nofəl Abdullayev “Ulu öndər Heydər Əliyevin Azərbaycanlıların soyqırımı haqqında 26 mart 1998-ci il tarixli Fərmanının tarixi mahiyyəti haqqında” məruzə ilə çıxış etdi, dünya tarixində insanlıq əleyhinə ən dəhşətli cinayətlərdən olan, erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş 1918-ci ilin mart soyqırımı haqqında məlumat verdi. Vurğuladı ki, ümummilli liderimiz Heydər Əliyevin imzaladığı Fərmanda bu hadisələrə ilk dəfə siyasi qiymət verilmiş və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması rəsmi surətdə bəyan edilmişdir. Eyni zamanda həmin vaxtdan 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur, erməni ideoloqlarının dövlət səviyyəsində dəstəklədikləri etnik təmizləmə və terror siyasətinin günahsız qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir.
Məruzə ətrafında Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev çıxış edərək ermənilərin xalqımıza qarşı törətdiyi qanlı cinayətlərlərdən danışdı və bu hadisələrdə həyatını itirmiş soydaşlarımızın əziz xatirəsinin həmişə bizim yaddaşlarımızda qalacağını bildirdi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az