Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində rektorluğun onlayn formatda növbəti iclası keçirildi
Sumqayıt Dövlət Universitetində rektorluğun onlayn formatda növbəti iclası keçirildi
Aprelin 21-də Sumqayıt Dövlət Universitetində rektorluğun onlayn formatda növbəti iclası keçirildi. Rektor professor Elxan Hüseynov iclas iştirakçılarını salamlayaraq, gündəlikdə olan məsələləri iştirakçıların nəzərinə çatdırdı və universitetin bütün istiqamətlər üzrə inkişafından danışdı.
Tədris Metodiki Mərkəzin direktoru Faiq Şirinov Akademik qruplarda keçiriləcək kollokviumlara hazırlığın və 2020–2021-ci tədris ilində SDU-ya köçürülmüş tələbələrin tədris prosesinin təşkilinin vəziyyəti barədə məlumat verdi. Bildirdi ki, kollokviumların keçirilməsi aprelin 25-dən mayın 10-dək planlaşdırılıb. Pandemiya şəraiti ilə əlaqədar olaraq, Elmi Şuranın qərarı ilə semestr ərzində qruplarda keçirilən kollokviumların sayı 3-dən 1-ə endirilib. 2020–2021-ci tədris ilinin yaz semestrində də qruplarda bir kollokvium keçirilməsi nəzərdə tutulub. Kollokvium sualları bütün tələbələrə göndərilib. Kollokviumların qiymətləndirilməsi hər tələbəyə verilən 3 sualın cavablandırılması əsasında aparılacaq. Kollokviumla bağlı tələbələr dekanlıqlar tərəfindən məlumatlandırılıb. Kollokviumların keçirilməsi ilə bağlı cədvəllər tələbələrə və Tədris Metodiki Mərkəzə təqdim edilib.
Faiq Şirinov 2020–2021-ci tədris ilinin payız semestrinin imtahan sesiyyasından sonra tətil müddətində transfer.edu.az elektron portalı vasitəsilə köçürülmə haqqında da məlumat verdi.
İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev SDU-nun tələbə yataqxanasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi barədə məlumat verdi. Bildirdi ki, universitetin 1 saylı yataqxanasında əsaslı təmir işləri davam edir. İlkin mərhələ olaraq söküntü işləri yekunlaşmış və quraşdırma işləri başlanılmışdır. Bərkitmə işləri sona çatmışdır. Otaqlarda, elektrik, kamera, yanğın siqnal xətlərinin işləri tamamlanmaq üzrədir. İstilik xətləri çəkilmiş, sanitar qovşağı və binanın dam örtüyü üzrə işlər uğurla davam etdirilir.
Prorektor Naib Hacıyev 2020–2021-ci tədris ili üzrə təhsil haqlarının ödənilməsinin vəziyyəti barədə də geniş məlumat verdi.
Kadrlar şöbəsinin müdiri Nofəl Əhmədov SDU əməkdaşlarının vaksinasiya prosesində iştirakı barədə çıxış edərək bildirdi ki, “Azərbaycan Respublikasında COVID–19 xəstəliyi əleyhinə 2021–2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının vaksinasiya prosesi uğurla davam edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban Əliyevanın ölkə vətəndaşlarının peyvənd olunmaları ilə bağlı tapşırıq və tövsiyələrini, həmçinin Nazirlər Kabinetinin, Təhsil Nazirliyinin və digər müvafiq dövlət qurumlarının əmr, qərar və göstərişlərini əsas tutan Sumqayıt Dövlət Universitetinin rəhbərliyi bu ali təhsil müəssisəsində çalışan professor-müəllim və tədris-köməkçi heyətinin, eləcə də digər əməkdaşların peyvənd olunmalarına xüsusi diqqət və qayğı göstərir və bu vacib işi daim diqqət mərkəzində saxlayır. Nofəl Əhmədov SDU əməkdaşlarının vaksinasiya prosesində iştirakı barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, universitetin bütün yaş qrupuna daxil olan əməkdaşları müvafiq ardıcıllıqla peyvənd olunurlar.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov Nazirlər Kabinetinin Qərarına əsasən Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə edilən dəyişikliklərə əsasən tədris prosesində dərs cədvəllərində ediləcək dəyişikliklər barədə məlumat verdi. Bildirdi ki, Nazirlər Kabinetinin Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 may və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da, Ramazan bayramı günləri də daxil olmaqla, mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq. Bu dəyişikliyə uyğun olaraq, tədris prosesində müvafiq tədbirlərin həyata keçirilməsi fakültə dekanlarına və kafedra müdirlərinə tövsiyə olundu.
Aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi. Bununla da, rektorluğun onlayn iclası başa çatdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az