Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin kollektivi ağacəkmə kampaniyasında fəal iştirak etdi
Sumqayıt Dövlət Universitetinin kollektivi ağacəkmə kampaniyasında fəal iştirak etdi
Ulu Tanrı yer üzünü sevgidən yaratdı. Dağları, dərələri, yaşıl yaylaqları “əşrəfi” dediyi insana məskən etdi. Sərt qayaların, uca dağların ətəyində yaşıl ormanları, sıx meşələri saldı. Dünyanın Ana müqəddəsliyini, Ağac sevgisini dünyanın özü ilə birlikdə yaratdı. Su çəkənin, yol çəkənin, ağac əkənin ömrü çəkdikləri, əkdikləri qədər olar dedilər. Dünya fatehi olan sərkərdə xaqanlarımız “Kim bir ağac kəssə qollarımı budamış olar” söyləyərdilər. Altun çadırlarımızın dirəklərini qədim-qayım ağaclardan yondular, sazımız, tarımız, udumuz, neyimiz müxtəlif ağaclardan oyuldu. Ulu Dədə Qorqudun “Qaba Ağacımız doğranmasın, axar çaylarımız qurumasın” hikmətidə belə yarandı. Oğuz oğlu dünyaya gələn körpəsinin beşiyini, dünyadan gedəninin cənazəsini Qaba Ağacından yondu. Bu səbəbdən də hər türk, azərbaycanlı üçün ağac müqəddəsliyi su, od, torpaq müqəddəsliyinə bərabər oldu. Bahar yer üzünün oyanışıdı. Baharda torpaq al yaşıl geyinər, ağaclara can gələr, tumurcuqlar çiçəyə dönər. Salxım söyüdlər, xan çinarlar, kölgəli palıdlar dünyanı cənnətə çevirər. Dünyanın nəfəs damarı sudur, ağaclardır. Uzaq yollar yorğunu olan karvanların, sarvanların kölgə yeridir, sərinliyidir ağaclar. Bəşəriyyətin aldığı nəfəsdir ağaclar. Bu səbəbdən də Təbiətlə insanı harmoniyada görən hər kəs ilin iki fəslində - payızda və yazda ağaclar əkir. Ağac əkmək kampaniyası ölkəmiz üçün dövlət siyasəti, idarəçilik prioritetidir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təməli qoyulan bu müqəddəs vəzifə bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev fondunun vitse prezidenti İDEA ictimai birliyinin rəhbəri Leyla xanım Əliyevanın rəhbərliyi ilə hər il ölkəmizdə Ağac əkmə kampaniyası çərçivəsində on minlərlə ağac əkilir. Torpağa can, insana nəfəs verilir. Azərbaycan xalqı olaraq bu il biz bir başqa bahar, bir başqa yaz yaşayırıq. Bayram tonqalımız, Zəfər, Qələbə tonqalımız çatıldı. Şuşa qalasının ətəyində, Cıdır düzündə çatılan Novruz tonqalının hərarəti bütün Qarabağa, oradan da türk dünyasına yayıldı. Baharla yazı Şuşa qalasında, Qarabağda qarşıladı xalqımız. Dilbər Qarabağın hər guşəsində ağaclar əkdi, toxum səpdi. Düşmənin od vurub yandırdığı, talan etdiyi ellərimizdə bir azdan səpilən dən, əkilən ağaclar bəhrə verəcək, düşmənin sinəsinə od düşəcək. Hər il olduğu kimi bu ildə ağac əkirik, toxum səpirik. Vətəni Cənnətə, Gülüstana çeviririk.
Aprelin 24-də, Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Sumqayıtda ağacəkmə aksiyası keçirildi. Aksiyaya şəhərin bir çox idarə, müəssisə və təşkilatlarının kollektivləri qatıldı. Sumqayıt Dövlət Universitetinin kollektivi keçirilən ağacəkmə kampaniyasında fəal iştirak etdi. Aksiya çərçivəsində əməkdaşlarımız çox saylı həmişəyaşıl ağac əkdilər. Bununla yanaşı, əvvəllər əkilmiş tinglərin dibləri yumşaldıldı. Belə nəcib işlərin ərsəyə gəlməsinə görə tədbir təşkilatçılarına təşəkkür bildirir, ”Qaba ağacımız saralmasın, axar çaylarımız, bulaqlarımız qurumasın” deyir, Tanrıya şükür, Prezidentimizə minnətdarlıq edir, al qanı ilə tarix yazan Şəhidlərimizin qarşısında səcdə edirik.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az