Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Magistrantların XXI Respublika elmi konfransı onlayn formatda öz işinə başladı
SDU-da Magistrantların XXI Respublika elmi konfransı onlayn formatda öz işinə başladı
Mayın 17-də Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Magistrantların XXI Respublika elmi konfransı onlayn formatda keçirildi.
Konfransda respublikamızın qabaqcıl ali təhsil müəssisələrinin struktur rəhbərləri və professor-müəllim heyəti iştirak etdilər.
Konfransa sədrlik edən rektor professor Elxan Hüseynov tədbir iştirakçılarını salamladı, Magistrantların XXI Respublika Elmi Konfransının əlamətdar bir günə – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunduğunu bildirərək, onun Azərbaycan xalqı qarşısında xidmətlərindən, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətindəki əvəzsiz rolundan danışdı. Vurğuladı ki, Heydər Əliyevin ümummilli maraqları ifadə edən, qətiyyətli iradəyə və əzmkarlığa söykənən möhtəşəm fəaliyyəti bugünkü və gələcək nəsillər üçün parlaq nümunədir. Dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsində, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir. Məhz buna görə də ümummilli liderimizin rəhbərliyi ilə respublikamızın iqtisadi bazasının gücləndirilməsi, əhalinin güzəranının yaxşılaşdırılması, elm və təhsilin inkişafı ilə paralel aparılırdı. Hələ ölkəmizə rəhbərliyinin birinci dövründə – 1969–1982-ci illərdə ümummilli lider Heydər Əliyevin təhsilimizə böyük qayğısının nəticəsi olaraq, Azərbaycanda çoxlu sayda məktəb binası tikilərək istifadəyə verildi. Ölkədə yeni ali təhsil müəssisələri açıldı, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirildi, lazımi avadanlıqla təchiz olundu. Ulu öndər daim gənclərin hərtərəfli inkişafına böyük önəm verirdi. Bu gün Ulu öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin önəmli prinsipləri sırasına daxil edilərək təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Həmçinin elm və təhsilin inkişaf strategiyasının uğurla reallaşmasında Heydər Əliyev Fondunun, onun rəhbəri, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın kifayət qədər böyük əməyi var.
Sonra rektor SDU-da gənclərin elmi fəaliyyətə cəlb olunması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, artıq 21-ci ildir ki, Magistrantların Respublika elmi konfransı Sumqayıt Dövlət Universitetində gerçəkləşir. Ali təhsil müəssisələrində elmi tədqiqatın əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayan rektor tələbə və magistrantların təhsil aldıqları dövrdə elmi araşdırmalara fəal cəlb olunmalarının vacibliyi, elmi konfranslarda iştirakının əhəmiyyəti, universitetin təhsil və elm sahəsindəki nailiyyətləri barədə məlumat verdi. Qeyd etdi ki, konfransda iştirak edənlərin sayının artması konfransın nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərir. 2020-ci ildə XX Respublika elmi konfransında 12 elm və təhsil müəssisəsindən 700 nəfərdən çox magistrant iştirak etmişdirsə, bu il keçirilən konfransa respublikamızın 19 elm və təhsil müəssisəsindən 1400-ə yaxın məruzə materialları daxil olmuşdur. Məruzə materiallarının ilkin ekspertizasından sonra 1250 tezis konfransın gündəliyinə daxil edilmiş və konfrans materialları toplusu şəklində çap olunmuşdur. Bu, ilk növbədə, magistrantların elmi konfranslara maraqlarının artmasının nəticəsidirsə, digər tərəfdən, bu konfransı təşkil edən təşkilat komitəsinin apardığı ardıcıl və səmərəli işin göstəricisidir.
Konfransın təşkilində əməyi olan əməkdaşlara və magistrantların elmi rəhbərlərinə təşəkkür edən rektor məruzə ilə çıxış edəcək magistrantlara və konfransın işinə uğurlar arzuladı.
Plenar iclasda çıxış üçün söz müxtəlif universitetləri təmsil edən magistrantlara verildi.
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitunun magistrantı Emin Əliyev “İzopropanolun asetona oksidləşdirici-dehidrogenləşmə prosesinin reaktor qovşağının riyazi modelləşdirilməsi və optimallaşdırılması”, Sumqayıt Dövlət Universitetinin magistrantı Nicat Hüseynov “Addım mühərriki və onun arduino mikrokontrollerinə inteqrasiyası”, Bakı Slavyan Universitetinin magistrantı Hürzət İskəndərova “Dilin lüğət tərkibi və lüğət fondu”, Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı Xanım Paşayeva “Müəssisələrdə şəbəkələrin qurulması zamanı tətbiq olunan təhlükəsizlik üsulları”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistrantı Mehin Zeynalova “İstilik elektrik stansiyalarının ətraf mühitə təsiri” mövzularında məruzə ilə çıxış etdilər.
Konfransda Naxçıvan Dövlət Universitetinin Magistratura Mərkəzinin direktoru professor Etibar Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Magistratura bölməsinin dekanı dosent Əzizağa Qurbanov ənənəvi olaraq hər il SDU-da keçirilən konfransı müsbət dəyərləndirdilər. Heydər Əliyevin gənclər siyasətindən, xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında müstəqillik və dövlətçiliyin qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsində Ulu öndərin xidmətlərindən danışdılar. Ölkəmizdə elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldiyini, gənclərin elmi yaradıcılığına daim diqqət göstərildiyini vurğuladılar və konfransın yüksək səviyyədə təşkilinə görə SDU-nun rektoru professor Elxan Hüseynova təmsil etdikləri universitet rəhbərlikləri adından dərin təşəkkürlərini bildirdilər.
Sumqayıt Dövlət Universitetinin Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov çıxış edərək diqqətə çatdırdı ki, Magistrantların XXI Respublika elmi konfransı öz işini 18 bölmədə davam etdirəcək. Sabir Xəlilov konfransda ən mütəşəkkil iştirak edən universitetlərdən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 324, Sumqayıt Dövlət Universiteti – 292, Bakı Slavyan Universiteti – 230, Azərbaycan Dövlət İqtisad Universiteti – 208, Azərbaycan Dövlət Aqrar Universiteti – 48, Naxçıvan Dövlət Universiteti – 47, Bakı Dövlət Universiteti – 33 və digər Elm və təhsil müəssisələrinin adlarını açıqladı və bölmə iclaslarının işi barədə məlumat verdi.
Qeyd edək ki, konfrans işini bölmələr üzrə iki gün videokonfrans formatında davam etdirəcəkdir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az