Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində rektorluğun onlayn formatda növbəti iclası keçirildi
Sumqayıt Dövlət Universitetində rektorluğun onlayn formatda növbəti iclası keçirildi
Mayın 21-də Sumqayıt Dövlət Universitetində rektorluğun onlayn formatda növbəti iclası keçirildi. Rektor professor Elxan Hüseynov iclas iştirakçılarını salamlayaraq iclasın gündəliyinə akademik qruplarda keçirilmiş kollokviumların, universitetdə keçirilmiş açıq dərslərin və Magistrantların XXI Respublika elmi konfransının nəticələri barədə 3 əsas məsələ çıxarıldığını bildirdi. Gündəlikdə duran məsələlərin müzakirəsinə başlamazdan öncə, rektor professor Elxan Hüseynov sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə hökumətin verdiyi qərara toxunaraq, SDU-da ödənişli əsaslarla təhsil alan bu qəbildən olan tələbələrin siyahısının hazırlanması işinin davam etdirildiyini vurğuladı.
Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanıldı.
Tədris Metodik Mərkəzin direktoru Faiq Şirinov Akademik qruplarda keçirilmiş kollokviumların nəticələri barədə məlumat verdi. Qeyd etdi ki, kollokviumların keçirilməsi tələbələrin imtahanlara hazırlığına köməklik məqsədi daşıyır. Pandemiya ilə əlaqədar yaranmış çətinliklərə baxmayaraq, SDU-nun tələbələri kollokviumlarda fəal iştirak etmiş, kollokviumlar imtahanlara uyğun olaraq tələbələrin 3 suala verdikləri şifahi cavablar əsasında qiymətləndirilmişdir. Sonra Faiq Şirinov fakültələr üzrə kollokviumların nəticələri barədə məlumat verdi.
Tədris metodik şuranın sədri dosent Musa Mustafayev universitetdə keçirilmiş açıq dərslərin nəticələri barədə məlumat verdi. Bildirdi ki, kafedralarda təsdiq olunmuş qrafiklər üzrə, eləcə də Tədris metodik şura tərəfindən qrafikdənkənar formada açıq dərslərin keçirilməsi davam etdirilmişdir. Açıq dərslərin keçirilməsi və nəticələrin kafedra iclaslarında müzakirə olunması, zəruri hallarda bu müzakirələrin fakültə dekanının və Tədris Metodik Mərkəzin nümayəndəsinin iştirakı ilə həyata keçirilməsinin məqsədəuyğun olduğunu bildirdi.
Rektor professor Elxan Hüseynov qeyd etdi ki, açıq dərslərin səmərəliliyinin yüksəldilməsi məqsədilə daha ciddi nəzarətin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılmalı, qeyd olunan irad və təkliflərin fənn müəllimlərinə və kafedra müdirlərinə təqdim olunmasının təmin edilməsi davam etdirilməlidir.
Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov Magistrantların XXI Respublika elmi konfransının nəticələri barədə çıxış etdi. Bildirdi ki, konfrans yüksək təşkilatçılıqla, məzmun və forma cəhətdən dolğun, müasir tələblərə uyğun səviyyədə keçirilmişdir. Konfransda respublikamızın 19 elm və təhsil müəssisəsindən ümumilikdə 1250 magistrantın məruzə tezisləri qeydiyyata alınmış, bütün materiallar təhlil edilmiş, plagiatlığı yoxlanılmış, 3 cilddə nəfis tərtibatda nəşr olunmuş və PDF formatda universitetin rəsmi portalında yerləşdirilmişdir.
Aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi. Bununla da, rektorluğun onlayn iclası başa çatdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az