Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Böhran vəziyyətlər, gənclərdə dözümlülüyün artırılması” mövzusunda onlayn formatda seminar keçirildi
SDU-da “Böhran vəziyyətlər, gənclərdə dözümlülüyün artırılması” mövzusunda onlayn formatda seminar keçirildi
Mayın 31-də Sumqayıt Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə Uşaq Psixonevroloji Mərkəzinin direktoru psixoterapevt Kəmalə Talıbova tərəfindən “Böhran vəziyyətlər, gənclərdə dözümlülüyün artırılması” mövzusunda onlayn formatda seminar keçirildi. Seminarda psixoterapevt Kəmalə Talıbova, universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov, Ümumi işlər üzrə prorektoru Əsəd Məmmədov və kafedranın bir qrup professor-müəllim və tələbə heyəti iştirak etdilər.
Seminarı universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov açaraq, qonağı və iştirakçıları salamladı, seminarın əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, hər bir xalqın inkişafında sağlam, vətənpərvər gənclik mühüm rol oynayır. Gənc nəslin tərbiyəsi isə ailədə, yaşadığı mühitdə və təhsil müəssisələrində formalaşır. Bu istiqamətdə belə seminarların keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova seminarın aktuallığından bəhs etdi. Gənclərin özünütəsdiqi ilə bağlı qarşıya çıxan əngəllər, onların aradan qaldırılması, ailə və ailədaxili münasibətlərin gəncin psixoloji durumuna təsiri barədə danışdı. Bildirdi ki, gələcək nəslin sağlam formalaşması istiqamətində hərtərəfli addımların atılması vacibdir. Uşaq və gənclərin fiziki və mənəvi inkişafında mühüm amillərdən biri məhz onların həyata psixoloji cəhətdən sağlam, hazırlıqlı olmasıdır.
Uşaq Psixonevroloji Mərkəzinin direktoru psixoterapevt Kəmalə Talıbova cəmiyyətdə gənclərin qarşısında duran sosial problemlərdən, onları yaradan səbəblərdən və həlli yollarından danışdı. Bildirdi ki, bütün psixoloji problemlərin əsasında insan durur. Hər bir insan həyatında mənfi hadisələrlə, çətinliklərlə üzləşir. Bunun üçün dözümlülüyün olması çox vacibdir. İnsan həyatının gənclik dövrü isə daha məsuliyyətli bir dövrdür. Onların qayğıları, məqsədləri artır, özlərinə olan əminlik hissi əvvəlki illərdən daha çox özünü büruzə verir. Gənclik dövrü insanın həyata müstəqil şəkildə atılması, həyatlarında həlledici rol oynayan hadisələri realizə edərkən verməli olduqları qərarları azad şəkildə bildirmələri üçün daha məsuliyyətlidir. Özlərinə nə qədər əmin olsalar da, bu hal onları stressə, qorxu hissinə, qərarsızlığa gətirib çıxarda bilər. Bütün hallarda gənclərimizin psixoloji və mənəvi inkişafına dəstək olmalıyıq.
Sonra məruzəçi tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az