Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru onlayn keçirilən növbəti imtahanları izlədi
SDU-nun rektoru onlayn keçirilən növbəti imtahanları izlədi
Sumqayıt Dövlət Universitetində 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası onlayn formatda öz işinə başlayıb.
İyunun 3-də universitetin rektoru professor Elxan Hüseynov ayrı-ayrı fakültələr üzrə keçirilən imtahanların gedişini növbəti dəfə izlədi.
Rektor tələbələrlə onlayn görüş zamanı qeyd etdi ki, COVID-19 pandemiyasının tədrisdə yaratdığı çətinlikləri, onlayn dərslərə müntəzəm qoşula bilməyən tələbələri nəzərə alaraq, ötən payız imtahan sessiyasında olduğu kimi, bu imtahan sessiyasında da bütün təhsilalanlar üçün güzəştlər tətbiq edilib. Həmin güzəştlərə əsasən davamiyyətə görə tətbiq olunan 50%-lik limit ləğv olunub və bütün tələbələr imtahanlara buraxılıb. Davamiyyətə görə nəzərdə tutulan 10 bal isə sərbəst işə verilib. Əvvəlcədən müəyyən edilmiş sərbəst işlərin sayı 2-yə endirilib. Semestr ərzində müəyyən səbəblərdən dərslərdə iştirak etməyən və yaxud heç bir bal toplamayan tələbələrə imtahana giriş balı kimi 20 bal – bunlardan 10 bal sərbəst işə, 10 bal isə məşğələ və laboratoriya dərslərinə görə verilib. İmtahan sualları azaldılaraq maksimum 90-a, imtahan biletlərindəki suallar isə 5-dən 3-ə endirilib. Rektor onu da qeyd etdi ki, Sumqayıt Dövlət Universitetində imtahan sessiyasının gedişinə nəzarət, yarana biləcək şikayətlərin yerində və operativ şəkildə həll edilməsini təmin etmək məqsədilə Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Sona Məhərrəmovanın rəhbərliyi ilə 8 nəfərdən ibarət apellyasiya komissiyası fəaliyyət göstərir. Eyni zamanda onlayn şəkildə keçirilən imtahan prossesində yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması məqsədilə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbovun rəhbərliyi ilə 14 nəfərdən ibarət imtahan qərargahı yaradılmışdır.
Tələbələrin biliyinin obyektiv qiymətləndiriləcəyinə əminliyini ifadə edən rektor imtahanda iştirak edən tələbələrin suallarını cavablandırdı və onlara uğurlar arzuladı.
Qeyd edək ki, SDU-da yaz semestrinin imtahan sessiyası iyunun 1-dən başlayıb, iyulun 5-dək davam edəcək. İmtahanlar onlayn şəkildə “Microsoft Teams” platforması və ya “Zoom” proqramı vasitəsilə həyata keçirilir. Ümumilikdə yaz semestrinin imtahan sessiyasının şəffaf, ədalətli və obyektiv keçirilməsi SDU-nun rəhbərliyinin diqqət mərkəzindədir.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az