Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | YAP Sumqayıt Şəhər Təşkilatında 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş video formatda elmi-praktik konfrans keçirildi
YAP Sumqayıt Şəhər Təşkilatında 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş video formatda elmi-praktik konfrans keçirildi
Yeni Azərbaycan Partiyası Sumqayıt Şəhər Təşkilatı, YAP Gənclər Birliyi və Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan – Zəfərə” adlı onlayn konfrans keçirildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Tayfun Hacılı, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, YAP Sumqayıt Şəhər Təşkilatının Gənclər Birliyinin sədri Fəridə Qafarova, YAP Gənclər Birliyinin sədr müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin direktoru Sevinc Qasımova, Gənclər birliyinin üzvləri və siyasi fəallar iştirak etdilər.
Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Sumqayıt Şəhər Təşkilatının sədri Ramiz Hüseynov tədbir iştirakçılarını salamladı və tarixə, siyasi proseslərə nəzər salaraq qeyd etdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub-saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. 1993-cü ilin 15 iyununda ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyinin möhkəm təməli qoyulub. Həmin vaxt baş verən hadisələr barədə danışan R.Hüseynov qeyd edib ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə anarxiyaya, hərc-mərcliyə son qoyulub: “Azərbaycanın ona qədərki rəhbərinin səriştəsizliyi, bacarıqsızlığı ucbatından hərc-mərclik dərinləşmiş, müstəqilliyə böyük təhlükə yaranmışdı. Qonşu dövlətlərlə ciddi problemlər yaşanırdı və bundan istifadə edən Ermənistan Azərbaycan torpaqlarına təcavüz etdi. Bunu görən Azərbaycan xalqı narahatlığını ifadə edib, bu bəladan xilas olmaq üçün Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini tələb etdi.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə iqtisadiyyatda tənəzzülün, Ermənistanın təcavüzünün, ölkə daxilində qeyri-sabitliyin qarşısı alındı. Azərbaycan inkişafa qədəm qoydu və nəticə etibarilə, hazırda regionun güclü dövlətinə çevrildi. Onun qayıdışı milli məfkurəmizə qurtuluş tarixi kimi həkk olundu. Gələcək nəsil bu tarixi heç vaxt unutmamalıdır. Daha sonra Ramiz Hüseynov sözü məruzəçilərə verdi.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov “Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı” mövzusunda çıxış edərək qeyd etdi ki, Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin dönüş nöqtəsidir. Azərbaycanın müasir tarixini Milli Qurtuluş Günündən və bu günə səbəb olan ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm qayıdışından ayrı təsəvvür etmək mümkün deyil. Azərbaycan xalqı hər il Milli Qurtuluş Gününü böyük təntənə ilə qeyd edir. Məhz həmin gün − 15 iyun 1993-cü ildə Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu, Azərbaycan xalqının tarixində çox əhəmiyyətli bir hadisə idi. Ümummilli lider Heydər Əliyev hakimiyyətə yenidən gəlişi ilə ölkəyə yeni ab-hava gətirdi, Azərbaycanımızı dağılmaq təhlükəsindən xilas etdi. Ulu öndər Heydər Əliyev Azərbaycanda müstəqil dövlət quruculuğunun memari idi. Azərbaycan xalqının hər bir nümayəndəsi bu böyük insanı ölkənin milli təhlükəsizliyinin və sosial-iqtisadi rifahının təminatçısı kimi qəbul edir.
1990-cı illərin əvvəlində Azərbaycan dərin siyasi, sosial-iqtisadi böhran keçirirdi, ölkədə xaos, anarxiya baş alıb gedirdi, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə, xalqımız nicat yolunu Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü.
Bəxtiyar İslamov qeyd edib ki, xalqımız tərəfindən 15 İyun − Milli Qurtuluş Günü müasir tariximizin ən önəmli hadisəsi kimi qeyd edilir, dəyərləndirilir. Bu, onunla əlaqədardır ki, insanlar bugünkü həyatlarını, ölkəmizin bugünkü firavanlığını və gələcəklə bağlı aydın görünən perspektivlərini Milli Qurtuluş Günü ilə, Heydər Əliyevin tarixi qayıdışı ilə bilavasitə əlaqələndirirlər. Heydər Əliyev XX yüzilliyin son dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitində fəaliyyət göstərmiş dahi şəxsiyyətdir. Azərbaycan tarixinin əlli ildən artıq dövrü Heydər Əliyev şəxsiyyəti ilə, Onun mübarizə yolu, böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. O, yeni Azərbaycanın qurucusudur. Heydər Əliyev öz xalqının dahi oğlu olmaqla yanaşı, həm də dünyanın ən qüdrətli tarixi simaları sırasına yüksəlmiş nadir şəxsiyyətdir, ümumdünya tarixinin azərbaycanlı dahisidir.
Tədbirdə həmçinin Sumqayıt Şəhər Təşkilatının Gənclər Birliyinin sədri Fəridə Qafarova “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda çıxış etdi. Fəridə Qafarova qeyd etdi ki, Azərbaycan gəncliyi deyəndə, bunu Ulu öndər Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyil. Ümummilli lider Heydər Əliyev hər bir sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığı kimi, gənclər sahəsinə də, gənclərin parlaq gələcəyi naminə onlara xüsusi diqqət, qayğı ilə yanaşıb. Gənclərlə bağlı bu siyasət bu gün ölkə başçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ulu öndər hakimiyyətə gəldiyi zamandan etibarən Azərbaycan gəncliyinin gələcəyini düşündü. Ümummilli lider düşünürdü ki, Azərbaycanın parlaq gələcəyi yalnız savadlı, bilikli, intellektual qabiliyyəti yüksək olan gənclərdən ibarətdir. Bildiyimiz kimi, SSRİ dönəmində hələ Ulu öndər hakimiyyətə gəlməzdən öncə Azərbaycan gəncləri heç bir perspektivli vəzifələrdə, işlərdə, sahələrdə təmsil olunmurdular. Lakin ümummilli lider Heydər Əliyevin hakimiyyətə gələndən sonra yürütdüyü gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi öz parlaq, uğurlu dönəmini yaşamağa başladı.
Fəridə Qafarova qeyd etdi ki, Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti ilə Azərbaycan xalqının bütün təbəqələrində olduğu kimi, gənclərin də həyatında xüsusi yer tutub və Ulu öndər xalqımızın qəlbində daima yaşayacaq. Sonda onu da qeyd edək ki, ölkənin uğurlu gələcəyi üçün Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ümummilli lider Heydər Əliyev siyasətinə dəstək olurlar. Azərbaycanın bugünkü uğurları sırasında gənclərə yaradılan şərait xüsusi olaraq göz önündədir. Gənclər bu şəraitdən səmərəli istifadə edərək öz potensiallarını nümayiş etdirirlər.
Daha sonra SDU Tarix və coğrafiya fakültəsinin II kurs magistrantı Həsən Əhmədov “Müstəqilliyin ilk illərində dövlət quruculuğu məsələləri”, SDU İqtisadiyyat və idarəetmə fakültəsinin IV kurs tələbəsi Türkan Seyfullayeva “Müdrik Prezidentimiz − dahi sərkərdə İlham Əliyev”, YAP Sumqayıt Şəhər Təşkilatının Gənclər Birliyinin İdarə Heyətinin üzvü, Əli Kərim adına poeziya evinin əməkdaşı, Prezident təqaüdçüsü, Yazıçılar Birliyinin gənc üzvü Elvin Əlizadə “Prezident İlham Əliyevin Zəfər salnaməsi” mövzuları ətrafında çıxışlar etdilər.
Sonda Sumqayıt Dövlət Univerisitetinin əməkdaşı Şəmistan Muradxanlı Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə canlı musiqi ifa edərək tədbirə yekun vurdu.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az