Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirildi
SDU-da “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirildi
Bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailə və icmaları dağıdır. İctimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT tərəfindən 26 İyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub.
İyunun 29-da Sumqayıt Dövlət Universitetində Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirildi.
Vebinarı universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov açaraq, iştirakçıları salamladı, tədbirin əhəmiyyəti haqqında danışdı və narkomaniyaya qarşı mübarizədə dövlətin həyata keçirdiyi tədbirlər haqqında geniş məlumat verdi. Qeyd etdi ki, narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün xüsusilə aktual xarakter daşıyır, narkomaniya əleyhinə aparılan tədbirlər hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Ölkəmizdə bu sosial bəla ilə uğurlu mübarizə məqsədilə hazırda Prezident cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019−2024-cü illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır. Dövlət Proqramının həyata keçirilməsi üzrə ölkəmizdə mühüm işlər görülür.
Prorektor həmçinin narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışdı, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdı.
Vebinarda Mülki müdafiə, tibbi və fiziki hazırlıq kafedrasının müdiri Tahir Xəlilov mövzu ilə bağlı çıxış etdi, narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə, bəşəriyyətə fəsadlar vurduğunu bildirərək, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini iştirakçıların diqqətinə çatdırdı.
SDU-nun Tələbə Gənclər Təşkilatının sədri Tayfun Hacılı və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev də mövzu ilə bağlı çıxış etdilər.
Sonda narkomaniyanın fəsadlarından bəhs edən videoçarx nümayiş olundu və mövzu ətrafında müzakirələr aparıldı.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az