Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində vətənpərvərlik mövzusunda onlayn formatda seminar keçirildi
Sumqayıt Dövlət Universitetində vətənpərvərlik mövzusunda onlayn formatda seminar keçirildi
Avqustun 30-da Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin təşkilatçılığı ilə vətənpərvərlik mövzusunda onlayn formatda seminar keçirildi.
Əvvəlcə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Seminarı universitetin rektoru professor Elxan Hüseynov açaraq bildirdi ki, İkinci Qarabağ müharibəsi xalqımızın yenilməzliyinin, dövlətimizin qüdrətinin təcəssümü oldu. Cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz 44 gün davam edən bu savaşda tariximizin möhtəşəm salnaməsini yaratdı. Bu qələbə ilə həm torpaqlarımız azad olundu, həm də Azərbaycan regionda yeni reallıqlar yaratdı. Azərbaycan torpaqları 30 ilə yaxın idi ki, işğal altında idi. Bütün dünya işğal altında olan Qarabağı və ətraf rayonları Azərbaycanın ərazisi kimi tanısa da, BMT Təhlükəsizlik Şurası tərəfindən müvafiq qətnamələr qəbul edilsə də, bu dövrdə Ermənistana qarşı heç bir beynəlxalq təzyiq göstərilmədi. Əksinə, əksər beynəlxalq təşkilatlar, problemin həllində vasitəçilik missiyası həyata keçirənlər ikili standartlar siyasəti yürüdərək işğal siyasətinə dəstək vermiş oldular. Lakin Azərbaycan milli maraqlarından bir addım da geri çəkilmədi. Respublikamız heç zaman torpaqlarının işğal altında olması ilə barışmadı. Prezident cənab İlham Əliyev həmişə bəyan edirdi ki, torpaqlarımız mütləq azad olunacaq. Ordumuzun döyüş imkanlarının artırılmasının, ən müasir silah və hərbi texnikanın alınmasının bu məqsədə xidmət etməsi də məlum idi. Beləliklə, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin dinamik inkişafı və yüksəlişi həm də torpaqlarımızın işğaldan azad edilməsi üçün tarixi şərait formalaşdırdı və nəhayət, Vətən müharibəsi xalqımızın ən böyük arzusunu çin etdi, dövlətimizin yeganə ağrılı probleminə son qoydu. Ali Baş Komandanı İlham Əliyev olan Silahlı Qüvvələrimizin əsgərləri, zabitləri, çavuşları, gizirləri torpaqlarımızı azad etdilər. Rəşadətlə döyüşən, düşmənə göz açmağa imkan verməyən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti öz mübarizliyi ilə qəhrəmanlıq simvoluna çevrildi. Hər bir vətən övladı igidliyin, cəsarətin, qorxmazlığın nümunəsini yaratdı, qəhrəmanlıq salnaməsi yazdı.
Rektor onu da vurğuladı ki, İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaqdır. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Azərbaycan Respublikasının azadlığı, vətənimizin bütövlüyü naminə canlarından keçən igidlərimiz daima diqqət mərkəzindədirlər. Sumqayıt Dövlət Universitetində şəhidlərimiz daima anılır, şəhid ailələri ziyarət olunur, onlara qayğı və diqqət göstərilir.Təsadüfi deyil ki, Vətən müharibəsi başlayan zaman universitetimizin tələbə və əməkdaşlarından bir qrupu da Ali Baş Komandanımız qismən səfərbərlik elan edən zaman könüllü kimi orduya yazıldılar. Onlardan bir qrupu hərbi xidmətə gedərək, müzəffər ordumuzun sıralarında düşmənə qarşı döyüşlərdə iştirak etdilər.
Rektor onu da diqqətə çatdırdı ki, Sumqayıt Dövlət Universitetinin həyətində şəhidlik zirvəsinə ucalan tələbə-məzunların xatirələrini əbədiləşdirmək üçün yaradılan abidə kompleksi yaradılıb. Abidəyə Birinci Qarabağ döyüşlərində iştirak edib şəhid olmuş məzun və tələbələrimizlə yanaşı, aprel döyüşlərində və sentyabrın 27-dən başlayaraq apardığımız 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad olunmasında şəhid olmuş tələbə və məzunlarımızın mərmər üzərində xatirə şəkillərinin vurulması da tələbə gənclərin vətənpərvərlik tərbiyəsində olduqca önəmli yer tutur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, bütün yaralı əsgər və zabitlərimizə şəfa versin!
Seminarda Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov mövzu ətrafında məruzə ilə çıxış etdi. Bildirdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Ali Baş Komandan Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilmişdir. 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın işğal olunmuş əraziləri cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə erməni qəsbkarlarından azad edildi. Xalqımızın tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən bu şanlı qələbənin əsasında həm Prezident cənab İlham Əliyevin liderlik keyfiyyətləri, həm də Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə əldə etdiyi nailiyyətlər dayanır.
Professor Şirxan Səlimov onu da qeyd etdi ki, gənclərimizə Vətənə sevgi hisslərinin aşılanması, onların arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, milli xarakter və milli mənəviyyatın formalaşması baxımından belə seminarların təşkili əhəmiyyətli rola malikdir.
Seminarda çıxış edən digər natiqlər də Vətən müharibəsindəki Qələbədən sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıda bizi gözləyən Böyük Qayıdış prosesindən danışdı, 44 günlük müharibədə qazandığımız bu qələbəyə görə öz sağlamlıqlarını qurban verərək sinəsini Vətənə sipər etmiş qazilərimizə və gözünü qırpmadan düşmən üzərinə hücum edən bütün Vətən müharibəsi iştirakçılarına Azərbaycan xalqı adından bir daha təşəkkür etdilər. Onların yazdığı tarixin bir qəhrəmanlıq salnaməsi kimi bizdən sonra gələcək nəsillərə də ötürüləcəyi vurğulandı. Qeyd edildi ki, dövlətimizin rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə qarşı xüsusi diqqət göstərilir. Onların ömür yolu örnəyə çevrilir, xatirələri əbədiləşdirilir.
Seminarın sonunda “Şanlı Zəfərə gedən yol” adlı stendin açılışı oldu.
Universitetin foyesində Tarix və coğrafya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının professor-müəllim heyətinin ərsəyə gətirdiyi stend maraqla qarşılandı. 44 gündə qazandığımız Qələbəmizi altı bölmədə geniş şəkildə əks etdirən “Böyük Zəfərin başlanğıcı”, ”Vətən müharibəsi”, “Erməni faşizmi”, “ II Qarabağ müharibəsinin nəticələri ”, “Şanlı Zəfər paradı”,”Diplomatik Qələbənin üfüqləri” bölmələri, hər bölmədə “Bizim işimiz haqq işidir! Biz zəfər çalacağıq! Qarabağ Azərbaycandır!” “Dediniz, dediyinizi də etdiniz. Müzəffər Ali Baş Komandan! Müzəffər Azərbaycan Ordusu! “Qüdrətli Azərbaycan xalqı!” ifadəsini tarixə yazdınız! Tarixi ədaləti bərpa etdiniz!” şuarlarını görmək bir türk, azərbaycanlı olaraq insanda qürur hissi yaşatdı.Tarixçi tələbələrə isə bir başqa hiss aşıladı onları tarix içərisində Tarix yazmağa sövq etdi. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az