Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Hər yerdə şəhidlərin şərəfinə abidələr ucalır, ağaclar əkilir
Hər yerdə şəhidlərin şərəfinə abidələr ucalır, ağaclar əkilir
İşğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan, 44 gün davam edən və Azərbaycanın tam Qələbəsi ilə nəticələnən Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti və nəticələri uzun illər təhlil ediləcək, bu Qələbənin şanına dastanlar yazılacaq. Azərbaycan xalqının birliyi, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi, sarsılmaz qətiyyəti, Şanlı Ordumuzun qüdrəti və qəlbi Vətən eşqi ilə dolub-daşan hərbçilərin, eləcə də hər bir azərbaycanlının birliyi sayəsində Azərbaycan xalqı zəfər qazandı. Danılmaz həqiqətdir ki, müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılır. Ali Baş Komandanın səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarə” ifadəsi ordumuzu hər gün zəfərdən-zəfərə aparan şüara çevirdi. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid verməyən xalqın mənliyi, kimliyi olmaz. Şəhid qanı ilə yoğrulmayan torpaqdan Vətən olmaz. Biz bir türk olaraq Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən millətik. Gənc övladını torpağa tapşıran, heç bir təsəlli ilə ovunmayan ata-ana “Vətən sağ olsun!” - deyir, oğlunun nəşi üstünə sərilən bayrağımızdan, cibindən çıxan qanlı on manat pulu ürəyinin başına sıxıb təskinlik tapır. Hər kəs baş əyir məzarının önündə: "Səninlə fəxr edirik, Azərbaycan əsgəri! Şərəflə qorudun Vətəni" −deyir. “Vətən sağ olsun!” − Bax, şəhidlik belə bir ucalıqdır, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, əqidə vardır. Elə buna görə də siz əbədi oldunuz. Hər yerdə sizin şərəfinizə abidələr ucalır, ağaclar əkilir.
Sentyabrın 27-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə 27 sentyabr − Anım Günü ilə əlaqədar qələbə ilə başa çatan Vətən müharibəsində həlak olan şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Sumqayıtda ağacəkmə aksiyası keçirildi. Aksiyaya şəhərin bir çox idarə, müəssisə və təşkilatlarının kollektivləri qatıldı. Sumqayıt Dövlət Universitetinin kollektivi keçirilən ağacəkmə kampaniyasında fəal iştirak etdilər. Aksiya çərçivəsində əməkdaşlarımız 150 ədəd həmişəyaşıl ağac əkdilər.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az