Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Anım Günü ilə əlaqədar onlayn formatda elmi-praktik konfrans keçirildi
SDU-da Anım Günü ilə əlaqədar onlayn formatda elmi-praktik konfrans keçirildi
Sentyabrın 27-də Sumqayıt Dövlət Universitetində Anım Günü ilə əlaqədar olaraq “Vətənə oğul olan igidlərimiz” mövzusunda onlayn formatda elmi-praktik konfrans keçirildi.
Sumqayıt Dövlət Universitetinin rəhbərliyi və tələbə heyəti şəhidlik zirvəsinə ucalan tələbə-məzunların universitetin həyətində yaradılmış xatirə abidəsini ziyarət etdi və abidə önünə gül dəstələri düzdülər. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Unversitetin foyesində yerləşən monitorlarda Vətən müharibəsini əks etdirən videoçarx nümayiş olundu.
Konfransı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq qeyd etdi ki, ötən ilin sentyabr ayı xalqımızın taleyinə böyük hərflərlə yazıldı. Məhz 27 sentyabr 2020-ci il tarixində düşmən təxribatına cavab olaraq Müzəffər Ordumuz 30 il düşmən tapdağı altında olan torpaqlarımızı azad etməyə başladı. Biz tarixən tolerant, sülhsevər xalq olmağımıza baxmayaraq, Ermənistan tərəfindən təhrik edilən müharibəyə qoşulmalı olduq. Azərbaycan torpaqları 30 ilə yaxın idi ki, işğal altında idi. Bütün dünya işğal altında olan Qarabağı və ətraf rayonları Azərbaycanın ərazisi kimi tanısa da, BMT Təhlükəsizlik Şurası tərəfindən müvafiq qətnamələr qəbul edilsə də, bu dövrdə Ermənistana qarşı heç bir beynəlxalq təzyiq göstərilmədi. Əksinə, əksər beynəlxalq təşkilatlar, problemin həllində vasitəçilik missiyası həyata keçirənlər ikili standartlar siyasəti yürüdərək işğala dəstək vermiş oldular. Lakin Azərbaycan milli maraqlarından bir addım belə geri çəkilmədi. Ötən ilin sentyabrının 27-də başlayan 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımız düşməni darmadağın edərək 30 illik erməni işğalına son qoydu və tarixi ədaləti bərpa edərək Qarabağın bütün qapılarını taybatay üzümüzə açdı.
Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Müharibənin davam etdiyi 44 gün ərzində Prezident cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Həmçinin 44 günlük Vətən müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha bizə tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Rektor çıxışında ölkə başçısı cənab İlham Əliyevin Anım Gününün respublika səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı müvafiq sərəncamı şəhidlərimizə olan hörmət və ehtiram kimi dəyərləndirdi. Qeyd etdi ki, bu istiqamətdə Sumqayıt Dövlət Univeristetində silsilə tədbirlərin planı təsdiq edildi.
Prezident cənab İlham Əliyev qısa zaman kəsiyində ona bəslənən bütün ümidləri tam doğrultmaqla, cəmiyyətin bütün gözləntilərini gerçəkləşdirdi, yorulmaz, qətiyyətli və prinsipial fəaliyyəti ilə sübut etdi ki, onun atdığı hər bir addım, verdiyi hər bir qərar cəmiyyət üzvlərinin maraq və istəklərinin təmin olunmasına, dövlətçiliyimizin möhkəmlənməsinə, ərazi bütövlüyümüzün təmin olunmasına, siyasi sabitliyin və iqtisadi tərəqqinin davamlılığına və daha da möhkəmlənməsinə hesablanmışdır. Yurdsevər xalqımız öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Professor Elxan Hüseynov onu da vurğuladı ki, Sumqayıt Dövlət Universitetində şəhidlərimiz daima anılır, şəhid ailələri ziyarət olunur, onlara qayğı və diqqət göstərilir. Təsadüfi deyil ki, Vətən müharibəsi başlayan zaman universitetimizin tələbə və əməkdaşlarından bir qrupu da Ali Baş Komandanımız qismən səfərbərlik elan edən zaman könüllü kimi orduya yazıldılar. Onlardan bir qrupu hərbi xidmətə gedərək, müzəffər ordumuzun sıralarında düşmənə qarşı döyüşlərdə iştirak etdi.
Rektor onu da diqqətə çatdırdı ki, Sumqayıt Dövlət Universitetinin həyətində şəhidlik zirvəsinə ucalan tələbə-məzunların xatirələrini əbədiləşdirmək üçün abidə kompleksi yaradılmış, həmçinin universitetin foyesində Tarix və coğrafiya fakültəsinin ərsəyə gətirdiyi “Şanlı Zəfərə gedən yol” stendinin də açılışı olmuşdur. Bu da tələbələrin vətənpərvər ruhda maariflənməsinə böyük stimuldur.
Rektor çıxışının sonunda Vətən müharibəsində həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir dilədi.
Konfransda Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti, Karyera Mərkəzinin müdiri Əmirxan İsayev “27 sentyabr 2020-ci il – Azərbaycan xalqının haqq savaşının başlanğıcıdır”, Dünya iqtisadiyyatı və marketinq kafedrasının professoru Şəfa Əliyev “44 günlük Vətən müharibəsindəki Şanlı Zəfəri şərtləndirən iqtisadi amillər”, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının dosenti Cavid Məmiyev “Torpaqlarımızın düşmən işğalında olduğu dövrdə və Vətən müharibəsinin gedişində diplomatik uğurlar”, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti, SDU Gənc Alimlər Şurasının sədri Xəyalə Mürsəliyeva “Qarabağ həqiqətləri: ikili standartlar və reallıqlar”, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti, THİK-nın sədri Nemət İbayev “Vətənə oğul olan igidlərimizə və onların ailələrinə qayğı Azərbaycan dövlətinin prioritetidir” mövzularında məruzələrlə çıxış etdilər. Bildirdilər ki, düz bir il öncə, 27 sentyabr 2020-ci il tarixə İkinci Vətən müharibəsinin başlanması, Böyük Qələbə və Tarixi Zəfərə gedən yol kimi düşdü. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçdiyi şanlı döyüş yolu, böyük Zəfərin qazanılmasında qardaş Türkiyənin göstərdiyi siyasi-mənəvi dəstəyi yüksək dəyərləndirildi. Qeyd edildi ki, 17 il ərzində Azərbaycanın Silahlı Qüvvələrində aparılan islahatlar, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğundakı davamlı fəaliyyətinin nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.
Bu gün Vətən müharibəsi adı verdiyimiz bu müqəddəs savaşda xalqımız və ordumuz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında birləşərək, dəmir bir yumruğa çevrildi.
 
Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az