Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru professor Elxan Hüseynovun 2021-2022-ci tədris ilində tələbə adı qazanan gənclərə təbriki
SDU-nun rektoru professor Elxan Hüseynovun 2021-2022-ci tədris ilində tələbə adı qazanan gənclərə təbriki
Əziz birinci kurs tələbələri! 2021-2022-ci tədris ilinin başlanması münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir və SDU-nun tələbələri olaraq təhsilinizdə uğurlar arzulayıram. Sizləri daima Sumqayıt Dövlət Universitetinin adını uca tutmağa və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrinizi verməyə çağırıram.
Əziz tələbələr! Siz bu gündən həyatınızın mühüm bir mərhələsinə qədəm qoyursunuz. Bu illər ərzində ömrünüzün ən mənalı dövrünü yaşayacaq, bunu sonralar dəyərləndirəcək, xatirələrinizdə canlandıracaqsınız. Çalışın, universitetdə sizin üçün yaradılan şəraitdən səmərəli istifadə edərək Sumqayıt Dövlət Universitetinin adına hər zaman şərəf və şöhrət gətirəsiniz.
Tələbəlik illəri insan ömrünün ən unudulmaz dövrüdür. Bu illər ərzində universitet kollektivi olaraq çalışacağıq ki, üzünüzə elmin qapılarını açaraq, sizləri yüksəksəviyyəli mütəxəssislər kimi yetişdirək. Bunun üçün universitetə yeni, müasir laboratoriya avadanlıqları alınmış, elektron elmi kitabxana, tələbələrimizin praktiki biliklərini möhkəmləndirmək üçün açıq səmada elektroenergetika üzrə Tədris muzeyi və yüksək gərginlikli yarımstansiya – Tədris poliqonu yaradılmışdır. Son bir neçə il ərzində tələbələrimizin bir qrupunun beynəlxalq müsabiqə və elmi konfranslarda iştirak etmək üçün dünyanın bir sıra universitetlərinə göndərilməsinə nail olunmuşdur. Tələbələrin semestr və kurs imtahanlarında əldə etdikləri nəticələr göstərir ki, zəhmətimiz hədər getməyib.
Hər bir uğurlu kadr həm də təhsil aldığı universitetin səfiri, elçisidir. Ümid edirəm ki, qarşıdakı illərdə əldə edəcəyiniz nailiyyətlər universitetin şərəf kitabına yazılacaq. Siz qürurla Sumqayıt Dövlət Universitetini seçdiyiniz kimi, biz də tələbələrimiz olaraq sizinlə fəxr edəcəyik.
Əziz tələbələr! Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə Prezidenti, yenilməz sərkərdə cənab İlham Əliyevin siyasi müdrikliyi və qətiyyətli iradəsi, əsgər və zabitlərimizin mərdliyi və igidliyi, xalq-iqtidar-ordu birliyi sayəsində dədə-baba torpaqlarımız düşmən işğalından azad edildi. Yüksək fəxarət hissi ilə qeyd etmək istərdim ki, erməni əsarətindən qurtulmuş əzəli torpaqlarımızda üçrəngli Zəfər bayrağını ucaldanlar sırasında dogma universitetimizin tələbə-məzunları da vardır. Qazanılan Qələbə təkcə 2020-ci ilin deyil, son əsrlərin ən möhtəşəm zəfəri oldu! Bu Zəfər döyüşündə Sumqayıt Dövlət Universitetinin də onlarla məzunu, tələbəsi, işçisi onların ailə üzvləri qəhrəmanlıqla döyüşdü, şücaət göstərdi, qalib əsgər adını qazandı. Vətən müharibəsində qazanlan Qələbə həm də minlərlə şəhidlərimizin qanı bahasına başa gəldi. Şəhidlərimizin ruhu qarşısında dərin hörmət və ehtiramla baş əyir, onların əziz xatirəsini birlikdə anırıq.
Zəfər ilində tələbə adını daşımaq hər bir kəs üçün şərəflidir. Əziz tələbələr! Siz sabahın peşəkar mütəxəssisləri, müstəqil dövlətimizi möhkəmləndirəcək, xalqımızın parlaq gələcəyini təmin edəcək ölkə vətəndaşlarısınız. Bu çətin günlərdə – pandemiya dönəmində təntənəli “Bilik
günü” keçirə bilməsək də, sevincinizə şərik olaraq sizə cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm! Əminəm ki, xalqımızın birliyi nəticəsində biz pandemiya sınağından da üzüağ çıxa biləcəyik və yenidən tələbələrimizi doğma universitetimizdə qarşılayacağıq.
Sonda sizləri bu çətin pandemiya günlərində digər insanlara nümunə olmağa çağırıram və sizi, sizin simanızda tələbə adını qazanan bütün gəncləri, onların valideynlərini, müəllimlərini təbrik edir, möhkəm cansağlığı, uğurlar arzu edirəm! Qoy ulu tanrı hər zaman sizə yar olsun!
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az