Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşları şəhid məzun Rəşad Mikayılzadənin xatirəsinə inşa edilmiş Şəhid bulağının açılışında iştirak etdilər
SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşları şəhid məzun Rəşad Mikayılzadənin xatirəsinə inşa edilmiş Şəhid bulağının açılışında iştirak etdilər
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması artıq Sumqayıt Dövlət Universitetində ənənə halını alıb. Ənənənin davamı olaraq universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin nümayəndələri sentyabrın 30-da Bakının Maştağa qəsəbəsində şəhid məzunumuz Rəşad İlham oğlu Mikayılzadənin xatirəsinə inşa edilmiş bulağın açılışında iştirak etdilər.
Əvvəlcə bulağa gül dəstələri düzüldü və şəhidin əziz xatirəsi ehtiramla yad edildi.
Açılış mərasimində Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin doğmaları, döyüş yoldaşları, hüquq-mühafizə orqanlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri və Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakultəsinin dekanı dosent Aynurə Yəhyayeva, dekan müavini, baş müəllim Araz Mirzəbəyov, kafedra müdiri dosent Loğman Abdullayev, baş müəllim Şəlalə Məmmədova, 3-cü kurs tələbəsi Tacir Əlizadə iştirak etdilər.
Mərasimdə şəhid Rəşad İlham oğlu Mikayılzadənin valideyni onun qısa, şərəfli həyat yolundan, Vətən müharibəsində göstərdiyi igidliklərdən söz açıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdi.
Fakültənin dekanı dosent Aynurə Yəhyayeva çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qısa müddətdə Vətən müharibəsində qazandığı tarixi qələbədən söz açdı. Bildirdi ki, erməni işğalına qarşı Zəfər Qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsi hər bir azərbaycanlı gənc üçün əsl qəhrəmanlıq məktəbi olub. Könüllü olaraq Milli Ordumuzun sıralarına qoşulan yüzlərlə lənkəranlı gənc də bu müharibədə düşmən ordusunun darmadağın edilməsində yüksək əsgəri rəşadət nümayiş etdirdi. Azərbaycan xalqının böyük oğlu, Ali Baş Komandan cənab İlham Əliyevin çağırışı ilə ayağa qalxan bu gənclər “hər şeydən öncə Vətən” deyərək cəbhəyə yollanıb, işğal altında olan şəhər və kəndlərimizin azad olunmasında fəal iştirak etdilər. 44 günlük Vətən müharibəsində neçə-neçə qəhrəman əsgər və zabitlərimiz öz canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Onlardan biri də tələbəmiz olmuş Rəşad Mikayılzadədir. Dosent Aynurə Yəhyayeva onu da qeyd etdi ki, qürur hissi keçiririk ki, həmin gənclər arasında Sumqayıt Dövlət Universitetinin də yetirmələri var. Dekan, tələbəsi olmuş Rəşad Mikayılzadə haqqında danışaraq, onun vətənpərvər, nümunəvi tələbə olduğunu bildirdi.
Qeyd edək ki, əslən Lerik rayonunun Camaşayır kəndindən olan Rəşad İlham oğlu Mikayılzadə 30 sentyabr 1995-ci ildə Bakı şəhəri Yasamal rayonunda anadan olmuşdur. Evin tək övladı olan Rəşad uşaqlıq illərini Yasamal rayonunda keçirib. 2002-ci ildə Nəsimi rayon 240 saylı tam orta məktəbin 1-ci sinfinə gedib. Rəşad həm təhsili, həm də tərbiyəsi ilə fərqləndiyindən şəkli oxuduğu məktəbdə şərəf lövhəsinə vurulub. 5-ci sinfi başa vurduqdan sonra təhsilini Sabunçu rayonu 311 nömrəli məktəbdə davam etdirib. 2013-ci ildə orta təhsilini başa vurduqdan sonra Sumqayıt Dövlət Universitetinin Maliyyə və mühasibat uçotu ixtisasına qəbul olub. 2015-ci ildə keçirilən ilk Avropa Oyunlarında könüllü iştirak etdiyinə görə təşəkkürnamə ilə təltif edilib. Rəşad Mikayılzadə 2019-cu ildə Yasamal rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Dost-tanışları arasında, qohum-qonşuları arasında böyük hörmət və sevgi qazanan Rəşad xidmət etdiyi hərbi hissədə də komandirlərinin və əsgər yoldaşlarının sevimlisi olub. Nümunəvi xidmətinə görə 2020-ci ildə fəxri fərmanla təltif edilib. Rəşad 2020-ci il 27 sentyabrdan etibarən başlayan II Qarabağ müharibəsinin ilk günündən döyüşdə iştirak edib. Döyüş yolunu Füzulidən başlayan Rəşad böyük şücaətlər və qəhrəmanlıqlar göstərib. Daha sonra Xocavənd istiqamətində gedən şiddətli döyüşlərə qatılıb. Düşmənə sarsıdıcı zərbələr endirməklə və xeyli sayda canlı qüvvəsini məhv etməklə adını qızıl hərfərlə tarixə yazıb. Qəhrəman Rəşad 9 noyabr 2020-ci il tarixində canından və qanından keçərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən şiddətli döyüşlərdə şəhadətə yüksəlib. Həmin ayın 21-də nəşi Bakı şəhərinə gətirilib və II Fəxri xiyabanda torpağa tapşırılıb. Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Rəşad İlham oğlu Mikayılzadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olumasına görə", “ Füzulinin azad olunmasına görə” və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin! Vətən sağ olsun!
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az