Əsas səhifə | Xəbərlər | İqtisadçı alimlərimiz onlayn formatda dəyirmi masada iştirak etdilər
İqtisadçı alimlərimiz onlayn formatda dəyirmi masada iştirak etdilər
Oktyabrın 7-də Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat kafedrasının Ufa Dövlət Neft Texniki Universitetinin İqtisadi təhlükəsizlik, Belarusiya Milli Texniki Universitetinin Menecment kafedralarının birgə təşkilatçılığı ilə «Qloballaşma və beynəlxalq qeyri-sabitlik şəraitində milli iqtisadiyyatların inkişaf istiqamətləri: problemlər, risklər, perspektivlər» adlı onlayn formatda dəyirmi masa keçirildi.
Ufa Dövlət Neft Texniki Universitetinin Biznes və Kreativ İndustriya Ekosistemi İnstitutunun direktoru, Başqırdıstan Respublikasının əməkdar elm xadimi, Rusiya Federasiyasının ali peşə təhsilinın fəxri işçisi prof. Solodilova Natalya Zinovyevna tədbir iştirakçılarını salamladı, Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat, Ufa Dövlət Neft Texniki Universitetinin İqtisadi təhlükəsizlik kafedraları arasında dəyirmi masaların mütəmadi keçirilməsinin təqdirəlayiq hal olduğunu, bu görüşlərə digər ali məktəblərin müvafiq kafedralarının də maraq göstərməsini qeyd etdi. Bildirdi ki, bugünkü görüşə Belarusiya Milli Texniki Universitetinin Menecment kafedrasının qoşulması bunun əyani sübutudur. Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat, Ufa Dövlət Neft Texniki Universitetinin İqtisadi təhlükəsizlik kafedralarının başlatdıqları elmi görüşlər silsiləsinin formatının genişlənməsindən məmunluğunu, bugünkü dəyirmi masanın bütün tədbir iştirakçıları üçün faydalı olacağına inamını bildirdi.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos. Aynurə Yəhyayeva tədbir iştirakçılarını salamladı, tədbirin əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, dəyirmi masanın keçirilməsində məqsəd Sumqayıt Dövlət Universiteti ilə Ufa Dövlət Neft Texniki Universiteti arasında əməkdaşlıq haqqında imzalanmış müqavilələrin müddəalarının reallaşdırılması, həmçinin Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat kafedrasının beynəlxalq əlaqələrinin genişləndirilməsi, universitetlərin müvafiq kafedraları arasında elm-tədris əlaqələrinin dərinləşdirilməsidir.
Dekan dos. Aynurə Yəhyayeva onu da diqqətə çatdırdı ki, ötən əsrin sonlarında Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatda böyük təkamül yolunu inamla keçərək, sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya və dərin islahatlar ölkəmizin iqtisadi qüdrətinin daha da artacağına, müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinin formalaşacağına zəmin yaradıb. Ölkə Prezidentinin “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə müvafiq Sərəncamında da bu məsələyə mühüm istiqamət kimi yanaşılıb. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək.
SDU-nun İqtisadiyyat kafedrasının müdiri dos. Lalə Mahmudova iştirakçıları salamladı, qloballaşma və beynəlxalq qeyri-sabitlik şəraitində milli iqtisadiyyatların üzləşdikləri problemlərin təhlilinin, yaranan risklərin qiymətləndirilməsinin, inkişaf perspektivləri və istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğuladı.
Ufa Dövlət Neft Texniki Universitetindən İqtisadi təhlükəsizlik kafedrasının müdiri i.e.n., dos. Olqa Vladimirovna Mamatelaşvili “Müasir iqtisadiyyatın riskləri”, Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat kafedrasının baş müəllimi Məhəmməd Əhmədov “Davamlı və ardıcıl inkişafın əsas xüsusiyyətləri”, Belarusiya Milli Texniki Universitetinin Menecment kafedrasının dosenti Aleksandr Vasilyeviç Kovalyov “Qeyri-sabit dünyada pul institutu: alternetivlərin axtarışı” mövzusunda çıxış etdilər.
Məruzə ətrafında qlobal iqtisadiyyatın davamlı inkişafı müzakirə edildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az