Əsas səhifə | Xəbərlər | Milli Qurtuluş günü qeyd olundu
Milli Qurtuluş günü qeyd olundu

Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılmış 15 İyun-Milli Qurtuluş günü Sumqayıt Dövlət Universitetində təntənəli şəkildə qeyd olundu.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin büstü önünə tər güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Universitetin rektoru, professor Elxan Hüseynov çıxışında bildirdi ki, Heydər Əliyev siyasəti azərbaycançılıq ideologiyası, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gücləndirilməsi və reallaşmasına yönələn dəyərləri əhatə etdi. Başqa sözlə, dahi siyasətçinin titanik səyləri nəticəsində XX əsrin 70-ci illərində elə bir tarixi bünövrə yaradılırdı ki, onun möhkəm dayaqları üzərində gələcəkdə müstəqil Azərbaycan qurulmalı, Azərbaycanın tamamilə yeni tarixinin əsası qoyulmalı idi və nəticədə dahi rəhbər bu məqsədinə nail oldu.
Rektor vurğuladı ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı elə bir dövrə  təsadüf edirdi ki, daşnakların “Böyük Ermənistan” yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı.  Bu zaman isə Azərbaycan iqtidarında olan Xalq Cəbhəsinin səriştəsiz fəaliyyəti ölkəni daha da ağır duruma salmışdır. Xalq xilas yolunu Heydər Əliyevin ölkəyə rəhbərliyində gördüyü halda iqtidarda olan və olmayan Xalq Cəbhəsi üzvləri, habelə hakimiyyəti itirmiş qüvvələr və onların əlaltıları arasında didişmə, satqınlıq, xəyanət yolu ilə hətta Azərbaycanın müstəqilliyi bahasına hakimiyyəti ələ keçirmək cəhdləri baş alıb gedən zaman Gəncədə 1993-cü il iyun qiyamı vəziyyəti daha da ağırlaşdırdı.  Surət Hüseynovun rəhbərlik etdiyi hökumətə tabe olmayan bir qrup zabit “hərbi birlik” yaratmışdır. 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. Fəlakətin yaxınlaşdığını hiss edən ölkənin qabaqcıl ziyalıları dəfələrlə Naxçıvana gedərək Ulu öndərin yenidən böyük siyasətə qayıtmasını təkidlə xahiş edirdilər. 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı-alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər “Səs” qəzeti vasitəsilə Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdilər.
Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd edən rektor bildirdi  ki, 22 il əvvəl - xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoydu. Məhz bu tarixi qayıdış Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu başlandı. Heydər Əliyevin böyüklüyünü, dünya miqyaslı lider olduğunu onun siyasi rəqibləri də açıq etiraf edirlər. Düşünürəm ki, zaman keçdikcə onun Azərbaycan xalqı üçün etdiyi xidmətlər, gördüyü tarixi işlər daha aydın dərk ediləcək, Qafqaz regionu, MDB məkanı üçün əhəmiyyəti layiqincə qiymətləndiriləcək, tarixi irsi, idarəçilik, dövlət quruculuğu təcrübəsi, cəmiyyətdə sülhü, sabitliyi təmin etmək səriştəsi Azərbaycan və dünya siyasi elmi tərəfindən öyrəniləcək, tədqiq ediləcək, ümumiləşdiriləcək, dünya politoloji fikrin qiymətli nailiyyətlərinə, tədqiqat obyektinə çevriləcək.
Bu gün belə bir möhtəşəm tədbirin Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində keçirilməsi 15 il bundan öncə 2000-ci il iyun ayının 13-də ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Təhsil Sisteminin Təkmilləşdirilməsi haqqında” fərmanı ilə milli təhsilimizə əvəzolunmaz töhfəsidir. Bu tarixi sənədlə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universiteti yaradıldı. Bu müdrik siyasi xadimin əsas məqsədi millətini   savadlı, bacarıqlı və böyük siyasi-iqtisadi gücə malik bir dövlət kimi qüdrətli dövlətlər sırasında görmək  idi.
Rektor vurğuladı ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla  gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Ölkəmiz daha bir möhtəşəm tədbirə- I Avropa Oyunlarına ev sahibliyi edir. Dünyanın 60-dan çox ölkəsindən tanınmış idmançıları Odlar Yurduna təşrif buyururlar. Nüfuzlu ictimai-siyasi xadimlər Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın qüdrətini etiraf edirlər. Mən əminəm ki, idmançılarımız I Avropa Oyunlarında ölkəmizi layiqincə təmsil edərək bayrağımızı zirvələrə qaldıracaqlar.
Qədim dünya və orta əsrlər tarixi kafedrasının baş müəllimi  Nofəl Abdullayev “Milli Qurtuluş günü müstəqil Azərbaycanın intibahının başlanğıcıdır” mövzusunda məruzə ilə çıxış etdi. Qeyd etdi ki, Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi dövlətimizin iqtisadi qüdrəti durmadan artır, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, ölkəmizdə ictimai-siyasi sabitlik möhkəmlənir, xalqımızın sosial rifahı günbəgün yaxşılaşır, mötəbər tədbirlərə ev sahibliyi edir.
Universitetin Tədris hissəsinin əməkdaşı, şair-publisist Əvəz Mahmud Lələdağ “Azərbaycanı ağır sınaqdan üzüağ çıxaran Heydər Əliyev dühası” mövzusunda çıxış etdi və Ulu öndərə həsr etdiyi poemadan bir parça səsləndirdi.
Riyaziyyat fakültəsinin magistrantı İranə Abdullayeva  Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıtması nəticəsində Azərbaycan xalqının xaos və anarxiyadan, dövlətçiliyini itirmək təhlükəsindən xilas olunduğunu qeyd etdi. Sonda “15 İyun-Qurtuluş günü” haqqında sənədli film nümayiş olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az