Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da tarixçi alim Bəhram Məmmədlinin xatirəsi yad edildi
SDU-da tarixçi alim Bəhram Məmmədlinin xatirəsi yad edildi
Ulu öndər Heydər Əliyev deyirdi: “Müəllimlik sənəti, peşəsi cəmiyyətdə ən yüksək qiymətə layiq olan bir peşədir. Müəllim olmaq kimi şərəfli bir iş yoxdur. Mən müəllimdən yüksək ad tanımıram”.
Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyətimiz ən əziz, ən qiymətli sərvətini, öz gələcəyini müəllimə etibar edir və onun qarşısında belə bir vəzifə qoyur: “Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək”. Bu, Azərbaycan müəllimlərinin həyata keçirməli olduğu müqəddəs bir vəzifə, ilahi bir missiyadır. Cəmiyyət tərəqqi, inkişaf, mədəni yüksəliş üçün məhz müəllimlərə borcludur. Ulu öndər Heydər Əliyev deyirdi: “Müəllimlik sənəti, peşəsi cəmiyyətdə ən yüksək qiymətə layiq olan bir peşədir. Müəllim olmaq kimi şərəfli bir iş yoxdur. Mən müəllimdən yüksək ad tanımıram”. Müəllimlik peşəsi şərəfli olduğu qədər də məsuliyyətli, çətin və mürəkkəb bir işdir. Müdriklərdən biri deyib ki, müəllim o kəs deyil ki, öyrədir, o kəsdir ki, ondan öyrənirlər. Bəhram müəllim də bu sənətin ən layiqlisi olmuşdur. Buna görədir ki, hər dəfə adının qarşısında Müəllim sözü böyük hərflərlə yazılır. Hər tələbəyə borcdur ki, Müəlliminin əlamətlərinə sahib çıxmağı, Müəlliminin əziz bildiklərini əziz tutmağı bacarsın.
Müəllim... Görəsən, bu adı özünə mayak edən, öz müəlliminin hər addımında özünə səcdəgah tapan necə şagird, neçə tələbə olar?!
Oktyabrın 18-də Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının sabiq dosenti Bəhram Məmmədlinin 75 illik yubileyinə həsr olunmuş “Qəlblərdə yaşayan MÜƏLLİM” adlı anım tədbiri təşkil edildi. Anım tədbirində alimin yaxınları ilə yanaşı, qələm dostları, tarixçi alimlər və tələbələri iştirak etdilər.
Əvvəlcə “Bəhram Müəllim kimdir?” adlı videoçarx nümayiş olundu.
Tədbirdə Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev Sumqayıt Dövlət Universitetində elm xadimlərinə göstərilən diqqət və qayğıdan söz açaraq bildirdi ki, əlamətdar günlərin, yubiley tədbirlərinin keçirilməsi alimlərimizin fəaliyyətinə verilən dəyər olmaqla yanaşı, həm də gənc tədqiqatçılar üçün stimulverici addımdır. Qeyd etdi ki, Bəhram Məmmədli tanınmış alim olmaqla yanaşı, çox gözəl bir pedaqoq idi. Dekan alimin elmi fəaliyyətinə qısa nəzər saldı. Bildirdi ki, Bəhram İdris oğlu Məmmədli 1946-cı ildə Füzuli rayonunun Böyük Pirəhmədli kəndində qulluqçu ailəsində anadan olub. 1952-ci ildə Füzuli rayonunda orta məktəbin birinci sinfinə daxil olub, sonra təhsilini Ağdam şəhər 5 saylı orta məktəbdə davam etdirmiş, 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinə qəbul olmuşdur. 1970-ci ildən 1981-ci ilə kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1981-ci ildə Füzuli rayon Tarix–diyarşünaslıq muzeyinin müdiri işləmiş, 1986-cı ildə Azərbaycan SSRİ Elmlər Akademiyasının Tarix İnstitutunda “30-cu illərdə Azərbaycanda kəndlilərin maddi rifah halının və mədəni-texniki səviyyəsinin yüksəldilməsi uğrunda mübarizə” mövzusunda dissertasiya işi müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 20-dən çox elmi məqalə və kitabın müəllifidir. 2003-cü ildən Sumqayıt Dövlət Universitetində Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti vəzifəsində işləmiş, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il noyabrın 12-də verdiyi Sərəncamla “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Bəhram müəllimin əməyi həmişə universitetin rektoru professor Elxan Hüseynov tərəfindən yüksək qiymətləndirilmiş və fəxri fərmanla təltif olunmuşdur.
SDU-nun Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov Bəhram Məmmədlinin şərəfli ömür yolundan, Azərbaycan elminə, xüsusilə tarix elminə verdiyi töhfələrdən, ictimai-siyasi fəaliyyətindən, elmi yaradıcılığından geniş bəhs edərək bildirdi ki, xatirə gecəsinin təşkili Bəhram müəllimin əməyinə olan ehtiramın nümunəsidir. Onun yorulmaz fəaliyyəti gənclərimizə nümunə olmaqla yanaşı, daha səylə çalışmalarına stimuldur.
Alimin ömür-gün yoldaşı Məşuqə xanım Bəhram Məmmədli ilə bağlı xatirələrini bölüşdü. Bildirdi ki, Bəhram Məmmədli görkəmli alim olmaqla yanaşı, gözəl insan, əsl dost, sevən və sevilən ailə başçısı idi.
Alimin ailəsi adından çıxış edən oğlu Elmin müəllim tədbirin keçirilməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi.
Sonra tələbələrin hazırladığı Bəhram Məmmədlinin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olundu.
Tədbirin sonunda fakültə dekanı professor Adil Baxşəliyev müəllimlərimizin əməyinə verilən diqqət və qayğıya, həmçinin universitetdə belə tədbirlərin keçirilməsinə yaratdığı hərtərəfli şəraitə görə SDU-nun rektoru professor Elxan Hüseynova tədbir iştirakçıları adından minnətdarlığını bildirdi.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az