Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Zəfər – milli qürurumuzun təntənəsi” mövzusunda onlayn formatda elmi-praktik konfrans keçirildi
SDU-da “Zəfər – milli qürurumuzun təntənəsi” mövzusunda onlayn formatda elmi-praktik konfrans keçirildi
Noyabrın 4-də Sumqayıt Dövlət Universitetində “Zəfər – milli qürurumuzun təntənəsi” mövzusunda onlayn formatda elmi-praktik konfrans keçirildi.
Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq, 44 günlük Vətən müharibəsinin Azərbaycanın dövlətçilik tarixindəki və dünyanın hərb tarixindəki mövqeyindən, Ulu öndərin uzaqgörən ordu quruculuğu siyasətindən və bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə məntiqi nəticəsi olan Şanlı Zəfərin tarixindən danışdı, iştirakçıları qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik etdi, Qələbənin doğurduğu nəticələrin qorunması üçün belə konfransların keçirilməsinin əhəmiyyətini vurğuladı. Bildirdi ki, dövlətçilik tariximizi şərəfləndirən bayram günləri ilə zəngin noyabr ayı indi bizim üçün daha da əlamətdardır. Çünki Prezident cənab İlham Əliyevin digər Sərəncamı ilə hər il noyabrın 8-i respublikamızda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Bununla da, Azərbaycan Respublikasının dövlət bayramlarının sırasına biri də əlavə olundu.
Rektor onu da qeyd etdi ki, sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən II Qarabağ müharibəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Zəfər salnaməsini yazdı. Dövlət başçısının qəti iradəsi və müdrik xarici siyasəti, müzəffər ordumuzun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində erməni işğalçıları həm hərbi, həm də siyasi meydanda ağır məğlubiyyətə uğradıldı, böyük qələbə qazanılaraq tarixi ədalət bərpa olundu, xalqımızın inamı özünə qaytarıldı. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri ordumuzun inamlı qələbəsi ilə icra edildi. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Tarix və coğrafiya fakültəsinin dekanı professor, Əməkdar müəllim Adil Baxşəliyev “Zəfərə aparan yol Prezident cənab İlham Əliyevin müasir ordu quruculuğunun nəticəsidir”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi Samir Məhərrəmov “İqtidar – xalq birliyi qələbəmizin təntənəsidir”, Maliyyə və mühasibat uçotu kafedrasının assistenti, i.f.d Dilarə Əmiraslanova “İqtisadi gücümüz şanlı Zəfərimizin təməlidir”, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının baş müəllimi Afət Rəfiyeva “Zəfərə aparan yolda haqq işimizin dünyaya çatdırılmasında Prezident İlham Əliyevin beynəlxalq media qurumlarına verdiyi müsahibələrin rolu”, SDU-nun Tələbə Elmi Cəmiyyətinin sədri, Biologiya və onun tədrisi metodikası kafedrasının dosenti Lalə Bünyatova “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi Zəfərə aparan yolun başlanğıcıdır” mövzularında məruzə ilə çıxış etdilər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq göstərişi ilə 27 sentyabr tarixində düşmən təxribatına cavab olaraq keçirilən əks-hücum əməliyyatı ilə başladılan, tarixə qəhrəmanlıq salnaməsi kimi daxil olan, torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpa edilməsi ilə nəticələnən Vətən müharibəsi barədə danışdılar. Xalqın amalı, birliyi və iradəsi ilə Vətən müharibəsində yazılan yeni şanlı tarixin haqq və bəşəri ədalət nümunəsi olduğunu vurğuladılar. Qeyd etdilər ki, Prezident cənab İlham Əliyevin müharibənin gedişində xalqımıza müraciətləri və xarici media nümayəndələrinə verdiyi müsahibələr, vətəndaşlarımızın sosial şəbəkələrdə aktivliyi, eləcə də alimlərimizin beynəlxalq konfranslarda Ermənistanın təcavüzünü dilə gətirmələri, mətbuatda məqalələrlə çıxış etmələri nəticəsində Azərbaycan nəinki hərb meydanında, o cümlədən informasiya müharibəsində düşmənə qalib gəldi.
Konfransda şəhidlərimizin əziz xatirəsi yad edildi, şəhid ailələrinə səbir diləndi, yaralılarımıza və qazilərimizə cansağlığı arzulandı.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az